İdman 23:09 17.06.2022

"Sabah"ın yeni transferi: "İstəkli və iddialı kluba gəldiyimi bilirəm"

"Sabah” növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir.
 
Qaynarinfo xəbər verir ki, komandanın növbəti transferi Azərbaycan millisinin üzvü Namik Ələskərov oldu. Son mövsümü Türkiyənin "Bursaspor” klubunda keçirən 27 yaşlı yarımmüdafiəçi keçidi ilə bağlı ilkin təəssüratlarını klubun mətbuat xidmətinə açıqlayıb:

"İstəkli və iddialı kluba gəldiyimi bilirəm. Əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam ki, "Sabah”ın uğurlarında böyük pay sahibi olum. Əsas hədəfim ilk növbədə klubumla çempionatda qarşımıza qoyulan hədəfə çatmaq və bununla yanaşı, şəxsi göstəricilərimi də inkişaf etdirməkdir”.

Namik həmçinin "Sabah” azarkeşlərinə də müraciət edib. O, klubun tərəfdarlarını stadiona səsləyib:

"Azarkeşlərə demək istəyirəm ki, oyunlarımıza gəlsinlər və bizi sona qədər dəstəkləsinlər. Biz futbolçular da meydandakı oyunumuzla bunun qarşılığını verməyə çalışacağıq”.

Ələskərovla 3 illik müqavilə bağlanıb.
 
Səbuhi Həsənov