Foto 18:49 13.03.2018

Şarapovanın çəkdirdiyi foto rusları əsəbləşdirdi

Dünya şöhrətli rus tennisçi Mariya Şarapovanın "Instagram"da paylaşdığı foto narazılığa səbəb olub.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Şarapova anası ilə birlikdə ABŞ-da rəsm sərgisini ziyarət edib. Rəssam Casper Consun sərgisinə gedən ulduz tennisçi ABŞ bayrağını əks etdirən rəsm qarşısında anası ilə dayanaraq foto çəkdirib və bunu "Instagram" hesabından paylaşıb. ABŞ-dan olan izləyicilər tərəfindən rəğbət qazanan Şarapovanın bu addımını ruslar birmənalı qarşılamayıb. Bəziləri ABŞ bayrağı ilə çəkilən fotodan narahat olduqlarını bildirib, bəzi izləyicilər isə tablonu sənət kimi qiymətləndirərək Şarapovaya dəstək verib. 

Sabiq tennisçi Anna Çakvetadze məsələyə münasibət bildirib. O, "Şarapova sadəcə sənəti və muzeylərə gəzməyə gedir. Casper Cons da ölkənin qabaqcıl rəssamlarındandır. ABŞ bayraqlı bu rəsm də onun məşhur əsərlərindəndir. Bu, sadəcə sənət sevgisidir" fikirlərini səsləndirib.

Qeyd edək ki, Mariya Şarapova 2012-ci ildə London Olimpiya Oyunlarında Rusiya komandasının lideri olaraq açılış mərasimində ölkə bayrağını daşıyıb. 

30 yaşlı tennisçi qısa müddət bundan əvvəl uzun müddət birlikdə işlədiyi məşqçisi Sven Qroeneveld ilə yollarını ayırması ilə gündəmə düşmüşdü.

Gülşən