Xəbər lenti

Şair kimi doğulan “Xalq”ın müxbiri
Elman Eldaroğlu
Sənət 11:12 02.06.2019

Şair kimi doğulan “Xalq”ın müxbiri

Şairlik peşə deyil, İlahi təyinatdır. Bu təyinatla dünyaya gələn adam sözlə oynamağa məhkumdur. Daha doğrusu, sözlə "rəsm çəkməyə”, yeni poeziya nümunəsi yaratmağa. Jurnalist isə sıradan bir peşədir. Hər peşənin olduğu kimi jurnalistikanın da öz incəlikləri vardır. Bu gün sizə jurnalist işləyib, şairlik təyinatını icra edən Əli Nəcəfxanlıdan söhbət açmaq istəyirəm.

Deyir ki,- "Mənim ilk qələm təcrübəm şeirlə olub. Hələ ibtidai sinifdə oxuyarkən məndə şeir yazmağa böyük həvəs var idi. Şeirlərimə baxsın deyə məni Neft Akademiyasını bitirən və Elmi Tədqiqat İnstitunda işləyən mühəndis dayımın yanına aparırdılar. Bakı haqqında, neft haqqında şeir formasında analoji yazılar yazırdım və bu da məni ruhlandırırdı. Orta məktəbi bitirərkən şairlik məktəbi olmadığı üçün mən də ona yaxın bir sahəni, jurnalistikanı seçməyə qərar verdim və hazırda hər iki sahədə qələmimi sınayıram”…

O, "Xalq” qəzetinin Sumqayıt və cənub bölgəsi üzrə müxbiridir. Bütün ömrü boyu kimdənsə, nədənsə yazıb. Yazdıqca özü də, qələmi də püxtələşib. Necə deyərlər, əvvəlcə imzasını tanıtdırıb, indi də imzası onu tanıtdırır. Bir insan kimi də dəyərlidir. Zəhmətkeş ailədə dünyaya gəlib. Halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Dostluqda sədaqətli, mədəni, mehriban, gülərüz adamdır. Özünü sevdirməyi bacarır. Xeyir-şərdən, dəvət olunduğu tədbirlərdən heç vaxt geri qalmır. O ki, qaldı şairliyinə dostlardan biri yerində deyib: "Əli yaxşı şairdir, amma jurnalistika onu qələm sahibi kimi talayır.” Əslində insanın şairlik təyinatını hansı səviyyədə icra etdiyini dəyərləndirməkdən ötrü bir şeirini nəzərdən keçirmək kifayət edir. Gəlin onun "Bu payız özünə oxşamadı heç” şeiri ilə tanış olaq:

Bu payız özünə oxşamadı heç,
Eləcə vaxtını ötürdü, getdi.
Dünyanı güldürən gözəllikləri
Görməmişsayağı götürdü, getdi-
Bu payız könlümü oxşamadı heç...

Sarala-sarala ötüşdü gün-ay,
Arzu meyvələrim dada gəlmədi.
Qismətim olmadı eşq adlı günah,
Mənə bu payızdan "qada" gəlmədi-
Bu payız özünə oxşamadı heç...

Qarışdı ömrümün üzü-astarı,
Mənə olacaqlar əyan olmadı.
Görmədim döşünə döyən dostları,
Cücəni bu payız sayan olmadı-
Bu payız özünə oxşamadı heç...

Nə qapım açıldı, nə qaşqabağım,
Ovcum - göz yaşımın qəm piyaləsi.
Bu payızsonrası, bu qışqabağı
Məni yerə vurdu həsrət şələsi-
Bu payız özünə oxşamadı heç...

Ötdüm yana-yana gündə yanından,
Payızdan umanın payı zoğaldı...
Bu payız, gözəllik imtahanından
Kəsilib o biri payıza qaldı-
Bu payız özünə oxşamadı heç...

Gözəldir, eləmi? Başqa cür ola da bilməz. Çünki Əli Nəcəfxanlı İlahi təyinatı icra edir, şair doğulub...
Bu gün, iyunun 2-si Əli Nəcəfxanlının doğum günüdür. Bu münasibətlə onu təbrik edir, ona yaradıcılıq uğurları arzulayırıq.

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->