Sənət 13:03 09.11.2017

Səfiyar Məcnun: "Şəhərdə 5 yaxşı insandan biriyəm" (MÜSAHİBƏ)

Bu dəfəki müsahibim fotoqraf Səfiyar Məcnundur. Bir neçə aydır ki, bu müsahibənin baş tutmasını gözləyirik, lakin vaxt uyğunluğu alınmadığından görüş də baş tutumurdu. Nəhayət bu dəfə anlaşdıq və Səfiyarın iş yerinə yollandım. Qeyd edim k, Səfiyar Məcnun hazırda ATV-də fotoqraf kimi fəaliyyət göstərir.

Müsahibimlə salamlaşıb ilk sualımı vermək istəyirdim ki, "İstəyirəm bu dəfə müsahibə fərqli başlasın, ilk sualı mən sənə verim" dedi. Sual cavablandırmağı xoşlayan biri kimi etiraz etmədim.

- Lalə xanım, məndən niyə müsahibə götürürsünüz?
- İlk növbədə sosial şəbəkədə izlədiyim fotoqraflardan birisən. Bu bir az da mənim şəxsi marağımdır, deyə bilərəm. Sizin "sənətsəl”lər mənim üçün maraqlıdır. Fikirlərin və yanaşman özünə məxsusdur. Bizim cəmiyyət fərdi düşüncələri olan insanlara acdır. Məncə, bu səbəblər bəs edər. 

Məncə, müsahibə götürmək müsahibə verməkdən daha asandır. Odur ki, Səfiyar mənim əlimdən işimi almamış ilk sualımı ona ünvanlayıram.

- Sosial şəbəkədə izləyicilərin var və onlar haqqında müəyyən qədər məlumatlıdır. Tanımayanlar üçün Səfiyar Məcnun kimdir?
- Səfiyar Məcnun fotoqrafdır. Bununla yanaşı, ədəbiyyata böyük marağım var. Şair deyiləm, amma bəzən şeir də yazıram. Vəssalam.

- Neçə ildir fotoqraf kimi fəaliyyət göstərirsən?
- Uşaqlıqdan həvəskar olaraq çəkirəm. 2007-ci ildən isə peşəkar olaraq bu işlə məşğul olmağa başlamışam. 
 


- Fotoqraf kimi ilk iş yerin hara olub?
- Adını çəkmək istəmədiyim xarici telekanalda başlamışam.

- İlk fotoaparatını və çəkdiyi fotoları Səfiyar xatırlayırmı?
- Məktəbdə oxuyurdum, amma yaşımı xatırlamıram. Uşaq vaxtlarım idi. Azərbaycana yeni fotokameralar gəlmişdi, adı "Skina" idi. Ad günüm olanda valideynlərim hansı hədiyyəni istədiyimi soruşdu. Mən də düşünmədən və heç bir əsasım olmadan fotoaparat istədim. O zaman lentlə çəkilirdi. İlk dəfə 36 kadırlıq lentdən 5 foto çıxmışdı və bu məni çox xoşbəxt etmişdi.

- Türkiyənin tanınmış fotoqraflarından Ara Güler müsahibələrinin birində qeyd edir ki, indiyə kimi işlətdiyi bütün fotoaparatlarını saxlayır və gələcəkdə onlardan bir muzey düzəltmək istəyir. Sən necə, öz fotoaparatlarını saxlayırsan?
- İnanmıram ki, gələcəkdə muzey yarada biləcək qədər fotokameram olsun. Niyə də inanmıram buna? Onu da bilmirəm. Bir az ümidsiz yanaşma oldu, deyəsən. Gələcəkdə muzey açmaq imakanım olsaydı, Azərbaycanda tarixi fotokameralar olan muzey açmaq istəyərdim. İstər arxeoloji qazıntılarda, istər müharibələrdə, istərsə də Azərbaycanda məşhur, amma dünyasını dəyişən fotoqrafların fotoaparatlarını bir yerə yığardım. 
 


- Səfiyar foto sərgi keçirib?
- Fərdi sərgim olmayıb. Təkliflər çox olub. Həmin vaxt özümü buna hazır və layiq hiss etmirdim, amma indi düşünürəm ki, yanılmışam. Bilmirəm buna humanistlik deyim, ya sadəlövhlük... Amma kommersiya xarakterli müştərək sərgilər olub. 

