"Amazon" məşhur Ceyms Bond seriyasının yeni filmində baş rola daha gənc bir aktyor seçmək niyyətindədir.
Qaynarinfo xəbər verir ki, "Variety" nəşrinin məlumatına görə, layihənin rejissoru artıq müəyyənləşib - bu, "Dyuna" və "Arrival" filmləri ilə tanınan kanadalı rejissor Deni Vilnöv olacaq. Film 2028-ci ildə nümayişə çıxacaq, çünki layihənin miqyası daha erkən premyeranı qeyri-mümkün edir.
"Amazon" gənc Bond axtarışındadır
Studiya hazırda ilk növbədə ssenarist seçiminə, daha sonra isə agent 007 rolunun yeni ifaçısına diqqət yetirəcək. Məlumatlı mənbələr bildirir ki, "Amazon" və filmin prodüserləri 30 yaşından aşağı britaniyalı aktyor axtarırlar.
Hazırda müzakirə olunan əsas namizədlər arasında "Saltburn" filmindəki rolu ilə tanınan Ceykob Elordi, "Hörümçək adam"ın ulduzu Tom Holland və "Hörmətli qız" filmindən Harris Dikinson yer alır.
Maraqlıdır ki, Elordi əslində avstraliyalıdır, lakin bu, layihədə iştirakına maneə kimi qiymətləndirilmir.
Kavill və Elbanın şansları azalır
Ulduzlar arasında daha əvvəl adı çəkilən Aaran Teylor-Conson (35 yaş), Henri Kavill (42 yaş) və fanatların uzun müddətdir Ceyms Bond rolunda görmək istədiyi İdris Elba (52 yaş) artıq bu yaş kriteriyasına görə bu rola uyğun sayılmırlar. Üstəlik, Elba dəfələrlə bu rola maraq göstərməkdən yayınıb.
Yeni dövr üçün yeni istiqamət
Rejissor Deni Vilnöv hazırda "Dyuna: Məsih" filminin çəkilişlərinə başlamağa hazırlaşır. Bu layihənin 2026-cı ilin dekabrında təqdim olunması planlaşdırılır.
Vilnövün "Amazon"la müqaviləsi isə yalnız bir film üçündür - o, davam filmləri çəkməyə məcbur deyil və montajda son sözü də onun deyil. Qeyd edək ki, daha əvvəl Bond seriyasının iki filmini ardıcıl çəkən son rejissor Sem Mendes olmuşdu ("Skyfall” və "Spectre”).
"Amazon" həmçinin ssenari yazmaq üçün potensial namizədlərin siyahısını hazırlayır. Bu siyahıda adı çəkilən şəxslərdən biri də Conatan Nolandır. Onun layihə üçün təqdim etdiyi konsepsiya studiyada böyük maraq doğurub. Lakin Nolanın digər layihələrlə çox məşğul olduğu üçün bu işə qoşula bilməyəcəyi bildirilir - baxmayaraq ki, o, "Fallout” serialı vasitəsilə artıq "Amazon”la sıx əməkdaşlıq edir.
Aydın
Şərhlər