Ölkə 15:58 27.01.2021

Siqaretin bahalaşmasının ölkəyə vura biləcəyi qorxunc ziyanlar... (ŞƏRH)

"Qiymət artımının səbəbi aksizlərin bahalaşmasıdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli fevralın 1-dən siqaretlərin bahalaşması ilə bağlı məsələyə aydınlıq gətirərkən deyib. Onun sözlərinə görə, təqribən 5-10%  siqaretlərin markasından asılı olaraq qiymət artımının olması gözlənilir:
 
 

"Bu addımın atılmasına səbəb aksiz vergilərin və ödənişlərin artırılması olduğu üçün büdcəyə əlavə vəsaitin cəlb edilməsi düşünülür. Ümumiyyətlə, dünya ölkələrində siqaret və alkoqollu içkilərin vergi və aksiz dərəcələrinin artırılması hökümətlərin ən asan getdiyi yoldur. Sosial məsələ olmadığı üçün daha asanlıqla belə addımlar atılır və əhali arasında da o qədər etirazla qarşılanmır. Çünki burada sağlam həyat tərzinin təşviqi əsas götürülür. Məntiq onu deyir ki, bahalaşma olduqda insanlar siqaret və tütün məmulatlarından az istifadə etsinlər. Burada bir önəmli məsələ var. Səhv eləmirəmsə, bu, son illərdə atılan üçüncü addımdır. Əgər bu artım belə davam edəcəksə, saxta tütün və içkilərin bazara daxil olmasına, sağlamlığa daha ciddi ziyan vurması ilə bağlı problemlər yaratmasına səbəb ola bilər. Dünya praktikasında bunun örnəkləri var. Məsələn, Türkiyədə alkoqollu içkilərin və siqaretlərin vergiləri həddindən artıq çoxdur. Nəticə etibari ilə Türkiyə ərazisində 100-dən çox insan keyfiyyətsiz içkidən zəhərlənərək həlak olub. Türkiyədə ən böyük problemlərdən biri də aksizsiz, yəni, qaçaqmal yolu ilə siqaretlərin ölkəyə gətirilməsidir”. 
Natiq Cəfərlinin fikirincə, əgər sürətli bahalaşma gedəcəksə, bazarda saxta malların həcmi artacaq:
"Azərbaycanda hökümətin atdığı addımın məntiqini anlayıram. Burada sosial məsələ olmadığına görə tütünün, spirtli içkilərin qiymətinin artması ilə bağlı etiraz yersiz görünür. Amma hər halda bu məsələyə diqqət etmək lazımdır. Əgər sürətli bahalaşma gedəcəksə, bazarda saxta malların, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən məhsulların həcmi artacaq. Bu da əsk effekt yarada bilər.
Əgər belə ciddi addım baş verəcəksə, qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artsa, büdcəyə daha az vəsait daxil ola bilər”. 

Bahar Rüstəmli