İdman 20:44 14.01.2023

Sənan Qurbanov: “Qarabağ” çempionluğu çətin ki, əldən verə”

"Şamaxı”nın sabiq baş məşqçisi Sənan Qurbanov klublarımızın hazırlıqlarını dəyərləndirib.

Bir müddət əvvəl PRO kateqoriyasına yiyələnən mütəxəssis Qaynarinfo-ya açıqlamasında "Neftçi”nin, "Qarabağ”ın transferlərinə də toxunub. Bununla yanaşı şəxsi karyerasında da yenilik olmadığını deyir:

"Hələ sakitçilikdir. Danışıq apardığım klub yoxdur. Adım hallansa da ortada real heç nə olmadı. PRO-nu alandan sonra Belarusdan olan tanışlarımdan biri ilə əlaqə saxlamışdım. O, CV göndərməyimi istəmişdi, amma bu məsələ ləngidi. PRO-nu alandan sonra hələ ki ciddi təklif olmayıb. Birinci Divizion klubları ilə də danışıq olmayıb. Heç ora getmək haqqında düşünməmişəm. Boş vaxtlarımda oyunlara baxıram, klubların hazırlıqlarını izləyirəm”.

Qurbanov klublarımızın Antalyadakı toplanışlarını, yoldaşlıq görüşlərini də izləyir:

"Bəli, demək olar bütün oyunlara baxıram. "Neftçi”nin, "Sabah”ın matçlarını izlədim. Yoldaşlıq oyunlarıdır. Görünür ki, komandalar ciddi hazırlaşırlar. Gənc futbolçuları da hazırlıqlara cəlb ediblər. Bütün komandalarımızda üçüncü dövrəyə çox ciddi hazırlıq gedir. Transferlər olunub. "Sumqayıt”, "Qarabağ”, "Neftçi” futbolçular alıb. Qışda transfer baxımından çətinliklər yaşanır, bunu başa düşmək olur. Hələ ki, "Sabah”da, "Qəbələ”də susqunluqdur. "Zirə”dən səs-soraq yoxdur. Hansı ki, avrokuboklara vəsiqə qazanmaq üçün oynayan komandadır. Çempionat oyunlarına az vaxt qalıb. gözləyək görək nə olur”.

Keçmiş futbolçu mövsümün fasilədən sonrakı hissəsinin necə keçə biləcəyi haqqında düşüncələrini də bölüşərkən, "Qarabağ”ın çempionluğu əldən verəcəyinə inanmadığını, həmçinin "Neftçi”dən fəallıq gözlədiyini deyir:

"Kubok yarışlarında "Neftçi”, "Turan Tovuz”, "Səbail”, "Qəbələ”nin şansları var. Amma aşağı düşməmək uğrunda mübarizə aparan komandalar da var. Sonuncu pilləni tutan komandanın Birinci Diviziona yuvarlanacağı haqqında xəbərdən sonra çempionatımız bir qədər də gərginləşib. Bu təhlükə olduğuna görə komandalar ciddi məsuliyyətə giriblər. Kuboku qazanamaq şansı olanlar həm transfer bazarında fəallaşmağa, həm də fasilədən səmərəli istifadə etməyə çalışacaq. "Səbail” məşqçi dəyişikliyinə getdi. Komandanın psixoloji cəhətdən yenilənməsinə ehtiyac var idi. Bunu qış toplanışında edəcəklər. Yusuf Laval gedəndən sonra "Neftçi” də heyətini gücləndirməyə çalışacaq. Əlbəttə, "Neftçi” üçün yalnız çempionluq uğur sayıla bilər. İlk "üçlük”də mübarizə aparacaqlar, amma onlar üçün əsas prioritet kuboku qazanmaq olacaq ki, mövsümü titulla başa vursunlar. bu komanda üçün uğur sayılacaq. "Qarabağ” çempionluğu çətin ki, əldən verə. Xal fərqi böyükdür. Səviyyə fərqi də göz önündədir. Baxmayaraq ki, yoldaşlıq matçında məğlub oldular. Bunun aidiyyatı olmayacaq. Əksinə belə oyunların hazırlıq dönəmində keçirilmədi daha yaxşıdır. "Neftçi”dən fəallıq gözləyirəm”.

