Foto 17:58 26.02.2021

Sərgi salonuna çatanda gördüm işlərimi oğurlayıblar... (MÜSAHİBƏ)

Qaynarinfo gənc rəssam, sosial şəbəkələrdə müxtəlif əşyalar üzərində olan rəsmləri ilə məşhurlaşmış Ayşad Məmmədova ilə müsahibəni təqdim edir.

- Ayşad, nəyi rəsmini çəkə bilməzsiz? Həm öz sərhədləriniz baxımından, həm də istedad. Varmı belə bir rəsm?
- Məncə, hər şeyin şəklini çəkə bilərəm. Özümü çərçivələdiyim bir mövzu və ya janr yoxdu ki, deyim, bunu heç vaxt bacarmaram, çəkməyim.

- Bir neçə rəssama vermişəm bu sualı, hər dəfə də eyni cavab almışam. Və hamısının da səbəbləri eyni. Cəmiyyət, mentalitet və s. Məsələn, kişiləri tamamilə lüt, ya nude çəkə bilərsinizmi? İstəyən olsa, sifariş verilsə...
- Kişi və ya qadın heç bir fərqi yoxdur. Amma mən dərs xaric, heç bir yerdə çəkməzdim. Çoxluq olaraq işləyəndə daha maraqlı gəlir sənə. Sifariş olaraq canlı natura olsa, birincisi səbrim çatmaz o insanla işləməyə. Yox, "baxın, şəkildən çəkin” desə, o zaman bəlkə. Amma öz sifarişlərimdə belə, həmin adamdan enerji almıramsa, heç üz cizgilərini işləmirəm, qaldı ki, bütün bədən.

- Necə yəni, məsələn, bir kişi sifariş verib öz portretini və siz simasını bəyənmədiniz deyə çəkmirsiz? Olub heç belə şeylər? Demisiniz, ya nəsə çatdırmısınız?
- Bəli, olub. Bəyənmək deyəndə, gözəllik anlayışı kimi başa düşülməsin. Hər kəsin öz enerjisi olur. Pozitiv və neqativ. Həmin insana baxdıqdan sonra məndə xoş aura yaratmayıbsa, alınmır. İş çoxdur və ya istədiyiniz zamana heç cür alınmır deyirəm, sifarişi ləğv edirəm. Bu sənət elədir ki, heç bir halda məcburiyyət olmamalıdır. Kişi portreti də, qadın portreti də olsa. Və bu, tək-tük hallarda baş verir.

- Əksər rəssamlar narazılıq edir ki, əsərlərimiz satılmır. Onda belə çıxır ki, siz bu işdən kifayət qədər pul qazanırsız, məmnunsunuz? Sifarişləri istədiyiniz zaman ləğv etdiyinizə görə deyirəm...
- İnsanın özündən çox şey asılıdır. Hətta mən pul xətrinə başlamamışam bu işə. İnsanlar özləri işlərimi almağı təklif edib. Dəsti-xəttim xoşlarına gəlir yəqin. Və beləcə, kiçik biznesim hər keçən gün bir az da böyüyür. Yəni, işdən çox yaşamımın bir parçasıdır. Mənə bəs edəcək qədərini qazanıram.
Narazılıq edənlərə isə haqq qazandırıram. Bəzi işləri heç kim almaq istəmir. Çünki onu hiss edəcək və başa düşəcək duyum hamıda olmur. Rəssamın dünyası başqa olur. Pozitiv yanaşmaq lazımdır. Yaxşı düşün, yaxşı olsun. Bütün gün uğursuz olacaq, heç kim almaz, bəyənməz və s. kimi fikirləri beyindən uzaq tutmalıyıq.

Mənim bütün işlərim mənim bir parçamdı, öpüb elə yola salıram hər birini. Satış olsa da, olmasa da bu dəyişmir. Əsla ruhdan düşmürəm.

