Hüseynbala Səlimov
Yox, burada Fyodr Tütçevin məşhur şerinin məşhur misralarını yazmayacam. O, istisna deyildi, çox adam belə şeylər deyir və yazırdı, Rusiyanı anlamağa çalışırdı, amma əbəs idi. Tanınmış filosof-publisist Nikolay Berdyayev Rusiyanın yeri və rolu haqqında kitablar yazar, öz millətinin və vətəninin tarixi missiyasını müəyyən etməyə cəhd edərdi, amma ən son nəticədə bunu tapa bilmədi.
Bu gün də belə davam edir. Ağıllı, uzun saqqallı professor- slavyanofillər yeni konsepsiyalar yazmaqda davam edir, amma bunlar heç bir halda cavabları çoxaltmırlar, əksinə sualları artırırlar. Rusiya bu gün də irrasional və məchuldur. Bunu anlamaq üçün qalın-qalın kitabları oxumağa girişmək lazım deyil. Gündəlik məişət müşahidələri də bəs edər.
Ötən həftə televiziya ilə Rusiya Federaasiyasının Fövqəladə Hallar nazirinin dəfnini göstərirdilər. Prezident Vladimir Putinin tədbirə gəlməsi səhnəsi çox təsirli idi. Bu da təsadüfi deyildi. Nazir sadə adamı xilas etmək üçün suya tullanır və həlak olur! Rusiyanın həyatında belə irrasional məqamlar çoxdur. Niyə biz onları irrasional adlandırırıq? Məsələ bundadır ki, söhbət sadə Rusiya vətəndaşının və cəmiyyətinin siyasətdə yerindən gedəndə, söz başqa millətlərə, xüsusən də qonşulara münasibətə gələndə hər şey tamam dəyişir və əksinə olur, belə çıxır ki, sadə vətəndaşın həyatının, maraqlarının heç bir dəyəri yoxdur...
Biz bunun haqqında çox düşünmüşük. Fikirləşirik, məsələ bundadır ki, ictimai–siyasi formasiyaların dəyişməsinin ardınca ictimai–siyasi dəyərlərin dəyişməsi baş vermir, dəyərlərin ierarxiyası dəyişməz qalır: əvvəldə böyük Rusiyanın və qüdrətli Rusiyanın dövlət maraqları gəlir, daha sonra isə növbə vətəndaşın və insanın haqlarına çartır. Böyük və qüdrətli Rusiya dövlətçiliyinin maraqları öz ağırlığı ilə Rusiya vətəndaşını, onun hüquq və maraqlarını əzir. Əslində isə hər şey tərsinə olmalıdır. Başqa dövlətlər bugünkü yüksək inkişafa ona görə çatdılar ki, insanın və vətəndaşın maraq və haqlarının diqtəsilə dövlət qurdular, bu ölkələrədə insan hüquq və haqları dövlətin və dövlətçiliyin fundamentini diqtə edir.
Dünya xəritəsinə baxanda dərhal bir detal diqqətə çarpır: Rusiya ən böyük dövlətdir. Amma onun iqtisadiyyatı, xüsusən də əhalisinin sosial vəziyyəti nəinki Avropanın orta statistik dövlətlərindən biri olan İtaliyanın müvafiq göstəricilərilə müqayisəyə gəlmir, hətta ABŞ-ın bircə ştatından – Kaliforniyadan qat-qat geri qalır.
Səbəb də sadədir. Rusiyada əsrlərcə belə hesab ediblər ki, dövlətçiliyin "maraqları”, yənin imperiyanın maraqları onun əhalisinin və vətəndaşlarının maraqlarından üstündür. Hər şey ona görə edilir ki, "böyük və qüdrətli” Rusiyanın maraqları təmin olunsun. Nəhəng əraziyə malik olmasına baxmayaraq, Rusiya xəritədə nöqtə boyda olan Kuril adalarını güzəştə getmir, kiçik, xırdaca Krımı işğal edir, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova kimi keçmiş sovet ölkələrinin ərazisinin ayrı-ayrı hissələrini nəzarətə götürür. Rusiya siyasətçiləri baş sındırırlar ki, Qazaxstanın şimal əraziləri Rusiyaya birləşsəydi, nə yaxşı olardı! Niyə? Doğrudanmı onlara öz əraziləri çatmır? Yox, bu ölkənin kəndləri boş qalıb, heç kim kənd təsərrüfatı ilə məşğul olmur, ölkə özünün kənd təsərrüfatı ehtiyaclarını zorla ödəyir. Amma onlara yeni torpaqlar, yeni ərazilər ver! Ona görə ki, "böyük və qüdrətli Rusiya” sözləri bu ölkənin imperialist syasətçilərinə əsl opium kimi təsir edir!
Sentyabrda növbəti Duma seçkiləri olacaq. Onlar ölkənin ictimai həyatında nəyisə dəyişəcəkmi? Əlbəttə ki, yox! Biz bəzən sönük seçki reklamlarına tamaşa edirik. Onlar faktiki olaraq mövcud siyasi konfiqurasiyanı təkrar edirlər – eyni partiyalar, eyni şəxslərdir! Ona görə də Rusiya siyasətçilərinin davranışındakı irrasionalizm az qala adamın lap gözünə girir – onlar adi adamı xilas etmək üçün suya da tullanırlar. Amma bircə şeyi görmürlər: təkcə ayrı-ayrı Rusiya vətəndaşları batmır, bütövlükdə Rusiya və Rusiya cəmiyyəti batır...
Şərhlər