- Azərbaycan Fotoqraflar Birliyinin də İdərə Heyətinin üzvü olmusan. Kakin vəsiqəni ikiyə bölüb ordan ayrılmısan. Bu hadisə barədə qaranlıq qalan məqamları açıqlaya bilərsən?
- Məncə, qaranlıq bir məqam qalmayıb. Çünki bu barədə açıqlama vermişəm. Bir daha bu mövzuya qayıtmaq istəmirəm. Çünki vəsiqə artıq ikiyə ayrılıb, birləşəsi deyil. Zərrə qədər peşman deyiləm. Azərbaycan Fotoqraflar Birliyinin və ümumiyyətlə, Azərbaycanda keçirilən foto müsabiqələrin heç birinə qatılmıram, hamısını mənasız hesab edirəm. 

- Fotolarını daha çox şəxsi hesablarından #sənətsəl həştəqi ilə paylaşırsan. Bildiyim qədəri ilə izləyicilərin üçün bu həştəqin mənası maraqlı olsa da, bu barədə açıqlama vermirsən. Ümid edirəm ki, indi bu sözə açıqlama verəcəksən...
- Sənətsəl sözünün heç bir mənası yoxdur. Bu sözü ümumiyyətlə, Azərbaycan dilinin izahlı lüğətində belə tapa bilmərsiz. Ən maraqlısı və gülməlisi isə bu sözün mənim çəkdiyim fotolara aidiyyatı olmamasıdır. Hansısa bir sözü, (stolun üstündəki kaktusa işarə edir) məsələn, kaktus sözünü götürüb, fotoları o həştəq ilə paylaşım. Onunla mənim seçdiyim "sənətsəl” sözü arasında heç bir fərq olmayacaq. Sadəcə olaraq, türklərdəki "sanatsal" sözünün milliləşdirilmiş versiyasıdır. Heç bir kommersiya marağı olmayan, sənətə xatir çəkilmiş fotoları o həştəqlə paylaşıram. Kütlənin də bunu bir janr kimi qəbul etməsi də xoşuma gəlir (gülür).
 


- Fotoqrafiyanın da janrları var. Dokumental, küçə, peyzaj, portret və s. janırda çəkilən fotolar. Sənin ruhuna hansı janr daha çox xitab edir?
- Mən özümü daha çox sənədli, bədii və konseptual fotoqrafiyada görürəm. Bundan əvvəl "street foto"lar çəkmişəm. Hazırda isə sadaladığım janırları ruhuma daha yaxın hesab edirəm. 

- Azərbaycanda insanların gözü daha çox "Love story" və "Wedding" fotolarına alışdığı üçün sənin çəkdyin fotolar onlara mənasız görünür. Sənin çatdırmaq istədiklərini anlayan kütlə mövcuddurmu, ya çəkdiklərini "ancaq fotoqraflar başa düşə bilər” deyə düşünürsən?
- Bunu istənilən adam başa düşə bilər. Əgər məqsəd başa düşməkdirsə... Mən isə o fotoları başa düşmək üçün yox, zövq almaq üçün çəkirəm. Bir ciddi məsələ var. İnsanlar istəyir ki, görüb başa düşdüyünü mənim çəkmə səbəbim ilə uzlaşdırsın. Bir növ tapmaca tapmaq kimi "görüm düz başa düşmüşəmmi?”. Amma bu zərurət deyil. Orda başa düşdüyün sənin gördüyün qədərdir. Ondan ötəsi deyil. Ötəsini izah etməyə çalışsam belə, yenə bir nəticəyə gəlib çıxa bilməyəcəksən. Sadəcə bax, zövq al, ya alma, öt keç!  Hər kəsin bir qəlibi var. İnsanlar gördüklərini, eşitdiklərini həmin qəlibə yerləşdirir və bu da məsələnin taleyini həll edir. O ki, qaldı həmin fotoların mənasına: birinci bu suala cavab tapmaq lazımdır ki, "sən bu fotonu niyə bəyənirsən?”. Əgər, bu suala cavab tapa bilsən, sən doğurdan da bu fotonu anlamısan deməkdir. Yox əksidirsə, deməli sən bu fotonu anlamamısan, sadəcə vizual görüntüyə aldanmısan. Ya da "camaat bunu bəyənir, mən də bəyənim" prinsipinə əməl etmisən.

