Qaynarinfo "Deutsche welle” saytının Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu SİPRİ-nin son hesabatı ilə bağlı yazısını təqdim edir.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu son hesabatında qlobal fövqəladə vəziyyət barədə xəbərdarlıq edib.
Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu "Sülh mühiti: Risklərin yeni erasında təhlükəsizlik" adlı son hesabatında geniş və narahatedici mənzərəni təsvir edib.
"Mürəkkəb ekoloji böhran və tutqunlaşan təhlükəsizlik üfüqü təhlükəli şəkildə bir-birini qidalandırır”,- SİPRİ-nin tədqiqatçıları yazır.
Kəsilmiş meşələr, əriyən buzlaqlar və çirklənmiş okeanlar münaqişə ilə bağlı ölümlərin, silah xərclərinin və aclıq riski altında olan insanların sayının artması ilə eyni vaxtda baş verir. Pandemiyalar daha çox təhlükə yaradır.
Somali bu cür eyni vaxtda baş verən fövqəladə hallara nümunədir. Şərqi Afrika ölkəsi iki ildir davam edən quraqlıq, yoxsulluq və Əl-Şabab terror qruplaşmasının hücumları ilə mübarizə aparır.
Oxşar problemlər Mərkəzi Amerikada da yaranıb. İqlim dəyişikliyi ilə əlaqəli məhsul çatışmazlığı münaqişə və korrupsiya ilə birləşərək Birləşmiş Ştatlara doğru kütləvi köçə səbəb olur.
Hərəkət etmək vaxtıdır
SİPRİ bildirir ki, qlobal planı olmayan dünya bu bir-birinə qarışmış təhlükələr qarşısında büdrəyir.
"Təbiət və sülh bir-birinə o qədər sıx bağlıdır ki, birinə zərər vermək digərinə zərər verir. Eyni məntiqlə, birini gücləndirmək digərini gücləndirir. Hərəkət etmək mümkündür - və onun vaxtı indidir”, - SİPRİ-nin direktoru Den Smit DW-yə deyir.
Hesabatın açıqlanması Sülh və İnkişaf üzrə 9-cu illik Stokholm Forumunun başlanması ilə bir vaxta düşür və bu SİPRİ-nin siyasətçilər və qərar verənlər üçün oyanış çağırışıdır. SİPRİ-yə görə, bir çox hökumətlər böhranların dərinliklərini görə bilməyiblər - və ya hətta problemlərə fəal şəkildə etinasızlıq göstərərək onun daha da pisləşməsinə səbəb olublar.
Smit bəzi hökumətlərin "hərəkət etmək istədiklərini, lakin onların son iki ildəki pandemiya və bu gün Ukraynadakı müharibə kimi təcili vaxt və diqqət tələb edən başqa prioritetləri olduğunu" deyir.
SİPRİ və digər institutlardan olan hesabatın 30 müəllifi belə qənaətə gəlib ki, insanlar ümumilikdə maddi cəhətdən əvvəlkindən daha yaxşı vəziyyətdə olsalar da, bir çox başqa cəhətdən daha güvənsizdirlər. Müəlliflər 93 səhifədə bir-biri ilə əlaqəli dünyada regional fəlakət və münaqişələrin nəticələrini təsvir edirlər.
İqlim dəyişikliyi və koronavirus pandemiyası nəticəsində yaranan ekstremal hava şəraiti qlobal təchizat zəncirlərini təhlükəyə atıb. Münaqişələr və məhsul fəlakətləri əkinçiliyi etibarsız hala salıb, fermerləri qlobal miqrasiya axınına qoşub. SİPRİ-yə görə, fermerlərin qaçdığı ölkələr də çox vaxt yüksək yoxsulluq səviyyəsi və zəif idarəetmə olan ölkələrdir.
SİPRİ bildirir ki, 2010-cu ildən 2020-ci ilə qədər ölkələr arasında silahlı münaqişələrin sayı iki dəfə artaraq 56-ya çatıb. Dünya üzrə qaçqın və köçkünlərin sayı da iki dəfə artaraq 82,4 milyon nəfərə çatıb.
2020-ci ildə illərlə azalmadan sonra dünyada nüvə başlıqlarının sayında da artım müşahidə olunub. 2021-ci ildə dünyanın hərbi xərcləri ilk dəfə artaraq 2 trilyon dolları keçib.
