Havada yanacaq doldurulması – müasir aviasiyanın əsas texnologiyalarından biridir. Bu üsul döyüş təyyarələrinin eniş etmədən saatlarla havada qalmasına, mürəkkəb tapşırıqları yerinə yetirməsinə imkan verir. Xüsusi yanacaqdaşıyıcı təyyarələr vasitəsilə yanacaq birbaşa uçuş zamanı ötürülür ki, bu da qırıcıların fəaliyyət radiusunu və döyüş qabiliyyətini xeyli artırır.
Qaynarinfo xəbər verir ki, "Wionews” bu yüksək texnoloji imkanla təchiz edilmiş və səmada dözümlülüyün simvoluna çevrilmiş altı qırıcını
sadalayıb:
F/A-18 Super Hornet – okean üzərində yanacaq ustası
Amerikanın F/A-18 "Super Hornet” təyyarəsi ABŞ-ın əsas gəmi bazalı döyüş təyyarələrindən biridir. Onun yanacaq doldurma sistemi pilotlara birbaşa okean üzərində — KC-135 tipli yanacaqdaşıyıcılardan və ya göyərtədəki "badi-tanker”lərdən — yanacaq almağa imkan verir. Dəqiq zondu və naviqasiya sistemi sayəsində "Super Hornet” uzunmüddətli döyüş tapşırıqlarını aviadaşıyıcıya qayıtmadan yerinə yetirə bilir.
"F-16 Fighting Falcon” – hər şəraitə uyğun universal döyüşçü
Əfsanəvi F-16 həm ştanqlı, həm də zondlu yanacaq doldurma sisteminə malikdir. Bu isə onu müxtəlif tip yanacaqdaşıyıcılarla uyğun işləməyə imkan verir. Hindistan Hərbi Hava Qüvvələri yaxın zamanda KC-135 təyyarələri ilə belə əməliyyatlarda pilot təlimini təkmilləşdirib. Nəticədə F-16 daha uzaq məsafələrdə fəaliyyət göstərə bilir və dünyanın ən çevik qırıcılarından biri statusunu qoruyur.
Su-30MKI – Hindistanın uzaqmənzilli qoruyucusu
Güclü Su-30MKI təyyarəsi "zond və səbət” sistemi vasitəsilə havada yanacaq doldurur və bu məqsədlə İl-78MKI yanacaqdaşıyıcılarından istifadə edir. Bu imkan ona uzaq məsafələrdə missiyalar yerinə yetirməyə, strateji hədəfləri qorumağa və Hindistanın regiondakı hava məkanında davamlı mövcudluğunu təmin etməyə şərait yaradır.
"Rafale” – fransız dözümlülüyü və dəqiqliyi
"Dassault Aviation” tərəfindən istehsal edilən çoxməqsədli "Rafale” təyyarəsi havada "zond və səbət” sistemi ilə Airbus A330 MRTT yanacaqdaşıyıcısından yanacaq qəbul edir. Bu imkan ona yanacaq ehtiyatından güzəştə getmədən minlərlə kilometr məsafə qət etməyə və əlavə silah daşımağa şərait yaradır.
"Tejas” Mk1A – Hindistan aviasiyasının qüruru
Tamamilə Hindistanda hazırlanmış yüngül qırıcı "Tejas” Mk1A havada yanacaq doldurmaq üçün zondlarla təchiz edilib. Aşağı çəkisi və qənaətcil mühərriki sayəsində bu təyyarə uzunmüddətli uçuşlarda son dərəcə səmərəlidir. Bu, Hindistanın hərbi aviasiyada müstəqilliyə doğru daha bir addımıdır.
F-35 Lightning II – yanacaq doldurmanın gələcəyə baxışı
Ən müasir qırıcı olan F-35 müxtəlif yanacaqdaşıyıcı təyyarələrlə uyğun işləyən qabaqcıl sistemlərlə təchiz edilib. "Boeing” artıq dron-tanker vasitəsilə avtonom yanacaq doldurma sınaqlarına başlayıb. Gələcəkdə bu texnologiya F-35-in demək olar ki, limitsiz müddətə havada qalmasına imkan verəcək.
Havada yanacaq doldurulması təkcə texniki rahatlıq deyil, həm də strateji üstünlükdür. Bu texnologiya müəyyən edir ki, bir ordunun nə qədər uzağa gedə biləcəyi və onun təyyarələrinin səma üzərində nə qədər müddət üstünlük göstərə biləcəyi harada bitir.
Alpər
Şərhlər