Xəbər lenti

“Şəfa stadionunda siyasi aksiya keçirmək olmaz” (MÜSAHİBƏ)
İdman 15:20 06.05.2013

“Şəfa stadionunda siyasi aksiya keçirmək olmaz” (MÜSAHİBƏ)

Səbuhi Məmmədov: “Rəqsanədən sonra stadionda konsertləri dayandırdıq”

İnter İdman və Sağlamlıq Klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovun Qaynar.info saytına müsahibəsi

-  Gəlin söhbətimizə Şəfa stadionunun yaranmasından başlayaq...

  - Şəfa stadionu AFFA tərəfindən yaradılıb. Yəni o vaxtı UEFA-nın ayırdığı məbləğ sayəsində inşa ediblər. 2007-ci ildən isə İnter klubu on beş illiyinə icarəyə götürüb. Hal-hazırda İnter Şəfa idman və sağlamlıq klubununun sahibidir.

- Məşhur futbolçuları görmüsüz burda?

- Bilirsiniz, vaxtilə Şəfa stadionunda Şəfa idman klubu adında futbol komandası fəaliyyət göstərib. Amma sonra ləğv olunub. 2007-ci ilə qədər AFFA-nın müxtəlif klubları burada çıxış edib. Hal-hazırda isə İnter klubu burada öz oyunlarını keçirir. Biz fəaliyyət göstərdiyimiz dövrdə burada beynəlxalq səviyyəli oyunlar keçirməmişik. Çünki Şəfa stadionu o zaman lisenziya almamışdı. Ot örtüyümüz dəyişdiriləndən sonra UEFA tərəfindən bizə bir illik lisenziya verilib və həmin sənəd sayəsində indi çempionatda Avrokuboklara vəsiqə qazanacağımız təqdirdə oyunları, komandaları qəbul edə bilərik. 

Oyun zamanı bir mətbuat rəhbəri kimi dünya şöhrətli futbolçuları görməmişəm. Hətta düşəcəyimiz komandalardan asılı olmayaraq... Ancaq Azərbaycan və Rusiya klublarında oynamış, hazırda aktiv futboldan kənarlaşmış, hər hansı kluba rəhbərlik edən və yaxud klub sturukturunda işləmiş adamlarla görüşmüşəm, görüşürəm də və əlaqələrim də olur.

- Şəfa satdionunu maliyələşdirən kimdir? Deyilənə görə maliyələşdirən hansısa bir nazirdir. Bu haqda məlumat verə bilərsinizmi?

- Şəfa stadionu heç bir nazir tərəfindən maliyələşdirilmir. İnter peşəkar idman klubunun sponsuru Azərbaycan Beynəlxalq Bankıdır və Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Cahangir Hacıyev İnter klubunun fəxri prezidentidir. klubun prezdenti isə bolqarıstanlı Georgi Nikolovdur.

- Biletlər neçəyə başa gəlir?

- Bilet məsələsi Azərbaycan futbolunda bir az çətindir. Nə mənada? Açığı, əvvələr də tətbiq etmişik bilet sistemini, amma maraq az olub. Biletin satış qiyməti bir-iki manatdır. Bilet sistemini hal-hazırda da tətbiq edərdik, təəssüflər olsun ki, azarkeş marağı yoxdur.

- Hansı klubların oyununda daha çox bilet satılır?

- Xəzər-Lənkəran oynayanda hardasa maraq olur, o zaman biletlər daha çox satılır, azarkeşləri stadionda görmək olur. Gördüyünüz kimi burada tikinti işləri də gedir. Yenə də azarkeşlərin stadiona gəlib-gəlməməsi bizi düşündürür. Bütün klubların məqsədidir ki, azarkeşləri stadiona qaytarsın. Azarkeşlər satdionlara gəlməlidirlər. Hal-hazırda oyunçuların göstərdiyi oyun heç də Avropa oyunçularından geri qalmır. Oyunlar AFFA rəhbərliyi tərəfindən qiymətləndirilir. Onlar da deyirlər ki, azarkeşləri futbola, stadionlara qaytarmaq lazımdır. Biz də bu istiqamətdə çalışırıq. Bilet sisteminin tətbiqi  isə yaxın gələcəyin işidir.

- Şəfa stadionunda hansı maraqlı hadisələrlə rastlaşmısınız?

- Ötən ilin sentyabr ayında Azərbaycanın idman həyatı üçün əlamətdar hadisə olan U-17 yaşlı qadınlar arasında keçirilən dünya çempionatının bir-iki oyunu Şəfa stadionunda baş tutub. Belə baxdıqda futbol çempionatı tarixində bu hadisə özünəməxsus rol oynadı. Belə bir mötəbər turnirin oyunlarının bəzilərinin Şəfada keçirilməsi stadionun infrastrukturunun inkişafına təkan verdi. 2015- ci ildə Yay Olimpiya Oyunlarının ox atma yarışlarında da Şəfa stadionu obyekt kimi göstərilib. Deməli, Şəfa stadionu ikinci dəfə əlamətdar bir hadisəyə ev sahibliyi edəcək. 

