Sağlamlıq 19:00 19.10.2021

Səbəb nədir: Vaksinasiya da, yoluxma da artır... - Həkim şərhi

"Qapalı məkanlarda olan insanların sayının artması COVİD-19-a yoluxma sayında artıma səbəb olub”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru, infeksionist Vüqar Cavadzadə vaksinasiya prosesinin intensivləşməsinə baxmayaraq, son günlər Azərbaycanda COVİD-19-a yoluxanların sayında artımın baş verməsinə münasibət bildirərkən deyib:

"Məktəbəqədər uşaq təhsil müəssisələrinin, məktəblərin, universitetlərin açılması qapalı məkanlarda olan insanların sayının artımına səbəb olub. Digər tərəfdən, havaların getdikcə daha da soyuması koronavirusa tutulan insanların sayının artmasına təkan verib. Belədə, son zamanlar virusa yoluxmada yüksəlmə tendensiyasını müşahidə edirik. Düşünürəm ki, mövcud kritik durum özünü oktyabr və noyabrın əvvəllərində göstərəcək. Bu dövr ərzində yoluxmada artımlar olacaq”. 

Lakin buna baxmayaraq, həmsöhbətimiz sərt karantin tədbirlərinə qayıtmağı lazım bilmir:

"Buna ehtiyac yoxdur. Sərt karantin tədbirləri psixoloji cəhətdən insanlara pis təsir göstərir. Digər tərəfdən, bu istiqamətdə addım atılsa da, o müəyyən müddət üçün olacaq. Keçən il iki dəfə sərt karantin tədbirləri oldu, hər dəfə edilən yumşalma fonunda virusa yoluxmada artım baş verdi. Yəni sərt karantin tədbirləri də müvəqqəti xarakter daşıyır”.

Həkim deyir ki, həyatın sonuna qədər COVİD-lə birgə yaşayacağıq:

"COVİD-19-la bir yerdə yaşayacağımızla barışmalıyıq. Əhalinin vaksinasiyası aparılsa da, virus əl çəkmir. Həyatımızın sonuna qədər uyğunlaşaraq COVİD-lə birgə yaşamalıyıq. Sadəcə, zaman keçdikcə insanların dəfələrlə virusa tutulması fonunda immunitet yaranacaq və ona adi xəstəlik kimi baxacağıq. İnsan psixologiyası da ona uyğunlaşacaq. COVİD-19 pandemik vəziyyətdən çıxacaq, amma il boyu tək-tək də olsa daima bizimlə bir yerdə olacaq”.

Rüfət Sultan