Qurbanov "Neftçi”nin yeni transferi, millimizin də üzvü olan Höccət Haqverdi ilə bağlı yaxşı fikirdə olduğunu bildirir:

"Höccəti cəlb etdilər. Millimizin futbolçusudur. Sadəcə, arxa xəttə yerli limiti dolsa, düşünürəm ki, "Neftçi” hücum üçün əcnəbi futbolçu transferi həyata keçirəcək. Həm də ki, universaldır. Son vaxtlar De Byazi Höccəti müdafiənin sağında da oynadırdı. Ona görə "Neftçi” hər iki komponentdə ondan istifadə edəcək. Həm sağ, həm də sol cinah müdafiəçisi kimi şans verəcəklər. Baxırıq ki, "Neftçi” bu mövqelərdə problemlər yaşayır. məncə uğurlu transferdir. Yerli bazarda futbolçu tapmaq çox çətindir. Olanlar da öz komandalarındadır. Fikrimcə milli üzvü boşda qalarsa hər klub belə addım atmış olar. "Neftçi” daha tez tərpəndi. Höccət uzun illər "Sumqayıt”da oynadı, çempionatımıza bələddir. Əslində millidə də yaxşı təsir bağışlayırdı. Demək olar həm yığmada, həm də "Sumqayıt”da bütün oyunlarda meydana çıxıb. Düşünürəm ki, yığma üzvü belə olmalıdır. Əsas heyət oyunçusudur”.

Millimizin sabiq hücumçusu "Qarabağ”ın yeni transferi Adama Diakabi haqda məlumatı olduğunu da söyləyir:

"Əvvəllər adından söz etdirən oyunçu olub. Eşitdiyimə görə "Qarabağ” hətta daha əvvəl də bu futbolçunu transfer etmək istəyib. Sadəcə, o vaxt transfer məbləği çox böyük olub. "Monako”ya 10 milyon avroya getmişdi. Son dönəmlər oyun praktikasından əziyyət çəkir. Demək olar bir ilə yaxındır oynamır. Amma klubun daha yaxından tanıdığı isimdir. Əvvəlki formasını bərpa edərsə, düşünürəm ki, "Qarabağ” ondan istədiyini ala biləcək. Hər halda transfer siyahılarında çoxdan olub və daha yaxşı tanıyırlar. Bir müddət onun formaya düşməsi üçün zaman lazım olacaq. "Qarabağ”da bu işin öhdəsindən yaxşı gəlir. Portuqaliyanın ikinci liqasından gələn Kadini 5 milyona satıblarsa, düşünürəm ki, bu futbolçunun formasını bərpa etməsi uzun zaman almayacaq”.

Kadinin satılması, həmçinin Ovusunun gedişinin "Qarabağ”a hansı təsirləri ola biləcəyi haqda sualı cavablandıran Qurbanov bunun elə də problemlər yaratmayacağı düşüncəsində olduğunu deyir:

"Əslində Kadinin gedişi "Qarabağ” üçün uğurlu oldu. Belə götürəndə Azərbaycan çempionatından, azarkeşlərdən, reklamlardan gəlir olmur. "Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı sayəsində oyunçulara təkliflər gəlir. Bu gün klub da pul qazanmalıdır. hamımız istəyirik ki, "Qarabağ” uğurlu olsun. Vadji gedəndən sonra, düşündük ki, hücum xəttində problem yaşanacaq. Amma onun yoxluğunu hiss etdirmədilər və avrokuboklarda yenə uğurlu oldular. Andrade də gedəndə düşünürdük ki, mərkəzdə problem yaranacaq. Amma belə olmadı. Bu, sistematik bir işdir. Görünür, kadinin yerinə transferə hazırlaşırlar. Qurban Qurbanovun son müsahibəsini oxudum. Axtarışların davam etdiyini və bunun son olmayacağını dedi. Bu mənada klub öz işini davam etdirir. Kadidən asılı olmayan bir "Qarabağ” var. Yaxşı futbolçudur. Ancaq nəzərə alın ki, aylıq 7-8 min dollar məvacibi olan Kadi üçün Avropadan gələn sərfəli təklifi dəyərləndirdilər. Eşitdiyimə görə başqa təklifləri də var idi. Görünən odur ki, yeni Kadilər ortaya çıxacaq. Bilirik ki, "Gent”lə çox vacib oyunları var. Ovusu bilmirəm komandada qalacaq ya yox. getsə bir balaca sıxıntı ola bilər. Qarşıdakı günlərdə yeni hücumçu transfer edə və ya Ovusunu saxlayıb yayda göndərməklə başqa futbolçu ala bilərlər”.

Səbuhi Həsənov