Əvvəllər burada veteranlar arasında yoldaşlıq görüşləri olub, iki ölkənin azyaşlı futbolçuları arasında oyunlar keçirilib.

- Tez-tez Şəfa stadionunda tanınmış müğənnilərin konserti keçirilir... 

- Ot örtüyünü dəyişəndən sonra Şəfa stadionunda artıq konsertlərə son qoymuşuq. İnter klubu bu stadiona köçdükdən sonra cəmi bir dəfə konsert olub. Sonra dayandırdıq.

- Hansı müğənnin konserti idi?

- Səhv etmirəmsə Rəqsanə idi.

- Bəs sirr deyilsə müğənnilərə nə qədər qonoror verirsiniz?

- Biz bunu bilmirik, təşkilatçılar tərəfindən müəyyənləşdirilir, konsert keçrilir. Bilet işlərini, azarkeşləri və digər məsələləri özləri həll edirlər. Müğənnilərin azarkeşləri daha çoxdur. Bəziləri ancaq ekrandan derbilərə baxırlar. Tutaq ki, Real Madrid-Barselona... Bizim stadionlara isə gəlmirlər. Tofiq Bəhramov adına stadionu artıq görürsünüz necə gözəl təmir edilib, standartlara cavab verir. Şəfa stadionunda infrastruktur var, layihələr var, tikinti işləri gedir, oturacaqlar yenidən düzəldilir, təhlükəsizlik təmin edilir... İşlər yekunlaşdıqdan sonra lazım olan səviyyəyə çatacaqdır. Yəni burada kafelər var, gedib oturmaq olar, üstəgəl yaxşı oyunların sayı artıb. 

Bu müğənni məsələsi, yəni azarkeşlərin futbola yox, onlara üstünlük verməsi Azərbaycan futbol ictimayətini çox düşündürür. Hər hansı bir müğəninin konsertinə daha çox adam gəlir, amma hər hansı bir klubun tutalım ki, İnter-Qarabağ, İnter-Neftçi, İnter-Xəzər-Lənkəran oyunlarına həmin o müşahidə etdiyimiz sayda adam gəlmir. Məncə, bu məsələ sosioloji araşdırmanın predimeti ola bilər. Nəyə görə azarkeşlər oyunlara, stadionlara gəlmir? Biz futbol qurumunun bir hissəsiyik. Amma bizim də günahımız var. AFFA rəhbərliyi də bu barədə açıqlama vermişdi ki, işçilərinin də, azarkeşlərin də, siz jurnalistlərin də günahı var. Bu proses çoxdandır ki, gedir. “Açıq qapılar” siyasəti yeridirik. Biz Avropada da oluruq, mən lap İngitərəni, Fransanı, İspaniyanı qoyum bir qırağa, Şərqi Avropa ölkələrində biletin qiyməti 10-15 arodur. Onlar həqiqətən də alırlar və gedirlər öz klublarını dəstəkləməyə, azarkeşlik etməyə. Bunu nə adlandırım: vərdişmi, komandaya məhəbbətmi... Camaata öyrətmək lazımdır ki, sənin verəcəyin bu pul klubun gələcəyi üçün, inkişafı üçün lazımdır. Hətta biz pul da istəmirik, yetər ki, azarkeşlər oyunlara gəlsinlər. Biz nə qədər sosial aksiyalar keçirdirik. Hal-hazırda yerləşdiyimiz bu ərazidə, Keşlə məktəblərinin birində, Yasamal rayonunda bunu reallaşdırmışıq, tələbələr üzrə mini turnirlər keçirtmişik, hədiyyələr vermişik. Məqsədimiz vaxtın səmərəli istifadəsi, azarkeşlərin sayını artırmaq...  Ola bilər ki, sən İnter klubunu dəstəkləmirsən, ürəyində başqa bir klubu sevirsən, amma yenə də oyunlara gəlmək lazımdır.

- Əgər Azərbaycan müxalifəti mitinq keçirmək üçün Şəfa stadionunu seçərsə, buna icazə verərsinizmi?

- Yox, bura idman obyektidir, burda ancaq idman aksiyaları keçirmək olar. Şəfa stadionunda siyasi aksiyaların keçirilməsi qeyri-mümkündür. İdman siyasətdən uzaq tutulmalıdır.

- Son olaraq nəyi bildirmək istəyərdiniz? Dediyiniz kimi, azarkeşlərin stadiona gəlməsi üçün bir çox işlər görülür. Bu məsələylə bağlı azarkeşlərə nə demək istəyərdiniz?

- Azarkeşlərə nə deyim mən? Biz həmişə onların yolunu gözləyirik. Fəaliyyətimiz bütünlüklə azarkeşlərin stadiona gəlməsinə yönəlib. Tutaq ki, Bakı İspaniya klubu Atletiko Madridlə oyunda nə qədər azarkeş gəlmişdir. Bax o oyundakı ab-havanı görmək istəyirik. İstəyirik tribunalarımız boş qalmasın. Azarkeşləri futbola dəvət edirik. Mən belə hesab edirəm ki, ən azından həftədə bir dəfə stadionlara gəlib vaxt sərf etməyə dəyər.

Söhbətləşdi: Oğuz Ayvaz
Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->