Xəbər lenti

Sarkozi - Qəzzafi məsələsi nələrə işıq salır?
Hüseynbala Səlimov
Siyasət 17:36 03.04.2018

Sarkozi - Qəzzafi məsələsi nələrə işıq salır?

Hüseynbala Səlimov

Builki Novruz bayramının son günlərinin ən maraqlı siyasi hadisələrindən biri heç şübhəsiz ki, Fransada eks-prezident N.Sarkozinin saxlanılması oldu – ona devrilmiş və öldürülmüş Liviya prezidenti M.Qəzzafidən vaxtilə öz seçki kampaniyasına dəstək kimi maliyyə yardımı almaq ittihamı irəli sürülmüşdü.

Əslində bu, yeni ittiham deyildi. Onu birinci dəfə Liviyada vəziyyət qarışarkən Qəzzafinin özü və oğulları dilə gətirmişdi. Sonradan Liviya diktatoru devrildi və qətlə yetirildi. Bir az sonra isə xəbər tutduq ki, bəs, Fransada müvafiq orqanlar da artıq bununla maraqlanmağa başlayıblar.

Sarkozinin ittihama ilk reaksiyasında bir az sarkazm, bir az da ironiya vardı. Eks – prezident birinci dəfə məsələni şərh edərkən demişdi ki, nə olsun, Qəzzafidən pul almışam, mən ki, axırda onu devirdim?!.

Təbii ki, Fransanın hüquq-mühafizə orqanları üçün bu izahat yetərli ola bilməzdi–axı, ölkənin Qəzzafini devirməklə bağlı hər hansı öhdəliyi yox idi və heç kim də Sarkozidən bunu xahiş etməmişdi.

Beləcə, proses başladı. Və biz fasilərlə onun ayrı-ayrı detalları haqqında eşitməyə başladıq. 

İndi belə təəssürat yaranır ki, inqilablar ölkəsinin prokurorları bu dəfə məsələyə ciddi girişiblər, Sarkozini Liviyadakı inqilaba görə olmasa da, hər halda, Qəzzafidən aldığı pullara görə cəzalandırmaq niyyətindədirlər və bununçün də xeyli araşdırma aparıblar.

Özümü Fransa siyasətinin və hüquq orqanlarının bilicisi kimi təqdim etmək fikrindən uzağam. Amma yaxşı xatırlayıram ki, Fransanın daha bir prezidentinə, J.Şiraka da bir vaxt maliyyə fırıldaqlığı ilə bağlı ittiham irəli sürülmüşdü, deyəsən, hətta ona şərti iş də vermişdilər...

İndi də bilmirəm ki, N.Sarkozi ilə məsələ necə bitəcək? O, məni yalnız bir aspektdən maraqlandırır: demokratik ölkələr və kiçik ölkələrin böyük iddialı diktatorları, onların ziddiyyətli təmasları...

Bilirsiniz, bu, çox maraqlı məsələdir. Hələ kompleks şəkildə heç kim onu xarici siyasətə və diplomatiyaya gətirməyib, baxmayaraq ki, burada, bu müstəvidə xeyli beynəlxalq qurumlar var və onların hamısında olmasa da, bir çoxunda münasibətlər həm də demokratiyaya və ya insan haqlarına sayğı ilə şərtlənir.

Amma əksər halda biz təzadlı mənzərələrin şahidi oluruq. Bir də görürsən ki, demokrarik Qərbin prezidentləri diktatorları öz ölkələrinə dəvət edir, ya da özləri onların ölkələrinə təşrif buyururlar, həmin despotları az qala, duz kimi yalayırlar. Təbii ki, hər dəfə bu cür mənzərə ilə rastlaşanda adamın beynindən bir sual keçir: müsyölər, misterlər, bəs, demokratiya, insan haqları harada qaldı?..

Daha təmkinli adamlar hər dəfə deyir ki, bu, xarici siyasətdir, nə bilim, geopolitikadır, milli maraqlardır və s. və i. Amma inandıra bilmirlər bizi, çünki həqiqətən də başa düşmək olmur ki, doğrudanmı, Fransanın milli maraqları Sarkozidən Qəzzafi cənablarından 25 milyon dollar almağı və deyilənə görə, Yelisey parkında Qəzzafinin çadrını qurmağı tələb edirdi?

O səbəbdən də nə deyirlərsə, desinlər, sadəcə, bir daha əmin olursan ki, siyasətçilərin, o cümlədən də demokratik Qərbin siyasətçilərinin böyük  hissəsi yalnız ölkə daxilində demokrat və halal adam kimi davranmağa məcburdurlar, cəmiyyətin nəzarətinin az olduğu sahələrdə və xüsusən də xarici siyasətdə onlar da beş – on miyona dollara görə kiçik diktatorların nəinki üz–gözünü, hətta gündəyməzini də yalamağa hazırdılar. Ona görə ki, bu adamlar dünyanın ən qüdrətli ölkələrinin siyasət sükanını əllərində saxlasalar da, heç də onun maliyyə nəhəngləri deyillər. 
Əksinə, həmin o kiçik və yaramaz diktatorlar onlardan müqayisəyə gəlməz dərəcədə varlı - karlıdır və böyük ölkələrin böyük siyasətçilərini, necə deyər, pul - qızıl içində batırarlar.

