Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bəzi KİV-lərin ölkədə benzinin qiymətinin artması ilə bağlı yazılan yazılara aydınlıq gətirib.
ARDNŞ-ın saytında verilən məlumata görə, Aİ-95 və Aİ-98 markalı avtomobil benzinlərinin Azərbaycanda satış qiymətlərinin sərbəst buraxılmasından sonra bəzi yazılı və elektron KİV-də və müxalifət funksionerlərinin sosial şəbəkələrdəki səhifələrində bilməyərəkdən və ya bilə-bilə ARDNŞ-ın işgüzar nüfuzuna xələl gətirəcək yanlış məlumatlar yayılmaqdadır.
ARDNŞ rəsmi surətdə bəyan edir ki, Aİ-98 markalı avtomobil benzini Azərbaycanda istehsal olunmadığı üçün onun satış qiyməti heç vaxt dövlət tərəfindən tənzimlənməyib: “Aİ-95 markalı avtomobil benzininin bu il aprelin 1-dən idxal olunması və qiymətinin sərbəst buraxılması haqqında qərar verilməsinə gəlincə, buna səbəb Azərbaycanda yüksək oktan ədədli yanacaq istehlakının qısa müddət ərzində bir neçə dəfə artması, mövcud istehsal güclərinin isə həmin tələbata adekvat olmamasıdır. ARDNŞ-ın avtomobil benzinləri istehsalı ilə məşğul olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Aİ-95 markalı benzinin istehsalının dayandırılması da bununla əlaqədardır. Həmin zavodun benzin istehsal edən əsas qurğuları hazırda əsaslı təmirə dayandırılıb. Təmirdən sonra zavodda Aİ-95 benzini istehsal edilməyəcək”.
ARDNŞ qətiyyətlə bəyan edir ki, dünyanın heç bir ölkəsində avtomobil benzini istehsal edən heç bir emal müəssisəsinə və yaxud heç bir belə müəssisənin səhmlərinə malik deyildir: “Odur ki, Azərbaycana guya ARDNŞ-ın xaricdəki müəssisələrindən benzin gətirilməsi haqqında yayılan məlumatlar yalandır, böhtandır və xalqı aldatmaq məqsədi daşıyır. “Aİ-95 Premium” və Aİ-98 markalı avtomobil benzinlərinin sərbəst bazar qiymətləri ilə idxal olunması haqqında qərar bu fəaliyyət növü ilə məşğul olan treyderlərə imkan verəcək ki, ölkəyə azad bazar şərtlərinə uyğun şəkildə yüksək keyfiyyətli məhsullar idxal etsinlər və bu sahədə tələbatı sağlam rəqabət şəraitində ödəyə bilsinlər. Təsadüfi deyil ki, həmin qərar verildikdən sonra Aİ-98 markalı benzinin qiyməti aşağı düşüb”.
ARDNŞ bildirir ki, hazırda dünyanın aparıcı şirkətləri ilə birlikdə layihələndirilən yeni Neft-Qaz Emalı və Neft Kimyası Kompleksinin inşa olunması məqsədilə bütün qüvvələrini səfərbər edib: “Həmin kompleksin tikilib istismara buraxılması ilə Azərbaycanda “Euro-5” standartlarına uyğun yüksək oktan ədədli və keyfiyyətli yanacaq məhsullarına olan tələbat tam şəkildə ödənilə biləcək”.
Qaynar.info
Şərhlər