Ölkə 13:51 06.06.2018

Seysmoloji Mərkəzdən açıqlama: ölkədə 99 təkan qeydə alınıb

"Zaqataladakı 6 ballıq zəlzələdən sonra ölkə ərazisində 99 afterşok qeydə alınıb".

Qaynarinfo xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, afterşokların hamısı zəif olub: "Afterşokların heç biri hiss olunmayıb və hazırda davam edir".

Qeyd edək ki, iyun ayının 5-də yerli vaxtla saat 22:40:27-də Zaqatala stansiyasından 16 km cənubda Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub. Zəlzələnin davam etmə müddəti 28 saniyə olub.

Zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon Xəstəxanalarının (MRX) Təcili Yardım Şöbələrinə ümumilikdə 31 müraciət daxil olub. Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələdən həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub. Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax MRX-a yerləşdirilən Gülər Durmuşzadəyə lazımi tibbi yardım göstərilib.