"Ağcabədi rayon icra hakimiyyəti başçısı Rafil Hüseynov, onun müavinləri və şöbə müdirləri haqqımızı tələb etdiyimiz üçün şəhid adını ləkələmək istəyirlər artıq buna görə fəaliyyətə başlayıblar.Bu əməl isə vətənə xəyanət Azərbaycan xalqına qarşı təhqqir hesab edilir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri "Asiya.az” xəbər portalının elektron ünvanına Ağcabədi rayonu Əli Talıbov küçəsi, ev 77 sakini, şəhid ailəsi Talıbova Xanım Muxtar qızı tərəfindən göndərilən şikayət məktubunda yazılıb.
Surəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə,
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya,
Azərbaycan Respublikasının Baş Prokuroru cənab Kamran Əliyevə,
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi cənab Əli Nağıyevə göndərilən həmin məktubda yazılır,
"Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, müavinləri Rövşən Əhmədov, Xaliq Mirzəyev, vəzifəli şəxsləri Qurban Babayev, Mərdəli Quliyev və digərlərinin cinayət əməllərinin qarşısı alınması, barələrində qanuni tədbir görülməsini, törətdikləri qanunsuzluqlara görə cavab vermələrinin təmin edilməsini Azərbaycan Respublikasının vətəndaşı və şəhid Ailəsi olaraq tələb və xahiş edirəm.
Belə ki, haqqımız olan 10 ha torpaq sahəsinin verilməsini istədiyimiz üçün Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı və rəhbər vəzifəli şəxsləri ilə aramızda narazıçılıq vardır. Buna görə də Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən ailəmizə təziq göstərilib susdurmaq və ləkələmək məqsədi ilə həyat yoldaşım Əli Talıbovun Şəhidlik statusunun gələcəkdə ləğv edilməsi üçün məqsədli və qərəzli olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxiv İdarəsinə, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, Azərbaycan Respublikası Hərbi Prokuroruna və digər orqanlara məzmununa bilərəkdən yalan, həqiqəti əks etdirməyən məlumatlar daxil edilmiş müraciət ünvanlanaraq həmin qurumlarda həyat yoldaşım şəhid Əli Talıbov barəsində olan müvafiq sənədlərin verilməsi tələb edilmişdir.
Hüseynov Rafilin imzaladığı məktublarda Əli Talıbovun şəhid olması faktı açıq şəkildə şübhə altına alınır və həmçinin məktubda
"... Məlumat üçün bildiririk ki, Əli Talıbov keçən əsrin 90-cı illərində Azərbaycan Xalq Cəbhəsinin Ağcabədi rayon şöbəsinin fəal üzvlərindən olmuş, əhali arasında təxribatçı çıxışları ilə fərqlənmiş və dövlətçilik prinsiplərinə zidd olaraq rayon sakinlərini daimi olaraq dövlətə qarşı itaətsizliyə səsləmişdir” kimi cümlə yazılmış, eyni zamanda "yaranmış zərurətlə bağlı olaraq” məlumt verilməsi istənilmişdir.
İlk öncə qeyd etmək istəyirəm ki, 90-cı illərin əvvəlində olanlar Azərbaycan Xalq Hərəkatı idi, Sovet İmperiyasının Azərbaycanda törətdiyi 20 Yanvar qırğını və digər qanunsuzluqlara qarşı damarlarında Azərbaycanlı qanı axan mərd və qeyrətli oğullar, başda Ümummili Liderimiz Heydər Əliyev Cənabları olmaqla hər bir şəxs etiraz edirdi, nəticədə Azərbaycan Respublikası öz müstəqilliyini qazandı. Bildiyiniz kimi qanlı 20 Yanvar hadisələri olan zaman Ümummili Liderimiz Heydər Əliyev Cənabları, Cənab Prezidentimiz İlham Əliyevlə hadisə yerinə gəlib Sovet İmperiyasının cinayətkar əməllərini pisləməsi barədə bəyanat vermişdir.
Göründüyü kimi Hüseynov Rafil və ətrafındakı şəxslərin şəxsi çirkin maraqları gözlərini o qədər tutub ki, şəhidə ləkə yaxmağa çalışırlar anlamırlar ki, Əli Talıbov tək bizim ailənin Şəhidi deyil, Azərbaycan xalqının şəhididir! Şəhidi təhqir edib, ləkə yaxmaq isə ümumilikdə Azərbaycan xalqını təhqir etməkdir.
Unutmaq olmaz ki, Azərbaycan bu gün də Müharibə Şəraitindədir. Azərbaycan xalqının şəhidini təhqir edən, ləkə yaxmağa çalışan şəxslər ən qısa zamanda məsuliyyətə cəlb edilməlidir.Xüsusi olaraq qeyd edim ki, bşda icra başçısı olmaqla onun müavinıləri və şöbə müdirləri rayon ərazisində qanunsuz olaraq hektarlarla torpaq sahələrini ələ keçiriblər.
Sizdən xahiş edirəm şəhid Əli Talıbov barəsində hansı məqsədlə hansı zərurətlə əlaqədar olaraq dövlət orqanlarına sorğular göndərib, hansı sənədlərin verilməsini istəməsi Ağcabədi rayon icra başçısı Rafil Hüseynovdan soruşub aydınlaşdırılsın, həmçinin Rövşən Əhmədov, Xaliq Mirzəyev, Qurban Babayev, Mərdəli Quluyev və digər vəzifəli şəxsləri barəsində qanuni tədbir görülsün, həmin şəxslər törətdikləri qanunsuzluqlara görə cavab vermələri təmin edilsin.
Ağcabədi rayon icra başçısı Rafil Hüseynov, müavinləri Rövşən Əhmədov, Xaliq Mirzəyev, vəzifəli şəxsləri Qurban Babayev, Mərdəli Quluyev və digərlərinin cinayət əməllərinin qarşısı alınması, barələrində qanuni tədbir görülməsini, törətdikləri qanunsuzluqlara görə cavab vermələrinin təmin edilməsini Azərbaycan Respublikasının vətəndaşı və şəhid ailəsi olaraq xahiş edirəm”.
Şərhlər