Estoniya və Finlandiya arasında dənizaltı elektrik kabelinə zərər vurmaqda şübhəli bilinən və Rusiya ilə əlaqəli olan "Eagle S" tankerinin göyərtəsində məlumat ötürmə və qəbul etmə avadanlığı quraşdırılıb.
Qaynarinfo xəbər verir ki, Britaniyanın Lloyd's List nəşrinə danışan və yeddi ay əvvəl gəmiyə kommersiya xidmətləri göstərmiş mənbənin sözlərinə görə, yüksək texnologiyalı bu avadanlıq tankeri "casus gəmi"yə
çevirib. O bildirib ki, bu cür avadanlıq başqa bir tankerdə də quraşdırılıb:
""Eagle S" Kuk Adalarının bayrağı altında, "Swiftsea Rider" isə Hondurasın bayrağı altında fəaliyyət göstərən və Rusiya ilə əlaqəli 26 köhnə tankerdən ikisidir. Bu tankerlər qeyri-şəffaf mülkiyyət strukturu və üç əlaqəli idarəedici şirkətlə bağlıdır. Böyük Britaniya hökuməti onlardan ikisinə Putinin hərbi maşınına dəstək verdiklərinə görə sanksiya tətbiq edib".
Mənbə əlavə edib ki, gəmidə ekipaj üzvü olmayan "tanınmamış bir şəxs" olub. Dinləmə və qeyd avadanlığı iri çamadanlarla gəmiyə gətirilib, noutbuklarda isə rus və türk dillərində klaviaturalar quraşdırılıb.
Bu qurğular radiotezliklərin hamısını qeyd etmək və daha sonra Rusiyada analiz üçün məlumatları ötürmək məqsədilə istifadə olunub. Keçid zamanı tanker La-Manşda "sensor tipli cihazlar" buraxıb. Mənbənin məlumatına görə, həmin avadanlıq artıq bu gəmiyə qaytarılmayıb, lakin digər cihazlar "Swiftsea Rider" tankerində yerləşdirilib:
"Onlar NATO-nun bütün hərbi-dəniz gəmilərini və təyyarələrini izləyirdilər. Hər şey əllərində idi, tezliklərini uyğunlaşdırırdılar. Avadanlığı rus, türk və hind radistlər idarə edirdi".
Xatırladaq ki, Milad bayramı ərəfəsində Finlandiya və Estoniya arasında mühüm elektrik ötürücü xətt olan Estlink-2 və telekommunikasiya kabellərinin qırılması barədə məlumat yayılmışdı.
Bir qədər sonra Finlandiya sahil mühafizəsi bu insidentdə iştirakı ola bilən neft tankerinə gəmi enişi etdiklərini açıqladı. Gəminin Rusiya "kölgə donanması"nın bir hissəsi olduğu ehtimal edilir.
Alpər
Şərhlər