- Biznes demiş, deyəsən, səndən başqa sənin etdiklərini edən yoxdur. Müxtəlif əşyalar üstündə rəsmlər, portretlər işləyirsən. Əsasən də kiçik daşlar üzərində. Bu, öz ideyandır, yoxsa, kimlərsə edir, sən isə mən də edə bilərəm deyirsən?
- Mənim ideyam olan boyunbağılardır əsas. Hətta onlarla tanınmışam. Başlayanda demək olar ki, heç kimdə yox idi.
Sonra fake profillər açaraq necə etdiyimlə bağlı suallar gəlməyə başladı. Digərlərini edənlər var təbii. Çoxdur. Amma işini sözün əsl mənasında bacaranlar çox deyil. İndi hər kəs səhifə açır, hətta "ən uyğun qiymətli" deyə başlıq da yazırlar. Adamın bütün əsəb sistemi çökür. Sanki qab-qacaq satışı edirlər. Əziyyət çəkib, iş işlənilmir. Əməyə dəyər vermək lazımdır. Məndə də filan şeyi daha yaxşı edə bilərəm dediyim olur. Amma kiminsə ideyasını oğurlamıram bəzilərindən fərqli olaraq. Öz dəsti-xəttimə uyğunlaşacaq formalara salıram. Buna da təcrübə deyilir. Və bu sirləri paylaşmaq düzgün deyil. Səni özəl edəcək şeylər olmalıdır.

- İşlərini evdə görürsən, deyəsən. Bəlkə biznesi böyütmək, brend olmaq üçün emalatxana, daha yaxşı bir reklam və s. işlər lazımdır? Hazırda online işləyirsən, amma mağaza olsa, məsələn, daha yaxşı olmazmı?
- Bunların hamısı bir-bir düşünülüb. Evdə işləyirəm, çünki rahata çox alışmışam. Bütün ev mənə qalır. Otağım qarışıq hər yer emalatxanadır mənə.
Mağaza ola bilər. Tək hələ düşünmürəm. Təhsilimi tam bitirdikdən sonra düşünəcəm. İstəklərim tez-tez dəyişir və çoxalır. Amma məhsullarımın topdan satışıyla bağlı təkliflər çox olur. Razılıq vermirəm təəssüf ki. Çünki öz yaradacaqları ad altında satışın olmasını istəyirlər. Müəllif olaraq belə şeyə razı ola bilmirəm. Əməkdaşlıq etdiyim bəzi səhifələr var. Yola getdiyimiz müddətcə heç bir problem olmur.

- Rəssamlıq üzrə təhsil alırsız?
- Daha artığı. Müəllimlik. Təsviri incəsənət müəllimliyi. Rəssamlıq akademiyasının 2-ci kurs tələbəsiyəm. Eyni zamanda, 2-ci təhsilimdir rəssamlıq üzrə.

- Rəssamlıq təhsilini xaricdə davam edən, hətta orda qalan adamlar da var. Sərgilər keçirirlər və s. Belə bir fikrin varmı? Məsələn, sərgi keçirsən, uğurlu olar?
- Təhsil təkmilləşmək üçün çox yaxşıdır. Diplom müdafiəmizdən sonra müəllimim bizlə sağollaşanda eynisini demişdi. "Cavansız, gedin başqa ölkələrin incəsənəti ilə tanış olun, orda təhsil alın, gəzib-dolaşın" . Təməl bu ölkədə atılıb amma.
Sərgi keçirsəm, uğurlu və ya uğursuz olacağı ilə bağlı bir şey bilmirəm. İşlərimin hamısında sevgi olduğuna görə mənə görə uğurludur. Digərləri necə sayar, çox da düşünmürəm əslində. Bu gün, sabah, 1 il sonra, 10 il sonra... Könlümə nə zaman düşəcəyinə bağlıdır. Zaman göstərəcək, amma onu qeyd edim ki, bir dəfə planlanmış halda sərgi keçirtmək istəyərkən işlərim oğurlanmışdı, onda da mən balaca idim. Risq edə bilmirəm indi bəlkə də.

- Necə yəni oğurlanmışdı?
- Sərgi günü salona çatanda işlərim yox idi. Əksəriyyətini oğurlamışdılar. Mən də oturub ağlamışdım...

- Bəs, tapılmadı kim oğurlayıb?
- Tapılmadı heyif ki. Kiminsə çox xoşuna gəlib, aparıb...

- Azərbaycanda tanıdığın elə gənc rəssamlar varmı, çox istedadlıdırlar, amma müəyyən səbəblərə görə tanınmırlar, işləri üzə çıxmır?
- Ad çəkməsəm, daha yaxşı olar. Çünki olduqca çoxdu yaxşı rəssam, heykəltaraş, keramist, qrafik, xalçaçı və s. sahələrdə işləyən bacarıqlı gənclərimiz. Səbəbləri də fərqlidir. Amma yəqin ki, hər biri tanınacaq.

Orxan Saffari