Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov "The JNS Daily Syndicate” nəşrinə müsahibəsində Tel-Əvivlə Bakı arasəndakı münasibətlərdən, Qüdsdə Azərbaycan səfirliyinin açılması perspektivlərindən və regionun problemlərindən danışıb.
Virtualaz.org xəbər verir ki, azərbaycanlı diplomatın sözlərinə görə, İsraillə Azərbaycanın münasibətləri yaxşı səviyyədədir və durmadan genişlənirlər. Elin Süleymanov tərəflərin daha sıx əməkdaşlıq etdiyi sahələri qeyd edib. Bunlar müdafiə, energetika və təhlükəsizlikdir. Lakin kənd təsərrüfatı və yüksək texnologiyalar kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi nəzərə çarpır.
"Müəyyən mənada Azərbaycanın münasibəti İsraillə digər müsəlman dövlətləri arasında olan mübnasibətlərdən fərqlidir. Azərbaycanda 1500 illik yəhudi icması mövcuddur. Yəhudilər Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsidir. Azərbaycan bütün dinlərə tolerant münasibəti ilə məşhurdur”, - o bildirib.
ABŞ prezidenti Donald Trampın və İsrail baş naziri Benyamin Netanyahunun ləğvinə çalışdıqları İranla nüvə sazişi məsələsinə toxunarkən, Elin Süleymanov qeyd edib ki, Azərbaycan hər zaman qonşuları ilə yaxşı münasibətlər qurmağa can atıb.
"Hazırda saziş mövcuddur, o imzalanıb və dünya ictimaiyyətinin əsas oyunçuları tərəfindən bəyənilib... Ola bilsin ki, biz bu məsələ ilə bağlı ortaq məxrəcə gəlmək üçün bir yol tapmalıyıq... Əgər bu saziş kütləvi qırğın silahlarının yayılmasının qarşısını ala bilirsə, o zaman bu yaxşıdır”.
İsrailin Bakıda səfirliyi var. Bəs Azərbaycanın Qüdsdə səfirliyi necə? Bu suala cavab verərkən Elin Süleymanov bildirib ki, həmin mövzu israilli tərəfdaşlarla çoxdan bəri müzakirə edilir. "Bu, o qədər də mənim səlahiyyətlərimə aid deyil və mən, əlbəttə, Azərbaycanın İsraildə səfirliyini görmək ümidindəyəm”.
Qüds üzrə dünya ictimaiyyətinin mövqeyi var və əksər ölkələr kimi, Azərbaycan da iki dövlətin birgə qərarını dəstəkləyir: İsrail və Fələstin danışıqlar çərçivəsində Qüdsün statusunu özləri müəyyənləşdirəcəklər.
"...Əlbəttə, hamı bilir ki, yəhudi xalqı Qüdslə sıx bağlara malikdir. Bu şəhər həmişə yəhudi xalqının simvolu olub və buna hörmət etmək gərəkdir. Lakin hesab edirəm ki, biz bütün tərəflərin hisslərinə hörmətlə yanaşmalıyıq”, - diplomat deyib.
Elin Süleymanovun sözlərinə görə, ABŞ-ın öz səfirliyini Qüdsə köçürmək qərarı israillilərlə fələstinlilər arasında müzakirələrə dəstək üzrə səylərlə üst-üstə düşəcək: "Bu, bir medalın iki üzü kimidir – siz bir-biriniz olmadan keçinə bilməyəcəksiniz”.
Şərhlər