Düzdür, məsələn, ABŞ-da C. Karterin vaxtında insan haqları problematikasının diplomatiyaya və xarici siyasətə gətirmək təşəbbüsü olub, buna hətta Karterin "insan haqları diplomatiyası” da deyirlər. Gəl, onda da, ondan sonra da hətta ABŞ da bütün despotları özünün birinci düşməni elan etmədi, bəzisini devirmək, ölkəsini dağıtmaq yolunu tutdu, digərlərini isə Ağ Evə dəvət edib hətta başına sığal da çəkdi. Elə o üzdən daha kritik düşüncəli təhlilçilər sonradan yazdılar ki, hətta "insan haqları diplomatiyası” da MKİ-nin bir instrumenti idi.

Amma oxucu yenə də israr edə bilər ki, axı N.Sarkozi Qəzzafini devirdi və bununla da diktatorların əlini sıxmağın onun üçün heç də ürəkaçan bir məşğuliyyət olmadığını sübut etdi! 

Ola bilər, amma Liviyada, Suriyada və digər ölkələrdə edilənlərin demokratiya naminə baş verdiyinə bizim böyük şübhəmiz var, çünki bu ölkələrin heç birində demokratiya bərqərar olmadı–nə Liviyada demokratiya var, nə Suriyada, nə İraqda! Hətta Misirdə bir marşal getdi, o birisi gəldi...
Əvəzindəsə həmin ölkələrdə hətta ən elementar qaydalar belə pozulub, dağıntı, vətəndaş müharibəsi baş alıb gedir.

İraqa, S.Hüseynə qarşı ilk həmlələr başlayanda biz də çox ümidli idik. Bütün bu məsələlərə "növbəti demokratiya dalğası” prizmasından baxır və düşünürdük ki, demokratikləşmiş müsəlman ölklərinin sayı artacaq.

Amma sonradan gördük ki, dava başqa şey üstündədir, burada demokratiya heç kimin yadına düşmür. Və nə qədər qəribə olsa da yalnız bu ilin əvvəlində bütün bu prosesllərin əsl motivləri haqda bizdə təsəvvür yarandı. Yox, məsələ neft məsələsi də deyildi, hərçənd, Yaxın Şərqdən söhbət düşəndə dərhal ağla gələn neft olur. Fəqət, düşünürük ki, məsələ bu dəfə neft məsələsi deyildi.

Bəs onda nə idi? Bir qədər təəccüblü görünsə də, biz bu sualın cavabını D.Tramp Qüdslə bağlı məlum qərarını verərkən başa düşdük.
Bilirsinizmi, İraq, Suriya, Liviya və digər ölkələrdəki rejimlər yer üzünün ən idbar rejimlərindən idi, amansız diktaturalar idi. Buna söz yoxdur və elə S.Hüseyn də, M.Qəzzafi də, B.Əsəd də ən iyrənc diktatorlar idi. Bir daha deyirik ki, bununla bağlı fərqli fikirlər yoxdur. 

Tək onu deyək ki, Bəşərin atası Hafiz Əsəd Suriyanı otuz il fövqəladə vəziyyət şəraitində idarə etmişdi! Təbii, bu cəhənnəm bir gün dağılmalı idi.
Amma burada bir maraqlı nüans var. Səddam, Qəzzafi, Bəşər və qeyriləri iyrənc diktatorlar olsa da, bunlar ABŞ-ın bölgəyə müdaxiləsi yolunda, onun bu bölgədə daha "birmənalı siyasət” yürütmək və ağırlıq mərkəzini aşkar şəkildə İsrailə tərəf yönəltmək yolunda bir maneə idilər. Səddama da, Qəzzafiyə də panərəbizm ideologiyası yad deyildi, bunlar Fələstin prosesinə də müəyyən dəstək verirdilər.

Amma budur, artıq bu diktatorlar yoxdur. Fəqət, adam yenə "İyrənc siyasi sistemlər yox oldu!” da deyə bilmir, çünki demək olar ki, dövlətlər özləri yoxdur- əvvəlki İraqın əvəzinə oyuncaq dövlət var, Liviya dağılıb, Suriya isə cəhənnəmdir, elə misirli əs–Sisi də onun hayındadı ki, bir gün onu da Mübarək kimi devirməsinlər... 

Yeri gəlmişkən deyək, martın 26–dan Misirdə üç günlük prezident seçkiləri start götürdü. Amma Qərbə ən yaxın ərəb ölkəsindəki vəziyyəti anlamaq üçün bir detal da yetərlidir: əs-Sisi yaxınlarda deyib ki, Misirdə demokratiya 20 ildən tez bərqərar ola bilməz... 

Nə demək olar? Rusların məşhur məsəli var: heç olmamaqdansa, gec olmaq da yaxşıdır. Bundan başqa, ən azı bildik ki, cənab əs-Sisi hakimiyyətdə 20 il oturmağa qərarlıdır! O biri diktatorlar da konkret bir müddət desəydilər, heç də pis olmazdı.     

Nə isə, qayıdaq söhbətimizin davamına. Belə vəziyyətdə D.Tramp düşündü ki, artıq ABŞ–ın öz siyasətini bütün çılpaqlığı ilə bəyan etməyinin vaxtıdır. Amma o vaxt bir nəfərlə az qala, mərcləşmişdik ki, Tramp tək qalacaq, çünki Avropa özü də Qüdsə biganə deyildir, açıq iddialar irəli sürməsələr də, elə hey deyirlər ki, Qüds xristianlar üçün də müqəddəs şəhərdir – yəni ki, biz də varıq...

Qərəz, Fransadan başlanan M.Qəzzafi izləri gör, bizi haralara çəkib apardı! Amma nə etmək olar? Dünyada hər şey biri-birinə bağlıdır, hətta ilk baxışda onlar tamamilə uzaq və yad elementlər kimi görünsələr belə.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->