Foto 18:25 10.12.2017

Səudiyyədə ilk dəfə qadın müğənni konsert verdi (FOTOLAR)

Səudiyyə Ərəbistanında ilk dəfə bir qadın ictimai yerdə konsert proqramı ilə çıxış edib.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, livanlı müğənni Hiba Tavaji Riyadda qadın tamaşaçılara konsert verib. Ancaq xanımlar üçün nəzərdə tutulan konsertə qadınlar qara çadra ilə gəliblər. Müğənnini dinləyicilərə təqdim edən aparıcı "Bu, Səudiyyə Ərəbistanında fəxr ediləsi andır. Ölkədə ilk dəfə qadın müğənninin səhnə almasına icazə verilməsini təqdir etmək lazımdır" deyib. 

Livanlı müğənni ərəb mahnılarından əlavə, Uitni Hyuston, Selin Dion kimi məşhur müğənnilərin repertuarına da müraciət edib. Qadınlar Tavajini ayaq üstündə alqışlayıb. Konserti telefonlarla çəkən qadınların bəziləri çadralarını ataraq proqramı izləməyə davam ediblər.

Qeyd edək ki, Səudiyyə vəliəhdi Məhəmməd İbin Salman ölkədə "Mülayim İslam" qaydaları tətbiq etməyə başlayıb. Ölkədə qadınlara verilən hüquqlar günbəgün artırılır. Qısa müddət əvvəl qadınlara maşın sürmək hüququ verilmişdi.

Gülşən