- Bir neçə ildir yaxın dostunuzla birlikdə sənətinizlə bağlı kitab üzərində işlədiyiniz haqqında məlumatımız var. Bu işin axırı olacaq, yoxsa hələ bir neçə il də gözləməliyik?
- Hardan eşitmisiniz bilmirəm, amma düz bilirsiniz. Yaxın dostum və həmkarım İslam Kazımovla birgə işləyirik bu işin üstündə. İşin böyük hissəsi tamamlanıb. Çox cüzi işlər qalıb. Bir az məişət öhdəlikləri üzündən bu iş ləngiyir. Amma tezliklə kitab işıq üzü görəcək.
 


- Deyə bilərsən ki, kitab hansısa bir kütləyə xitab edir, ya hər kəsin alıb oxuyacağı bir mövzudadır?
- Fotoqrafiya terminlərinin Azərbaycan dilində yazılmış izahıdır. Fotoqrafiyadan anlayışı olmayan insanlar bu kitabı oxuyub, müəyyən nəticə əldə edə biləcəklər.

- Səfiyar Məcnun özünü sənət adamı hesab edirmi?
- Bir mənlı şəkildə, bəli. Gözüm, qulağım, ağzım, burnum, nəfəsim, bütün orqanlarım hamsı sənətsəldir (Gülür).

- Bu sual mənim üçün maraqlıdır və düşünürəm sənətə yeni gələn gənclərə də maraqlı olacaq. Özünü sənətkar hesab edən insan məişətə qarışmalıdır?
- Bu suala cəsarətli cavab vermək istəsəm, onu deyə bilərəm ki, bu cür insanların ailəsi belə olmamalıdır, yaşamağa bir evi olsa, bəsdir. Birmənalı şəkildə sonuna qədər azad olmalıdır ki, o özünü sənətə həsr etsin. Amma bizim kimi cəmiyyətlərdə bu mümkün deyil. İnsanlar sənəti dərk edəndə gecikmiş ola bilər, yaxud da ailəni dərk edəndə sənətdən uzaqlaşırlar. 

- Yazıçı Vircinya Vulfun bir fikri var. Deyir ki, sənət adamlarına dövlət aylıq maaş verməlidir və onlar yaratmaq üçün bir müddət hər şeydən uzaq qalmalıdır... 
- Yaşlı fotoqraflardan eşitmişəm ki, Sovet dövründə fotoqrafa, rəssama ehtiyacı olmayan idarələrdə rəssam və ya fotoqraf ştatı açılırdı. Bu adam ayda ora bir dəfə gəlirdi, ya gəlmirdi, amma maaş alırdı. Dövlət yaxşı bilirdi ki, bu yaratmaq üçün yemək yeməlidir. Yeməyi ona verib (yaxşı mənada) əvəzində ondan sənət nümunələri gözləyirdi.
 


- Uzun müddət dindar olmusan. Hətta deyərdim ki, qatı dindar... Lakin son illərdə etdiyin paylaşımlardan belə nəticəyə gəlmək olur ki, artıq inancın yoxdur.
- Adını unutduğum bir müdrikin çox yaxşı sözü var. Deyir ki, dini araşdırıb, anlamayan dindar olur, anlayan isə ateist. Bu günki baxışımla, həmin dönəmdə dinə bağlılığımı mənəvi boşluqla əlaqələndirirəm. Yaxşı ki, həmin boşluğu elə din doldurub. Çünki axtardığım suallara da cavab tapmışam. Hazırda özümü heç bir dinə mənsub hesab etmirəm. 

- Özünün də qeyd etdiyin kimi həm də şeir yazırsan. Özünü şair hesab edirsən?
- Qətiyyən. Mən şeir yazanda əvvəlcə, yaxın dostum İslam Kazımova göndərirəm ki, fikir bildirsin. O da "filan yerdə səhv eləmisən” deyəndə "mən şair deyiləm ki, şeirdə səhv etməyim” deyirəm. (gülür) Ancaq üzərinə şairlik statusu götürən adamların şeirdə səhvə yol verməsi bağışlanılmazdır. 

