Ölkə 10:00 18.02.2019

Sən kimsən, doktor Əfqan Abdullayev? - Qarşıdurmalar yaradan prorektorla bağlı (ARAŞDIRMA)

Yəqin ki, çoxunuz doktor Zorge filmini xatırlayırsınız... 

Görəsən, "onu orda, bunu burda” qarşı-qarşı qoymaqla, universiteti mübarizə meydanına çevirməklə, qarşıdurmalar yaratmaqla Əfqan Abdullayevin yarı qalmış arzuları "çin” olacaqmı? O, təkrar rektorluq postunu əldə edə biləcəkmi? Görəsən, Vazeh Əsgərovun, Dünyamin Yunusovun ölkə rəhbərliyi səviyyəsində nüfuzdan salmağa nail olmuş bu şəxsin növbəti məkirli planlarına dur deynən olacaqmı? 

Bu yazımızda da xatırlatmalara keçsək, pis olmaz. Qayıdaq Əfqan Abdullayevin təkrar prorektor olduğu dövrə... Yəni, yeni rektor təyinatından sonrakı "fəaliyyətinə”. 14.06.2017-ci il tarixində newscenter.az saytında "ADU-nu kim idarə edir?” adlı məqalə dərc olunub. Məqalədə yazılır: "Hamı bilir ki, Əfqan Abdullayev istənillən oyunu üçüncü şəxsin əli ilə quraraq sudan quru çıxmağı bacarır. Bu dəfə də belə oldu. Universitetdə hakimiyyətdən əlini üzmək istəməyən bu insan indi də yeni rektoru nüfuzdan salmaq üçün ətrafına təhsil ocağının qocaman müəllimlərini toplayaraq onların vasitəsilə ADU-da struktur dəyişiklikləri təklifini irəli sürüb və israrla bu təklifin zəruri olduğunu Kamal Abdullayevə inandırmağa çalışır. Əslində isə bu struktur dəyişikliyindən istifadə edərək yeni rektoru oyuna gətirmək cəhdidir. Eyni oyuna Ə.Abdullayev vaxtı ilə Dünyamin Yunusovu gətirməyə müvəffəq olmuşdu. Siyasət və idarəetmədən uzaq olan D.Yunusov onun fitvasına gedərək bütün universiteti özünə qarşı ayağa qaldırmışdı. Lakin Kamal Abdullayevin bu intriqabazın toruna düşməsinə heç kim inanmazdı. Öz prinsiplərinə sadiq qalan sabiq rektor əvəzi (hazırda tədris işləri üzrə prorektor) indi də həmin taktikadan istifadə edərək universitetin əksər kafedralarını absurd birləşməyə aparır. O tədris yükünün kafedralara verilmə məsələsini qəsdən dayandırıb, halbuki tədris yükü artıq may ayında kafedralara təqdim olunmalıdır. Bu hərəkəti ilə yanaşı universitetdə struktur dəyişiklikləri haqqında şayələri qəsdən yayaraq insanlar arasında ajiotaj yaradır və narazılıqların sayını artırır. O yaxşı bilir ki, birləşmə nəticəsində kütləvi ixtisarlar və yüzlərlə narazı insan olacaqdır. Bu da yeni rektoru istər universitetdə, istərsə də cəmiyyətdə nüfuzdan salmaq üçün əla fürsətdir. Digər məqsədi isə yeni rektorun diqqətini universitetdə yaratdığı və özünü doğrultmayan struktur və mərkəzlərdən, əlavə yaratdığı ştatlardan, qanunsuz işə qəbul etdiyi insanlardan və kobud qanun pozuntularından yayındırmaqdır”. 

Həmin yazıda qeyd edilir ki, yeni rektor yaxın ətrafında olan insanın ona qarşı belə çirkin oyun aparmasını xəyalına belə gətirmir. Əslində ağılabatan söhbətdir...

Sözügedən yazıda daha bir maraqlı fakt, daha doğrusu, universitet əməkdaşlarının yeni rektora ünvanladıqları müraciət diqqətimizi çəkdi:

"Hörmətli rektor, biz Sizin təyinatınızı böyük ümidlə qarşılamışdıq, elə zənn etmişdik ki, ADU-nun qara günləri artıq geridə qaldı. İndi isə başa düşürük ki, Ə.Abdullayev universitetdə qaldığı müddət ərzində heç bir sakitçilikdən, əməkdaşlıqdan və inkişafdan söz gedə bilməz. Sizdən bütün universitetin professor-müəllim heyəti adından xahiş edirik ki, struktur dəyişikliyi məsələsini mövcud qaydalar əsasında ilkin olaraq fakültə elmi şurasında, sonra isə qəbul olunmuş qərarı universitetin elmi şurasında müzakirəyə çıxarasınız. Bununla yanaşı struktur rəhbərləri və əməkdaşları ilə görüş keçirəsiniz, onların fikrini öyrənəsiniz, nə dərəcədə əsaslı olub-olmamadığını dəqiqləşdirib Ə.Abdullayevin çirkin əməllərinə rəvac verməyəsiniz. Elmdə eksperiment Azərbaycanın gələcəyi üzərində eksperiment deməkdir və bu məsələyə həssas yanaşmaq lazımdır. Sizin zəngin təcrübəniz imkan verəcək kiminlə işləyib-işləmək istəmədiyinizi tez bir zamanda müəyyən edəsiniz və apardığınız islahatları kiminsə istəyi ilə deyil əsaslı şəkildə həyata keçirəsiniz. Ümidvarıq ki, Siz universitetin qabaqcıl kadrlarını ətrafınızda toplayaraq ADU-nun adını yeni müstəvidə cəmiyyətə təqdim edəcəksiniz”.

Ümid edək ki, problemlər banisinin hələ də qanunsuz olaraq prorektor vəzifəsini tutmasının bir sonu olacaq...

Atalar əbəs yerə deməyib: "Tək əldən səs çıxmaz”. "Əlbir olub bir ayı, bir şir ilə” deyimini də nəzərə alsaq, həmin "ayı” ilə yanaşı "şirin” və "dəstəkçi əlin” də kimliyini üzə çıxarmaq olar. Bu isə növbəti yazımızda...

Ardı var... 

Aydın
Qaynarinfo.Az