Xəbər lenti

Sığorta kapitalının məbləği artacaq? (AÇIQLAMA)
Ekonomiks 15:49 25.12.2024

Sığorta kapitalının məbləği artacaq? (AÇIQLAMA)

Ölkədə minimum əmək haqqı 400 manata qaldırılıb. Mimimum təqaüd artan kimi pensiyaya çıxmaq üçün tələb olunan minimal kapital səviyyəsi də artır. Bu gün minimal kapital səviyyəsi 40320 manatdırsa, gələn ildən isə bu rəqəm 46080 manat olacaq. 

Ölkədə minimum  kapital səviyyəsinə çatmaq üçün maaşlar və gəlirlər yetərsizdir. Çünki insan bütün ömrünü işləyir, maaş və gəlirindən  DSMF-yə pul köçürür, sonra pensiya almadan həyatdan köçəndə həmin vəsaiti almaq ailəsinə də qismət olmur. 

İqtisadçı ekspert Akif Nəsirli Qaynarinfo-ya açıqlamasında bildirib ki, əhalinin istifadə etmədiyi sığorta kapitalını özünə və varislərinə qaytarmaq Azərbaycanın pensiya modeli üçün çətin məsələdir:
 
"Ona görə ki, bizim hər ay Dövlət Sosial Müdafiə Fonduna verdiyimiz sığorta haqqı hansısa bir hesabda toplanmır. Biz işləyib sığorta haqqı ödəyirik və həmin vəsaitlə indiki təqaüdçülər pensiya məvaciblərini alırlar. Yəni, əmək qabiliyyətli əhali işləyərək indiki pensiyaçıları saxlayır. Bu vəsait kapital olaraq hansısa hesabda yığılmır. Ona görə də bunun qaytarılması məsələsi bir qədər çətindir. Olmayan yerdən nə vermək olar? Onun üçün qanuna düzəliş edilsə, yəni istifadə edilməyən sığorta kapitalının vətəndaşın özünə və ya varislərinə qaytarılması üçün dövlət büdcəsindən vəsait ayrılmalıdır".
 


Ekspert hesab edir ki, dövlət büdcəsindən vəsaitin ayrılması ilə problemi həll etmək mümkündür:
 
"Amma başqa modellər var, yəni şəxsi hesaba pensiya kapitalının toplanması ilə çalışan modellərdə bu asandır. Büdcəyə müraciət etmədən vətəndaşın şəxsi hesabına yığılmış pensiya kapitalını qaytarmaq olur. Bu sistem fərqlidir. Şəxsi hesab sistemində vətəndaş işlədiyi dövrdə ödədiyi sığorta məbləğləri onun şəxsi hesabında toplanır, hər il indeksləşdirilir. Həmin vəsaitləri hətta ən yüksək faizlər verən banklara qoyurlar, üstünə pul gəlir. Vətəndaş pensiyaya çıxdıqda onun pensiya kapitalı kimi problemi olmur. Həmin modelin çalışdığı ölkələrdə vətəndaş vətəndaşlığını itirəndə, məsələn, mən Almaniya vətəndaşlığından çıxıb, Belçika vətəndaşlığını qəbul edirəmsə və bu iki ölkə arasında pensiya təminatı barədə müqavilə yoxdursa, dərhal pensiya kapitalını vətəndaşlığını itirdikdən sonra vətəndaşın özünə nəğd şəkilində verilir. Müqavilə varsa, hansı ölkənin vətəndaşıdırsa, pensiya kapitalı həmin ölkəyə transfer edilir. Bu modeldə məsələləri həll etmək asandır".

Sığorta kapitalının artmasına gəlincə, Akif Nəsirli qeyd edib ki, bu minumum əmək pensiyasına bağlıdır:

"Pensiya nə vaxt qalxsa, minumum sığorta kapitalının məbləği də ona uyğun olaraq qalxır. Bir tərəfdən bu optimal variantdır. Əhalinin kapital yığmaq, rəsmi işləmək marağı olmalıdır. Belə olmasa, əhali rəsmi işləməyə üstünlük verməyəcək. Hesab edirəm ki, indiki pensiya modelinə uyğun real bir qaydadır".

Akif Nəsirli hesab edir ki, sığorta kapitalının minumum əmək pensiyasının məbləğinə bağlı olması realdır. 

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->