Xəbər lenti

Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı
Ölkə 16:47 26.11.2020

Şəhid ailələri və müharibə əlillərinin təminatları hansılardır? - Nazirlik açıqladı

"Prezidet İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8423 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib”.

Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov Qaynarinfo-nun şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar  əlilliyi olan vətəndaşların sosial müdafiəsinə dair sorğusuna verdiyi cavabda öz əksini tapıb. 
 
 

Şöbə müdiri cavabında şəhid ailələrinin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar  əlilliyi olan vətəndaşların sosial müdafiəsi ilə bağlı görülən işlər bağlı informativ məlumat verib:

"Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığı əsasında şəhid ailələrinə və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərə yönələn dövlət qayğısı ildən-ilə artırılır.

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin dövlət tərəfindən mənzillə təminatı həyata keçirilir. Bu kateqoriyalardan olanlara verilən mənzillərin sayı hər il artır. Cənab Prezidetin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda olmaqla, azı 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır, onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə ötən dövrdə 8423 mənzil və fərdi ev şəhid ailələrinə və müharibə əlillərinə verilib.

Şəhid ailəsi üçün Prezidentinin aylıq təqaüdü (300 manat) ödənilir. Şəhid uşaqlarına aylıq sosial müavinət təyin olunur. Şəhid ailəsi üzvlərinə (pensiya almadıqda) kommunal, nəqliyyat və digər xidmətlərə görə aylıq müavinət verilir. Şəhid ailə üzvlərinin əmək pensiyasının sığorta hissəsinə 93,5 manat məbləğində əlavə verilir.  Şəhid ailələrinin övladları ödənişli formada təhsil alarkən təhsil haqqını ödəməkdən azad olunurlar. 

Onu da bildirim ki, dövlət başçısının 2018-ci il 19 aprel tarixli 1 nömrəli  və 28 yanvar 2019-cu il tarixli Fərmanları da şəhid ailələrinə xüsusi qayğının bir nümunəsidir. Həmin Fərmanların icrası olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda 1997-ci ilin avqust ayının 2-dək şəhid olmuş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarından ibarət 12268 şəhidin vərəsələrinin birdəfəlik ödəmə  (11 min manat) ilə təminatı proqramının icrasına başlayaraq, proqramı artıq 100 faizə yaxın icra edib. 

Şəhid ailəsi üzvləri üçün bir sıra güzəştlər də nəzərdə tutulub. Məsələn, işçilərin sayı və ya ştatı ixtisar edilərkən işdə saxlanmaqda şəhid ailəsi üzvlərinə üstünlük verilir. Həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçünün həyat yoldaşının və övladının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçünün valideynlərinin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır. Şəhid ailəsi xüsusi mülkiyyət əsasında mənzil və ya fərdi ev alarkən notariat əməliyyatları dövlət rüsumu ödənilmədən aparılır.

Qarabağ müharibəsi əlillərinə əlilliyə görə əmək pensiyası, əgər əmək pensiyası hüququ olmadıqda aylıq müavinət (I dərəcə əlilliyi olan şəxslərə 150 manat,  II dərəcə əlilliyi olan şəxslərə 130 manat,  III dərəcə əlilliyi olan şəxslərə 110 manat) ödənilir.

Qeyd edilən şəxslərə həmin əlilliyə görə pensiya və ya müavinət verilməklə bərabər, onlara Prezidentinin aylıq təqaüdü (I dərəcə əlilliyi olan şəxslərə 250 manat, II dərəcə əlilliyi olan şəxslərə 230 manat, III dərəcə əlilliyi olan şəxslərə 210 manat) də ödənilir. I dərəcə əlilliyi olan şəxslərə qulluq edən şəxslərə Prezidentin aylıq təqaüdü (50 manat) də verilir. Müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət ödənilir. 

Müharibə əlillərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən növbəlilik qaydasında avtomobil verilir. Bu tədbirlər də ildən-ilə geniş vüsət alır. 2020-ci ildə  həmin şəxslərə 400 avtomobil verilməsi nəzərdə tutulub ki, onlardan böyük hissəsi artıq verilib. İndiyədək 6964 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təqdim edilib.

Müharibə əlillərinin ödənişli əsaslarla təhsil alan övladlarının təhsil haqqı, həmçinin I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların da təhsil haqqı xərcləri dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Bu kateqoriyadan olan şəxslərin bərpa müalicəsi tədbirlərinə cəlb edilməsi, tibbi-sosial reabilitasiyası, ehtiyac duyduqları reabilitasiya vasitələri ilə təminatı sahəsində də mühüm işlər aparılır. 
 
Aktiv məşğulluq proqramlarında (özünüməşğulluq, ödənişli ictimai işlər və və s.) şəhid ailələlərinə və ya müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə  üstünlük verilir”.

Orxan Əhmədli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->