“Şimal-Cənub” dəhlizi ilə ilk qatar yola salındı: Azərbaycan nə qazancaq?

“Şimal-Cənub” dəhlizi ilə ilk qatar yola salındı: Azərbaycan nə qazancaq?

"Güman edilir ki, "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin reallaşması beynəlxalq yükdaşımanın həcminin və qeyri-neft gəlirlərimizin artmasına imkan verəcək”.

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, dəhliz ilə ilk konteyner qatarı Rusiya, Azərbaycan və İran ərazisindən keçməklə Hindistana çatdırılacaq:

""Şimal-Cənub” dəhlizi istifadəyə verilir. Belə ki, Finlandiyanın Helsinki şəhərindən Hindistanın Nava Şeva limanına ilk konteyner blok qatarı yola salınıb. Qeyd edək ki, 2000-ci ildə İran, Rusiya və Hindistan tərəfindən "Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizi” layihəsi yaradılıb. 2005-ci ildən etibarən layihənin önəmli parçasına çevrilən Azərbaycan aktiv şəkildə dəhlizin reallaşmasına dəstək olub. Şüveyş kanalında son baş verən qəzadan sonra isə "Şimal-Cənub” dəhlizinin əhəmiyyəti daha da yüksəlib. Belə ki, nəinki region ölkələri, həmçinin inkişaf etmiş dövlətlər də layihəyə regionda əsas alternativ nəqliyyat dəhlizi kimi yanaşırlar. Bu isə dəhlizin iqtisadi səmərəliliyini artırmaqla yanaşı, strateji əhəmiyyətini də yüksəldib”.
 
 

Vüqar Bayramov hesab edir ki, Rusiyadan Hindistana qədər uzanan nəqliyyat dəhlizi region üzrə beynəlxalq yükdaşımaların həcminə xüsusi təsir göstərəcək:

"Azərbaycan həm investisiya, həm infrastruktur baxımından layihənin reallaşmasına dəstək verib. Layihənin həyata keçməsi Azərbaycan üçün beynəlxalq yükdaşımaların həcminin artırılması baxımından da vacibdir. Beynəlxalq daşımalar ölkəmizin qeyri-neft sektorunun əsas istiqamətlərindən biridir. 

Eyni zamanda, layihə Azərbaycanın strateji mövqeyinin güclənməsi baxımından da əhəmiyyətlidir. Xüsusən də, Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi kontekstindən bölgəni əhatə edən beynəlxalq nəqliyyat layihələrinin əhəmiyyəti yüksəlməkdədir”.

Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR