ABŞ, İsrail və İrana arasındakı münaqişə artıq iki aydır davam edir və onun nəticələri bütün dünyada hiss olunur. Hindistan və Banqladeşdə fabriklər bağlanır, İrlandiya, Polşa və Almaniyada avia daşımalarında fasilələr yaranır, Vyetnam, Cənubi Koreya və Tailandda isə elektrik enerjisinin istehlakına məhdudiyyətlər tətbiq olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "The New York Times” yazır.
Məqalədə qeyd olunur ki, iqtisadi xaosdan nisbətən yayına bilən yeganə ölkə müharibəni başladan ABŞ-dır. Hətta dünyanın ən zəngin ölkələrindən biri olan BƏƏ qaz yataqlarının zədələnməsi və Hörmüz boğazının bağlanması səbəbilə ABŞ-dan maliyyə yardımı istəyib.
Cəmi 8 həftə ərzində qlobal iqtisadi perspektivlər ciddi zərbə alıb.
"Ən böyük iqtisadi çətinlikləri istehlakçıların yüksək enerji qiymətlərini ödəyə bilmədiyi və hökumətlərin xərcləri kompensasiya etmək üçün kifayət qədər vəsaitə malik olmadığı kasıb ölkələr yaşayacaq. Maliyyələşdirmə şərtləri sərtləşdikcə bu ölkələr üçün zəruri kreditlərin dəyəri də artır", deyə materialda bildirilir.
Yanacaq və gübrə qiymətlərinin artması ilin sonuna doğru ərzaq qiymətlərinin yüksəlməsinə səbəb olacaq. Asiya ölkələri artıq yanacaq qıtlığı ilə üzləşir və müharibə uzandıqca vəziyyət daha da ağırlaşa bilər. Bu isə sənaye istehsalının dayanmasına gətirib çıxaracaq.
Hindistanda metallurgiya zavodları və Yaponiyada avtomobil istehsalçıları enerji qiymətlərinin artması və tələbatın azalması qorxusu səbəbilə istehsalı azaldıb. Çində oyuncaq fabriklərinin işçiləri işlərini itirir.
Hörmüz boğazının bağlanması helium, alüminium və neft kimi məhsulların çatışmazlığına səbəb olub. Bu isə prezervativlərdən tutmuş mikroçiplərə qədər geniş məhsul çeşidinin tədarükünə təsir göstərir.
ABŞ iqtisadiyyatı da bu təsirlərdən tam sığortalanmayıb. Benzin bahalaşıb və bu, aşağı gəlirli ailələrə ciddi təsir edib. Uoll-strit bankları iqtisadi artım proqnozlarını azaldıb, inflyasiya gözləntilərini isə artırıb. Faiz dərəcələrinin yaxın vaxtlarda endirilməsi ehtimalı da demək olar ki, aradan qalxıb. Buna baxmayaraq, ABŞ iqtisadiyyatına təsir digər ölkələrlə müqayisədə daha məhdud qalır.
İqtisadçıların fikrincə, ABŞ-da resessiya ilə bağlı ciddi narahatlıqların yaranması üçün neftin qiyməti bir barel üçün 150 dollara qədər yüksəlməlidir.
"Qlobal miqyasda qıtlıq və yüksək qiymətlər iqtisadi aktivliyin azalmasına səbəb olan təhlükəli dövrü işə salır: yüksək qiymətlər tələbi azaldır, tələbin azalması isə istehsalın, məşğulluğun və xərclərin azalmasına gətirib çıxarır", deyə müəllif əlavə edir.
Aviasiya sektoru da zərər görür: aviasiya yanacağının qiymətinin iki dəfə artması səbəbilə dünyanın 20 aparıcı aviaşirkətinin hamısı uçuşlarının bir hissəsini ixtisar edib. Bu isə turizmə və işgüzar səfərlərə təsir edərək hotellər, restoranlar və pərakəndə ticarətdə xərclərin azalmasına gətirib çıxarıb.
Ekspertlər hesab edir ki, Yaxın Şərqdə müharibə dərhal bitsə belə, Hörmüz boğazından keçid əvvəlki səviyyəyə qayıtmayacaq. Neft və qaz hasilatının dayanması və infrastruktura raket zərbələri səbəbilə yaranan qıtlıq yaxın dörd il ərzində neft qiymətlərinin yüksək qalmasına və ya daha da artmasına səbəb ola bilər.
Aydın
Şərhlər