Xəbər lenti

Ermənistanda seçki düyünü: Paşinyana qarşı kimlər birləşir? (ŞƏRH)
Dünya 13:01 27.12.2025

Ermənistanda seçki düyünü: Paşinyana qarşı kimlər birləşir? (ŞƏRH)

"Seçkilərdə Nikol Paşinyanın əsas rəqibi keçmiş prezident Robert Koçaryan, onun arxasında dayanan "Qarabağ klanı" və kilsə olacaq". 

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Elçin Şıxlı Ermənistanda gələn il keçiriləcək seçkilərdə baş nazir Nikol Paşinyana əsas rəqibin kim olacağı ilə bağlı danışarkən deyib. 

Ekspert bildirib ki, Koçaryan və komandasının əsas məqsədi heç vaxt Qarabağ olmayıb:

"Nə indi, nə də keçmişdə Koçaryanın və komandasının əsas dərdi Qarabağ məsələsi olmayıb. Onların əsas məqsədi ciblərini doldurmaq idi və bunu da uzun illər uğurla edirdilər. Qarabağı dağıdan da məhz onlar oldu. Hazırkı mərhələdə Qarabağ şüarı artıq Koçaryan kimilərin əlindən çıxıb".

Elçin Şıxlı qeyd edib ki, Ermənistanda kilsə də ciddi siyasi qüvvə sayılır, lakin bu qurumun daxilində də problemlər var: 

"Kilsə Ermənistanda mühüm təsir gücünə malikdir. Amma onların da böyük əksəriyyəti fırıldaqçıdır. Bu qüvvələr sona qədər mübarizə aparacaqlar ki, Paşinyanı devirsinlər və öz maraqlarını qorusunlar. Paşinyan isə praqmatik siyasət yürütməyə məcburdur".
 


Ekspertin fikrincə, hətta Koçaryan yenidən hakimiyyətə qayıtsa belə, Paşinyanın indiki siyasi xəttini davam etdirməli olacaq: 

"Çünki ABŞ prezidenti Donald Trampın yürütdüyü siyasət fonunda ona qarşı çıxmaq mümkün deyil. Yəni istəsə də, istəməsə də, məcburən özünü Azərbaycanın tutduğu mövqeyə uyğun aparmalı olacaq".

Həmsöhbətimiz Rusiyanın Ermənistandakı seçkilərə təsir imkanlarına da toxunub: 

"Rusiya və İran Zəngəzur dəhlizinə qarşı çıxır. Rusiyanın Ermənistandakı seçkilərə müdaxilə etmək imkanları hələ də qalır. Amma əsas sual odur ki, bunu bacara biləcəkmi? Moskvanın imkanları əvvəlki kimi güclü deyil. Beş il əvvəl sahib olduğu təsir rıçaqları artıq yoxdur".

Qeyd edək ki, Ermənistanda seçkilər yaxınlaşdıqca siyasi gərginlik də artır. Prosesdə iştirak etmək niyyətində olan namizədlər və siyasi qüvvələr tədricən üzə çıxır. Bu günlərdə Ermənistan Milli Konqres Partiyasının sədri Levon Ter-Petrosyanın müavini Levon Zurabyan 2026-cı il parlament seçkilərində baş nazir postuna namizəd kimi irəli sürülüb. Daha əvvəl isə ölkənin sabiq ombudsmanı Arman Tatoyan baş nazirliyə iddiasını açıqlayıb. 

Rusiyanın ən real namizədi sayılan, hazırda həbsdə olan və yeni hərəkat yaradan oliqarx-milyarder Samvel Karapetyan isə hələlik rəsmi şəkildə namizədliyini elan etməyib. Bununla belə, onun rəhbərlik etdiyi qüvvələrin fəallığı seçkilərdə iştirak edəcəklərinə işarə edir. Bundan başqa, keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın da prosesə qoşulma ehtimalı yüksək qiymətləndirilir. Digər tərəfdən, Ermənistandakı seçkilər Rusiyanın da diqqət mərkəzindədir. Son illərə qədər Moskva bu ölkədəki seçkilərə aktiv şəkildə müdaxilə edirdi. 

Ukrayna müharibəsi isə Rusiyanın bu istiqamətdə manevr imkanlarını müəyyən qədər məhdudlaşdırıb. Bununla belə, növbəti seçkilərin Rusiyanın təsiri olmadan keçiriləcəyi ehtimalı hələ də aşağıdır. 

Rüfət Sultan
--> -->