Bakıda sökülən "Ziyalılar evi”nin ("Akademiklər evi”) sakinləri Azərbaycanın "Gilan İnşaat” tikinti şirkətinin rəhbərliyi ilə bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyinə (FHN) şikayət ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə sakinlərin Oxu.Az-ın redaksiyasına göndərdikləri şikayət məktubunda deyilir.
Məktubda qeyd edilir ki, akademik Şəfayət Mehdiyev küçəsi 16, 546-cı kvartal və Hüseyn Cavid prospekti 26-da yerləşən, daha çox "Ziyalılar evi” kimi tanınan on bloklu binanın sakinlərinin köçürülməsi Azərbaycan baş nazirinin 2009-cu il 24 aprel tarixli 072 nömrəli qərarı ilə 2010-cu ilin fevralında həyata keçirilib. Həmin vaxt köçürülmə, layihələndirilmə və yeni binanın tikintisi ilə bağlı bütün məsələlər Azərbaycan Fövqəladə Hallar Nazirliyinə tapşırıldı.
Sakinlərin məktubunda göstərilib ki, Azərbaycan baş nazirinin köçürülmə ilə bağlı qərarı FHN-ə sakinlər qarşısında bəzi öhdəliklər qoyurdu, o cümlədən: yeni binanın layihəsinin hazırlanması, podratçının müəyyən edilməsi və tikinti prosesinə nəzarətin həyata keçirilməsi.
Məktubda qeyd edilir ki, bütün sakinlərə zəmanət məktubu təqdim edilib. Həmin məktuba əsasən, FHN sakinlərə sökülmüş mənzillərin sahəsindən 20 faiz çox olan yaşayış yerləri ilə təmin etməli, həmçinin binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbulunu təşkil etməli və sakinlərə yeni yaşayış yerlərinin sənədlərinin verilməsini təmin etməli idi.
Sakinlər müsbət hal kimi qeyd ediblər ki, FHN onların müvəqqəti mənzillərə köçürülməsini təşkil edib və icarələrini vaxtında ödəyib. Lakin tikinti işlərinin iki il müddətində davam edəcəyi ilə bağlı razılaşmaya baxmayaraq, sakinlər yeni mənzillərinə köçürülmələrini yeddi ildən çox gözləməli olublar.
Tikinti işləri kifayət qədər təcrübəyə malik və Azərbaycan tikinti bazarında özünü müsbət tərəfdən göstərmiş "Gilan İnşaat” şirkətinə tapşırılıb. Lakin naməlum səbəblərdən yeni binanın tikintisi qətnamədə göstərildiyi kimi iki ilə yekunlaşmayıb, hətta doqquz ildən sonra qismən başa çatdırılmayıb. Bununla yanaşı, sakinlər təəccüblənib ki, FHN podratçı kimi "Gilan İnşaat” şirkətini təyin etsə də, geriyə köçürülmə məsələsi ilə heç kimə məlum olmayan "Avanqard” ASC məşğul olub.
"Yalnız 2016-cı ilin yazında buna qədər heç kimə məlum olmayan "Avanqard” ASC-nin əməkdaşları məcburi köçkünlərlə əlaqə saxlayaraq, təmir işlərini müzakirə etmək üçün onları "Gilan İnşaat”ın ofisinə dəvət edib. Görüş zamanı ya "Gilan İnşaat”, ya da "Avanqard” ASC-nin əməkdaşları bildiriblər ki, mənzillər təmirə hazırdır və sakinlərə iki variant təklif ediblər: onlar ya mənzillərin şirkət tərəfindən təmirinə razı olurlar, ya da şirkət mənzillərin təmiri üçün hər kvadrat metrə görə 120 manat ödəyəcək ki, bu da, əlbəttə ki, real bazar qiymətlərindən çox uzaqdır.
Təbii ki, maliyyə imkanlarının məhdudluğu səbəbindən bəzi sakinlər şirkətin "təmir” təklifini qəbul etməli oldular. "Təmir” sözü dırnaq işarələri içərisində yazılıb, çünki onların işlərini yalnız belə ifadə etmək olar”, - sakinlər şikayət edirlər.
2017-ci ilin yayına sakinlərin əksəriyyəti qanuni mənzillərinə köçə biliblər. Ancaq köçürülmədən sonra məlum olub ki, şəhərin ən yaxşı binalarından birinə namizəd olan tikilidə əsas kommunikasiya xidmətləri işləmir:
"İl yarımdan çoxdur ki, sakinlər isti suyun olmamasından əziyyət çəkirlər, pilləkənlər və yanğın çıxışları təhlükəli vəziyyətdədir. Fövqəladə hadisə zamanı az sayda insan bu binadan sağ çıxa biləcək. Kondisioner sistemi bir gün belə işləməyib, və isti yay günlərində insanlar öz evlərində sadəcə boğulurlar.
Binada həyat və texniki təhlükəsizlik şəraitləri onu deməyə əsas verir ki, bina sakinləri tikinti şirkətinin vecinə deyil, baxmayaraq ki, sakinlərin əksəriyyəti həyatlarını elmə qurban vermiş yaşlı insanlardır”, - sakinlərin məktubunda deyilib.
"Bu sistemlərə milyonlarla manat xərclənməsini nəzərə alsaq, yalnız iki variant var: ya "Gilan İnşaat” şirkətinin rəhbərliyinin səriştəsizliyi, ya da aydın olmayan başqa səbəb...”, - şikayətdə bildirilir.
Sakinlər müraciətində belə bir sual verirlər ki, hansı əsasla və hansı haqla "Gilan İnşaat”/”Avanqard” Nazirlər Kabinetinin qərarı və FHN-nin fərmanına məhəl qoymayaraq , sakinləri tikintisi tam başa çatmamış binaya məcburi köçürüblər. Axı qərarda deyilir ki, köçürülmə yalnız binanın Dövlət Qəbul Komissiyası tərəfindən qəbul edildikdən sonra baş tuta bilər. Sakinlər həmçinin anlamırlar ki, nəyə görə "Gilan İnşaat”/”Avanqard” uzun müddətdir mülkiyyət hüquqlarına dair heç bir sənəd vermir, və öz mülkünü satmaq, girov qoymaq və ya sığortalamaq istəyənlər indi necə etsinlər?
Məktubda deyilir ki, "Gilan İnşaat” rəhbərliyi sakinlərin onların problemlərini həll etmək və normal şərait yaratmaq xahişlərinə lift və qazın verilməsini dayandırmaqla hədələyir. Nazirlər Kabinetinin "Ziyalılar evi”nin sakinlərinin köçürülməsi ilə bağlı qərarı elm adamlarına qarşı böyük hörmət nəzərdə tuturdu, lakin, əfsuslar olsun ki, şirkət rəhbərliyi nə ziyalılara, nə də Azərbaycan Respublikasının hökumətinin qətnamələrinə hörmət etmir.
Şərhlər