- Nə vaxtdan başlamısan şeir yazmağa və kitab çıxarmaq kimi bir planın var?
- Əsgərlikdə başlamışdım. İlk şeirimi sevgilim, indiki həyat yoldaşım üçün darıxıb ona yazmışam. Qaldı ki, kitab çıxarmaq kimi bir fikrim yoxdur. Gələcəkdə nə olacaq, bilmirəm. Amma hazırki ağlımla bu barədə düşünməmişəm. 

- Sevgi şeirləri yazırsan. Bir de görək bu şeirləri yazmaq üçün neçə dəfə aşiq olmusan?
- Çox aşiq olmuşam. Bu suala ona görə rahatlıqla cavab verə bilirəm ki, mən ülvi sevgini aşiq olmaqdan ayıra bilirəm. Mən hər dəqiqə, hər an aşiq oluram. Sevgi payı mənə başqalarından daha çox düşüb deyə düşünürəm. Amma heç vaxt bunu pak, müqəddəs sevgi ilə səhv salmamışam. Həddimi bilən insanam mən. 
 


- Bu pak dediyiniz sevgi başqa sevgi hissindən nə ilə fərqlənir ki?
- Misal üçün mən monitorda görüntü görə bilərəm. Gözəl bir xanım və mənim ona qarşı keçirdiyim hiss şəhvət hissindən başqa bir hiss olmayacaq. Bu bütün dünyadaki yaradılışlarda baş verir (monitorsuz da). Bunun adı eşqdir. Bu müvəqqəti bir hissdir. Bu sabah məndə əbədiliyə çevilməyəcək və məhvə məhkumdur. Fundamenti olan, dəyərli sevgilər isə bitmir. Mümkündür ki, hadisələrə baxışımız onu azaltsın, lakin heç bir halda bitmir, məhv olmur. Məsələn, bir nəfər küçədə gedir və gözünün qarşısında avtomobil qəzası baş verir. Bir nəfər ölüb, biri də onun üçün fəryad qoparır. Yaxınlaşanda öyrənirsən ki, ölən fəryad qoparan qızın qardaşıdır. Həmin anda sənin içində qardaşına qarşı böyük sevgi partlayışı baş verir. Həmin vaxt qardaşını görməyə, onunla maraqlanmağa can atırsan. Bu o demək deyil ki, sən qardaşını bu vaxta kimi sevmirdin. Sevirdin, sadəcə olaraq, hadisə və hadisələrə baxışınız bu prosesi sabitləmişdi. Lakin baş verən hadisəni müşahidə etməyin, qardaşına olan ülvi sevgini üzə çıxartdı. Biz daimi olaraq, heç kimə aid deyilik. Nə də kimsə daimi olaraq bizə aiddir. İstər həyat yoldaşımız, valideynimiz, uşağımız, istərsə də dostumuz, işimiz və s. Biz, müxtəlif zamanlarda, məkanlarda, hansısa faiz dərəcəsi ilə kiməsə, nəyəsə aid oluruq. Mən hazırda sənə müsahibə verirəm və bu müddət ərzində sənə aidəm deməkdir. Hər zaman həyat yoldaşıma misal çəkirəm ki, valideynlərindən biri xəstə olsa və sən onun yanında olsan, həmin an sən ona aidsən. Nə həyat yoldaşı kimi mənə, nə ana kimi öz övladına, nə də bacı kimi qardaşına. Yalnız və yalnız qızı kimi valideyninə aidsən.

- Sevgidən və şeirdən danışmışkən, bəlkə müasir yazıçılarımızın sevdiyin şeirlərindən birini deyəsən?
- Niyə də yox (gülür).

"Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır

...Qara çörək
Bəyaz pendir
Qırmızı çaxır

Qar yağır
Qar yağır
Qar yağır
Qar yağır"
(Adil Mirseyid, "Qar eskizi").
 


- Hər fotoqrafın arzusu deyim, ya məqsədi deyim bilmirəm. Kimi müharibəyə gedir orda fotolar çəkmək istəyir, kimi ucqar kəndlərə gedib insanların məişətini çəkir. Sənin belə arzun, məqsədin var?
- Əlbəttə var. Fikrimcə, sadalamaqdansa, təqdim etmək düzgündür. Yaxşısı budur sadalamayım.

