İdman 14:40 26.11.2021

"Sabah" futbolçuların geyiminə, "Neftçi" azarkeşlərinə görə cərimələndi

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qaynarinfo xəbər verir ki, iclasda Premyer Liqanın 11-ci turu çərçivəsində keçirilən matçlarda qaydaları pozanlar cəzalandırılıblar. 

"Qarabağ” – "Keşlə” matçdan dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün Ağdam klubu 1600 manat cərimələnib. 

"Neftçi” – "Sabah” oyununda isə "Neftçi" ümumilikdə 3200 manat cərimə olunub. Meydana kənar əşya atılmasına görə 1600 manat cərimələnən klub, oyundan sonra meydana azarkeş girdiyi üçün eyni məbləğdə pul ödəyəcək.  Həmin görüşdə "Sabah” da cərimələnib. Paytaxt təmsilçisi oyunçularının geyimlərindəki qüsurlara görə matçın  gec başlamasına səbəb olduğu üçün büdcəsindən 800 manat ödəyəcək. Baş məşqçisi Murad Musayev isə "A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə "Sabah"a xəbərdarlıq olunub.

"Qəbələ” – "Sumqayıt” oyununda qonaqların 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində "sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.

Səbuhi Həsənov