Dayanıqsız istismar davam edir
SİPRİ-nin hesabatı həmçinin iqlim dəyişikliyini araşdıraraq bir sıra düşündürücü faktlara diqqəti çəkir: Təxminən dörd növdən biri nəsli kəsilmək təhlükəsi ilə üz-üzədir; tozlandırıcı həşəratların sayı sürətlə azalır; torpağın keyfiyyəti pisləşir; və təbii ehtiyatlar davam etidirilə bilinməyəcək səviyyədə istismar olunmaqdadır.
İqlim dəyişikliyi həm də daha tez-tez və şiddətli ekstremal hava hadisələrinə səbəb olur. İsveçin keçmiş xarici işlər naziri və ətraf mühitin mühafizəsi üzrə keçmiş Avropa komissarı Marqot Vallstrom hesabatla bağlı verdiyi açıqlamada deyir: "Pandemiya bizə hazırlaşmamağı seçdiyimiz zaman üzləşdiyimiz riskləri açıq şəkildə göstərir".
"Ətraf mühit və təhlükəsizlik böhranları pisləşdikcə, hökumətlər qarşıda duran riskləri qiymətləndirməli, onlarla mübarizə aparmaq və cəmiyyətləri ona qarşı daha da gücləndirmək üçün qabiliyyətini inkişaf etdirməlidirlər”,- layihənin tədqiqatçılarına rəhbərlik etməyə kömək edən beynəlxalq ekspertlər panelinin sədri Valstrom deyir.
Tədqiqatçılar Cənubi Koreyanın uzaqgörənliklə davranmağın yaxşı nümunə göstərdiyini yazır. COVID-19 pandemiyası başlayanda Cənubi Koreya 2002-ci ildə SARS epidemiyası zamanı əldə etdiyi dərsləri tətbiq etdi.
Pandemiyanın indiyə qədər davam etdiyi iki il ərzində Cənubi Koreya, əsasən, milli ölüm nisbətini onunla eyni sayda əhalisi olan ölkələrdə olan ölüm nisbətinin təxminən 10% -də saxlamağı bacarıb. Bununla da Cənubi Koreya digər ölkələrin məşğul olduğu bir çox iqtisadi və sosial problemlərdən də qaçıb.
Ümumi təhdidlər
SİPRİ tədqiqatçıları həmçinin qısamüddətli tədbirlərlə yanaşı, qlobal böhrandan mümkün çıxış yolları təklif edirlər. Bu yeni risk dövrü ümumi təhlükələri həll etmək üçün yeni əməkdaşlıq üsullarını tələb edir. Hesabat o qənaətə gəlir ki, Birləşmiş Millətlər Təşkilatından tutmuş bələdiyyə layihələrinə qədər hər yerdə qərar qəbul etmə proseslərində təsirləri ən çox hiss edən insanlar iştirak etməlidir.
Bəs bu cür məsləhətlər realdırmı? Rusiyanın Ukraynaya təcavüzünü, yeni Dəmir Pərdə potensialını və Çin və Qərb arasında gərginliyi nəzərə alsaq, beynəlxalq əməkdaşlığın təkmilləşdirilməsi ideyası sadəcə arzu deyilmi?
"Bir şeyin qeyri-mümkün olduğunu düşünəndə, o qeyri-mümkün olur", - Smit deyir. Onun fikrincə, şəxsi maraqlar hökumətləri hərəkətə keçməyə inandırmalıdır. Səlahiyyətlilər bilirlər ki, "ətraf mühitin deqradasiyası təhlükəsizlik yaradır və yaradacaq". Və bunu "yalnız əməkdaşlıq etməklə həll etmək olar", - o əlavə edir.
"Onların təhlükəsizliyə ehtiyacı olduğu üçün ətraf mühitin pisləşməsi aradan qaldırmalıdırlar. Onlar bunu Çin və ABŞ-ın keçən ilin noyabrında Qlazqoda keçirilən BMT İqlim dəyişikliyi konfransında (COP26) iqlim fəaliyyətinə dair əməkdaşlıq haqqında birgə bəyanatında qəbul etdikləri kimi yalnız birlikdə işləməklə edə bilərlər”, - Smit deyir.
Böyük iqtisadi güc kimi Almaniya lazımi dəyişikliyin formalaşmasında mühüm rol oynaya bilər, Smit bildirib: "Almaniya BMT Təhlükəsizlik Şurasında iqlim dəyişikliyi və təhlükəsizlik arasında əlaqəni qaldıran ilk ölkə olub”. Onun sözlərinə görə, indi Almaniyanın "enerji keçidinə başlamaq imkanı var ki, bu, ona təkcə Rusiya yanacaqlarını deyil, həm də bütünlüklə fosil yanacaqlarını dayandırmağa imkan verir”.
Nurlan Hüseynov
Şərhlər