- Səfiyardan sərgi gözləyək?
- Əslində, bunu çoxdan reallaşdırmalıydım. Təmbəlliyin daşını atsam, 1 aya sərgi keçirə bilərəm. Sərgi mobil telefonla çəkilmiş fotolardan ibarət olacaq. Adı da elə bəlkə, "sənətsəl” oldu. 

- Səncə, Azərbaycanda peşəkar fotoqraflar kimdir?
- İlk növbədə gəlin peşəkar sözünə aydınlıq gətirək. Bulvarda iki manata (yaxşı mənada) foto çəkən də, toylarda işləyən fotoqraflar da peşəkardır. İşini pula çevirən sənət sahibləri peşəkar hesab olunur. Sənin məndən soruşduğun peşəkarlar isə irəliləmiş, özünü fotoqrafiyda tapmış insanlardır. Dünyanın ən yaxşı fotoqrafları həvəskarlardır. Bunları da iki yerə ayırmaq olar. Sənətində irəliləmiş və həvəskar olaraq qalanlar. Azərbaycanda da kifayət qədər çoxdur bu cür fotoqraflar. Mənim məyusluğum, gileyim cəmiyyətin fotoya olan münasibətidir. Bizdə "fotoqrafam "deyəndə ağıla ilk olaraq "Wedding" və cütlüklərin fotosessiyaları gəlir. Onları fotonun başqa sahələri maraqlandırmır. Azərbaycanda fotoqraf var ki, onun kitabı dünyada yeganə fotoqrafiya muzeyində təqdim olunub. Bizim dünya səviyyəli fotoqraflarımız var ki, cəmiyyət onları tanımır. Günah isə bir mənalı şəkildə Azərbaycan Fotoqraflar Birliyindədir. İkinci günahkar yoxdur. Mən onların hamsının adını çəkə bilərəm. Lakin ehtiyyat edirəm ki, kiminsə adını unudaram və bu ədalətsizlik olar. Bəzilərinə salam belə vermirəm. Çünki insan kimi xaraktersiz insandır. Hətta düşünürəm ki, onların salamını da almaram. Amma sənəti qarşısında baş əyirəm. 
 


- Sənət insanın ruhuna və xatrakterinə təsir edirmi?
- Əslində, vəhdət təşkil etməlidir. Sənət xarakter formalaşdırmır. Xarakter yaşantı ilə, əldə olunan və itirdiklərimizlə formalaşır. Kimin xarakteri sənəti ilə vəhdət təşkil edirsə, mən o cür insanlarla yoldaşlıq etməyə üstünlük verirəm. Hətta xarakteri yaxşı olub, sənəti olmayanlara da böyük hörmətim və səmimiyyətim var. Xarakteri ilə sənəti uyuşmayan insanlarda sevgi çatışmazlığı var. Mən bu və bu kimi məqamı insanın qalib gəlməyə proqramlaşması ilə əlaqələndirirəm. Belə ki, əgər insanda sevgi çatışmazlığı varsa, o həmişə qalib gəlmək istəyəcək. Amma bəzən biz bunun əksini görürük. Məsələn, idman yarışlarının birində ikinci yerə çıxmaqda olan idmançı, birinci yerə çıxmaqda olan, amma, yarışın son anında axsayan idmançının qolundan tutub onu birinciliyə aparır və birinci də edir. Bu sevginin tamlığının əlamətidir. Fərqi yoxdur qarşısında onun rəqib idi, ailəsi idi, yoxsa, düşməni. Çünki o başa düşür ki, müdriklik qalxmaqda deyil. Müdriklik birmənalı şəkildə enməkdədi. Yəni, nə qədər dərinə enə bilirsənsə, bir o qədər müdriksən. Sevginin də müdrikliklə əlaqəsi fədakarlıqdadır.
 
- Bəs Səfiyar Məcnun özünü necə adam hesab edir?
- Mən yaxşı insanam. Şəhərdə 5 yaxşı insandan biriyəm (gülür)

Bu cümlədən sonra başqa suala ehtiyac qalmadığı üçün, biz nahar etməyi düşündük. Sizsə ümid edirəm ki, bu söhbətdən razı qaldınız.

Lalə Niftaliyeva
Qaynarinfo.Az