Saqqız və evdar kişilər…

Saqqız və evdar kişilər…

Vüsal Bağırlı

Bir fotoşəkil var. Elan da demək olar, poster də. Şəhərdə müxtəlif yerlərdə, nəqliyyatda, divarda, lövhələrdə rast gəlmək olar. Orada qırmızı rəngli yüngül ketlər geymiş ayaqlar təsvir olunub. Ayaqlardan birinin dabanı yüngülcə yuxarı qalxmışdır. Uzaqdan adama elə gəlir ki, ayada dikdaban tufli vardır. Aşağıda isə yazı görünür: "SAQQIZI yerə atmayın, evinizə qədər ayaq açar”. 

Xoşuma gəlir bu elan. Elan yox, daha doğrusu xəbərdarlıqdan. Bəli əlimizə keçən hər şeyi, yarımçıq çəkilmiş siqareti, boş plastik butulkanı, tərimizi, burnumuzu sildiyimiz salfeti, sellofan torbanı hara gəldi atırıq. Bu işi artıq sanki bir vərdişə çevirmişik. Yerə nəsə atmasaq, tullamasaq bağrımız çatlayar, ürəyimiz darıxar, yaşaya bilmərik. 

Saqqız isə bu zir-zibilin içində ən dəhşətlisidir. Çünki infeksiya mənbəyidir. Çünki istinin təsiri ilə bir andaca əriyir və iyrənc maddəyə dönərək yayılır, istənilən yerə yapışır, yaxılır və qopmur. 

O gün, oğlum Nurxan həyətdə oynayırdı. Bir də gördüm qaça-qaça gəlir. Ayağına saqqız bulaşmışdı. Yumşaq, qatı, iyrənc. Ayaqqabının içinə, corablara, şalvarın balağına yapışmışdı. Ovundan acgözlüklə yapışan səkkizayaqlı ilbizə bənzəyirdi. Əvvəl dırnağımla qaşımaq istədim, alınmadı. Salfetlə sildim xeyri olmadı. Uşağı evə aparmağa məcbur qaldım. 

Ey insanlar, ey vətəndaşlar, etməyin, eləməyin, çeynədiyiniz saqqızı yerə atmayın, skamyanın, oturacağın altına yapışdırmayın. Xahiş edirəm, onu salfetə bükün və yaxınlıqdakı zibil qabına tullayın. İş bu qədər sadə.

***

Adətən məhəllədə oturmağı xoşlamıram. Küçəyə çıxıram, gəzinti dövrəmi vurduqdan sonra evə qayıdıram. Lakin dünən uşaqlar gəzmək istəmədilər, həyətdə oynamağı israr etdilər. Məcbur olub, hasar boyu düzülmüş skamyalardan birində oturdum və təmiz hava ala-ala, ötüb –keçən insanları müşahidə etməyə başladım. Uşaqların başı isə oynamağa, ora-bura qaçmağa qarışdı. 

Bu zaman, təxminən 40-60 yaş arası bir neçə bığlı, saqqallı, bazburtlu kişi gəlib yanımda oturdu. Başladılar söhbətə. Söhbət nə söhbət.

Əvvəlcə, bloka sarı addımlayan əlvan donlu qadının qısa ətəklərini müzakirə etdilər. Qadın paltarının ətək uzunluğunun normativ həddini müəyyən etməyə cəhd göstərdilər. Sonra əl-ələ tutaraq yanımızdan ötən oğlanla qızın davranışını etik-əxlaqi kontekstdə diskussiyaya çıxardılar.

Növbəti söhbətin mövzusu daha geniş və əhatəli oldu. Kim kimlə evləndi, kim kimlə boşandı, dalaşdı, barışdı və sair. Zorən onlara qulaq yoldaşı olduğumdan, burada  yaşadığım beş il ərzində bilmədiklərimi, eşitmədiklərimi onca dəqiqəyə öyrənib bildim. 

İndiyə qədər tanımadığım, ötüb keçərkən uzaqdan-uzağa salamlaşdığım insanlar haqqında ətraflı məlumatlar əldə etdim.

Axırda hamısı mənə tərəf çevrilib, hamısı bir ağızla üzrxahlıq etdilər: üzlü say qonşu, bütün günahlar karantin rejimindədir. Anormal şərait, qadağalar, məhdudiyyətlər mərdi qova-qova namərd edir,  bizi evdar kişiyə döndərib. Görürsən də, işimiz-gücümüz boş-boş laqqırtı vurub, qeybət etməkdən o tərəfə keçmir...
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR