Ölkə 16:18 23.06.2021

Slavyan Universitetinin aqibəti necə olacaq? - Ekspert

"Slavyan Universitetini digəri ilə birləşdirməkdənsə, buradakı bəzi ixtisasları ixtisar etməliyik. Digər tərəfdən, bu universitet özəl təhsil müəssisəsi kimi fəaliyyət göstərməlidir” 

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov sosial şəbəkələrdə səslənən Slavyan Universitetinin Dillər Universitetinə birləşdirilməsi təklifinə münasibət bildirərkən deyib. Həmsöhbətimiz onu da vurğuladı ki, belə birləşdirmələrlə keyfiyyət dəyişikliyinə nail ola bilməyəcəyik.  
 


Əvəzində ekspert Slavyan Universitetində tədris edilən bəzi ixtisasların bağlanmasını təklif etdi: "Bu gün Slavyan Universitetində tədris edilən elə ixtisaslar var ki, onların bağlanması vacibdir. Bu universitet sadəcə rusdilli kontingent üçün və Azərbaycan üçün slavyan ölkələri istiqamətində diplomatik kadrlar hazırlamalıdır. Amma burada Azərbaycan dili və ədəbiyyatı, ingilis dili, fransız dili ixtisasları da tədris edilir, bunlar olmamalıdır. Bu ixtisaslar üzrə Bakı Dövlət Universitetilə Pedoqoji Universitet kadr hazırlayır”. 

K. Əsədov qeyd etdi ki, bu birləşmə idarəetmə baxımından mobillik, çeviklik yaradacaq. Buna baxmayaraq, keyfiyyət göstəricisinin əldə edilməsi mümkün olmayacaq. Əksinə, ekspert düşünür ki, Universitetin bağlanması və ya digərinə birləşdirilməsilə problemləri daha da artıra bilərik.  

Həmsöhbətimiz sözügedən universitetin bağlanmasındansa, publik hüquqi şəxs qismində özəl universitetə çevrilməsinin tərəfdarıdır: "Universitetlər özləri özlərini maliyyələşdirməli, dövlət büdcəsindən asılı qalmamalıdır. Dövlət büdcəsindən maliyyə almaqla heç bir halda keyfiyyət təmin edilməyəcək”. 

Rüfət Sultan