İdman 10:12 27.01.2022

Şahin Diniyev: “Antalyada gördüklərim belə deməyə əsas verir...”

Qış fasiləsində Antalyaya klublarımızla yanaşı, Məşqçilər Komitəsinin (MK) üzvləri – Şahin Diniyevlə, Əsgər Abdullayev də yollanmışdı. Qardaş ölkədə klubların hazırlıqlarını izləyən məşqçilərimiz bir sıra yoldaşlıq görüşlərində olub, məşqlərə baxıb, əcnəbi mütəxəssislərlə müəyyən məsələlər ətrafında söhbətlər aparıb.

MK-nın xaricə yollanan üzvlərindən Diniyev Qaynarinfo-ya təəssüratlarını bölüşüb. 

"Məşqçilər Komitəsinin üzvlərindən Əsgər Abdullayevlə Türkiyəyə getmişdik. Ağasəlim Mircavadovla Vaqif Sadıqov 60+ risk qrupuna daxil olduqları üçün Bakıda qalmışdılar. Antalyada ayın 15-dən 22-nə qədər, 8 gün ərzində klubların oyunlarını, məşq proseslərini izlədik. Evdə qalan Ağasəlim Mircavadovla Vaqif Sadıqov "Səbail”lə "Keşlə”nin oyunlarına baxdılar. Klubların qış hazırlığı ilə bağlı hesabatımızı verməliyik. Biz orada olduğumuz müddətdə 6 komandamız vardı. 7 oyuna baxdıq. "Qarabağ”ın iki matçını yaxından izlədik. Üstəgəl, "Sabah”ın, "Zirə”nin, "Qarabağ”ın məşq proseslərinə də baxdıq. Bununla yanaşı, bilrisiniz ki, keçən il klubların baş məşqçiləri və prezidentləri ilə yığıncaq keçirmişdik. Bu il onlardan ikisi – "Sabah”ın baş məşqçisi Murad Musayevlə, "Sumqayıt”ın çalışdırıcısı Aleksey Baqa yenidir. Onlarla görüşdük, çünki fikirləri bizim üçün çox vacib idi. Baxışları, təəssüratları necədir, Azərbaycan futbolunda hansı problemlər var, ən çox nəyin üzərində işləməli olduğumuz məsələlər və s. ilə bağlı uzun söhbətlər etdik. Hər iki klubun həm rəhbərliyinə, həm mətbuat katiblərinə təşəkkür edirəm ki, bizim üçün görüşləri yüksək səviyyədə təşkil etdilər. Məhsuldar görüşümüz oldu. Deyim ki, hər iki məşqçi bizdə xoş təəssürat yaratdı. Klubların bugünkü durumuna baxmayaraq, nəyisə dəyişmək istədiklərini hiss etdik. Əsas da milli futbolçuların hansı səviyyədə olması, onların nəyin üzərində daha çox işləməsi, onların bu gün hansı fomada olması bizim üçün vacib idi”.

Veteran futbolçu izlədiyi klublar haqqında bunları söylədi:

"İlk növbədə deyim ki, klubların hazırlıqlarında çox müsbət şeylər gördüm. Meydançalar yaxşı, yoxlama görüşlərindəki rəqiblər güclü idi. Təlim-məşq toplanışları səviyyəli idi. Oyunçulara individual şəkildə qiymət vermək çox çətindir. Çünki bu gün klubların hər biri, təlim-məşq toplanışında daha çox fiziki hazırlığa üstünlük verdilər. Məşqçilər üçün ən vacibi o idi ki, istədiklərini futbolçulardan ala bilsinlər. Fubolçular yorğunluq fonunda oynayırdılar. Yorğun olanda da sürət itir, keyfiyyət azalır. Rəqiblər də güclü idi, bu məni sevindirirdi. Elə rəqib deyildilər ki, 5-6 qolla məğlub edəsən. Baxımlı fubol oynayırdılar. İnanıram ki, ikinci dövrədə bu hazırlığın nəticəsini görə biləcəyik”.

Bəzi klublarımız yeni transferlər həyata keçirdi. Maraqlıdır, bu transferlərdən hansı daha çox Diniyevin diqqətini çəkib:

"İndividual cəhətdən hansıa futbolçunu tam görmək mümkün deyildi. Baxırsan ki, komanda vururşur. Məsələn, gördüm ki, "Sabah” bu dəfə atletik üsluba, Rusiya futboluna yaxın oynamağa çalışdı. İndividual cəhətdən kimisə qeyd etmək mümkün deyil. Komandaların funksional hazırlıq keçdiyi bir yerdə nəyisə dəqiq demək çətindir. "Neftçi”də xeyli legionerlər var. "Qarabağ” yeni qapıçı transfer edib. Bununla yanaşı, mərkəzdə oynatmaq üçün Leandro Andradeni götürüblər. Hələlik onlar haqqında müsbət və ya mənfi rəy bildirmək tezdir”.

Maraqlıdır, fasilədən sonra Azərbaycan Premyer Liqasında hansısa fərqlilikləri görə biləcəyikmi:

"Məncə, bəli. Gördüklərim belə deməyə əsas verir. Hər bir komanda həqiqətən yaxşı səviyyədə hazırlaşırdı. Üstəlik sparrinq rəqiblər komandalarımıza zəif və ya güclü cəhətlərini göstərdi. Yaxşı futbol izləyə bildik. Sıradan rəqiblər deyildilər. Analizlərdən sonra yəqin ki, klublarımız zəif cəhətləri üzərində işləyəcək. Fikrimcə, klublarımız da aşağı səviyyəli oyun göstərmədi”.

Səbuhi Həsənov

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?