Siyasət 09:00 23.05.2020

Sistem dəyişmədən bunların heç bir faydası olmayacaq... – Münasibət

"Ümumiyyətlə, götürsək, mən kadr dəyişikliyini müsbət hal kimi qiymətləndirirəm”.

Bunu Qaynarinfo-ya açıqlamasında Ağ Partiyanın başqanı Tural Abbaslı vəzifələrə yeni təyin olunan şəxslərdən gözləntilərini şərh edərkən deyib. Tural Abbaslının fikrincə, kadr dəyişikliyi köklü islahatlarla paralel aparılmalıdır:

"Yəni, artıq illərdir kresloda kök atmış və işlədiyi nazirliyi, təşkilatı atasından miras qalmış əmlakı kimi idarə edən harınlamış və ziyanlı məmurlardansa yeni, gənc və hələlik korrupsiyaya bulaşmamış gənclərin əvəzləməsi müsbətdir. Bunlara baxmayaraq, yeni kadrlardan xüsusi bir gözləntilərim yoxdr. Çünki mən inanıram ki, ümmilikdə bütün sistem dəyişmədikcə bu yeni kadrlar nəyisə müsbət yönə dəyişməyi bacarsınlar. Köhnə sistemin içində yeni xətt yaratmaq mümkün deyil. Əksinə, əgər tezliklə köklü sistem dəyişikliyi və islahatlar olmasa, yeni kadrlar köhnə sistemin içərisində əriyərək əvvəlkilər kimi olacaqlar. Odur ki, müxalifət olaraq biz daima iqtidara ardıcıl və köklü islahatlara başlamasını tövsiyə edirik. Kadr dəyişikliyi köklü islahatlarla paralel aparılmasa, əhəmiyyətsiz olacaq. Odur ki, biz hələlik iqtidardan növbəti addımlar gözləyirik”.

İqtisadçı ekspert Samir Əliyev icra hakimiyyəti orqanlarında son dövrlərdə baş verən prosesləri müsbət qiymətləndirməklə yanaşı, bu sahədə vəziyyətin daha da ağır olduğunu dedi:
 
"Məlum oldu ki, illərdir mətbuatın gündəmdə saxladığı və ekspertlərin səsləndirdiyi fikirlər özünü doğrultdu. Dövlət qulluğunda, yaxud da rəhbər vəzifələrdə çalışan şəxslərin şəffaflğı yoxdur. Onlar böyük sərvətə sahibdirlər və dövlət büdcəsini talamaqla məşğuldurlar. Heç bir hesabat da yoxdur. Onların həm övladlarının, həm də özlərinin obyekləri var. Atılan addımları müsbət qiymətləndirirəm, amma düşünürəm ki, islahatlar bununla yekunlaşmamalıdır. Məsələyə kompleks yanaşmaq lazımdır. Sistem mexanizmini qurmaq lazımdır ki, belə hallar baş verməsin, sabiqlərin yerinə gələnlər əvvəlkilərin yolunu getməsinlər. Mexanizmlər qurulmasa, sistemə dəyişiklik edilməsə, bunların heç bir faydası olmayacaq. Dövlət qulluğunda işləyənlər öz gəlirlərini açıqlamırlar və nəticədə biz onların əmlaklarının siyahısını işdən çıxarılanda, yaxud da həbs ediləndə görürük. Fikirimcə, icra hakimiyyətlərində baş verən dəyişikliklərdə ciddi nəsə baş verməyəcək. Yenə də onlar böyük səlahiyyətə malik qurum olaraq, sahibkarlara problemlər yaratmaqla məşğul olacaqlar. Burada idarəetmənin dəyişməsi vacibdir. Azərbaycanda artıq əks mərkəzləşmə islahatları aparılmalıdır. Səlahiyyətlərin bələdiyyələrə verilməsi prosesi təcili başlanmalıdır. İcra hakimiyyətləri kənd, qəsəbə səviyyəsində ləvg edilməli, regional idarəetməyə keçirilməlidir. İcra hakimiyyətlərinin sahib olduğu səlahiyyətlər azaldılmalıdır”. 

Hüquq müdafiəçisi Ruslan İzzətlinin fikrincə, şəxslərin dəyişməsi, təəssüf ki, problemlərin köklü həllinə səbəb olmur: 

"Bundan öncə istər Nazirlər Kabinetində, istər icra hakimiyyətlərində dəyişikliklər olub. Amma o dəyişikliklər həmin qurumlarda köklü islahatlara və xalqın rifahına yardımçı olmayıb. Sistem dəyişməsə, şəxslərin dəyişməsi nəyisə dəyişməyəcək. Korrupsiya ilk öncə ortadan qaldırılmalı, idarəetmə şəffaf və hesabatlı olmalıdır. Təyinatlar qohumluq əlaqələri üzərindən yox, peşəkarlıq üzərindən olmalıdır. Prokurorluq sistemi indiyə kimi kifayət qədər korrupsiyaya bulaşmış və haqsız həbslərə imza atmış qurum olaraq yaddaşda qalıb. İnanmaq istərdim ki, Kamran Əliyev sələfindən fərqlənəcək. Amma bir daha təkrar edirəm, şəxslərin təyini kiçik müsbətlər yarada bilər. Amma köklü dəyişikliklər sistem dəyişimindən keçir”.

Bahar Rüstəmli