2050 üçün hazırlanmış ssenari 2026-cı ildə reallığa çevrilib. Mütəxəssislər isə "zaman cədvəlinin pozulduğunu” və "səssiz qatil” adlandırılan təhlükəni vurğulayırlar.
Qayanrinfo xəbər verir ki, Avropanı təsiri altına alan ekstremal istilər iqlim böhranına dair ən pessimist proqnozların belə nə qədər tez reallaşa biləcəyini bir daha gündəmə gətirib.
"Zaman cədvəli pozuldu"
"Washington Post”un məlumatına görə, Ümumdünya Meteorologiya Təşkilatının (WMO) 2014-cü ildə Fransa üçün 2050-ci ilə dair hazırladığı temperatur proqnozları gözləniləndən təxminən 24 il əvvəl aşılıb. Bu səbəbdən elmi dairələrdə "zaman cədvəli pozuldu” qiymətləndirməsi səsləndirilib.
Fransanın bəzi bölgələrində temperaturun 44,3 dərəcəyədək yüksəlməsi yalnız gündəlik həyatı deyil, səhiyyə sistemini də ciddi şəkildə çətinləşdirib. İlkin məlumatlara görə, istilərin təsir göstərdiyi günlərdə ölkədə 1000-dən çox ölüm qeydə alınıb.
2050 proqnozları 2020-ci illərdə gerçəkləşdi
2014-cü ildə WMO tərəfindən aparılan tədqiqatda 60 iqlim alimi Fransanın 2050-ci il yay şəraitini modelləşdirmişdi. Ssenarilərdə ölkə üzrə maksimal temperaturun 40–43 dərəcə arasında olacağı proqnozlaşdırılırdı.
Lakin son günlərdə Avropanı bürüyən isti hava dalğası zamanı bu göstəricilər bir çox bölgədə aşılıb. Fransa ərazisində ölçmə aparılan 34 məntəqənin 19-da 2050 üçün nəzərdə tutulan hədlərin keçildiyi, bəzi yerlərdə isə proqnozların 2 dərəcədən çox aşdığı bildirilib.
"Bu, istisna deyil"
İqlimşünas Robert Rohde baş verənlərin tək hadisə olmadığını bildirib. Onun sözlərinə görə, Qərbi Avropa gələcəkdə daha tez-tez ekstremal istilərlə üzləşəcək: "Bu, təsadüf deyil, yeni normanın bir hissəsidir".
Fransanın meteoroloji xidməti Meteo-France isə mövcud tendensiyanın davam edəcəyi halda 2100-cü ilə qədər isti hava dalğalarının iki aya qədər fasiləsiz davam edə biləcəyi barədə xəbərdarlıq edib.
1000-dən çox ölüm
Fransa İctimai Səhiyyə Agentliyi (Sante Publique France) bildirir ki, isti hava dalğasının təsir göstərdiyi çərşənbə–şənbə günləri arasında ölkədə 1000-dən çox ölüm qeydə alınıb.
Həyatını itirənlərin əksəriyyətini 65 yaşdan yuxarı şəxslər təşkil edib. Eyni zamanda bütün yaş qruplarında ölüm göstəricilərində artım müşahidə olunub. Xüsusilə xəstəxanalar, qocalar evləri və iri şəhərlərdə vəziyyət daha ağır olub.
Gündəlik həyat iflic oldu
Rekord istilər Fransada yalnız sağlamlıq böhranı deyil, həm də gündəlik həyatda ciddi pozuntular yaradıb. Qatar reyslərində gecikmələr qeydə alınıb, bəzi məktəblər bağlanıb, iş saatları məhdudlaşdırılıb.
Kondisioner satışlarında artım müşahidə olunub. Bir çox vətəndaş evləri sərin saxlamaq üçün pəncərələri örtüklərlə bağlayıb və ya əks etdirici materiallardan istifadə edib.
Eyni zamanda sərinləmək məqsədilə çay və göllərə girən şəxslər arasında ölüm hallarının artdığı bildirilir. Fransa Daxili İşlər Nazirliyi 18 iyundan bəri 74 nəfərin boğularaq öldüyünü açıqlayıb.
"Səssiz qatil"
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Ghebreyesus Avropada 21 iyundan bu yana 1300-dən çox istiliklə əlaqəli ölüm qeydə alındığını bildirib. Onun sözlərinə görə, yüksək temperatur "səssiz qatil”dir:
"Avropadakı evlər, iş yerləri və məktəblər bu temperatur səviyyələrinə uyğun inşa edilməyib".
Aydın
Şərhlər