SOCAR əməkdaşları vaksinasiya olunur (FOTO/VİDEO)

SOCAR əməkdaşları vaksinasiya olunur (FOTO/VİDEO)

SOCAR əməkdaşları vaksinasiya olunur.

Dövlət Neft Şirkətinin (SOCAR) ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Oxu.Az-a açıqlamasında bildirib ki, vaksinasiya prosesinə ilkin olaraq SOCAR-ın dənizdə çalışan işçilərindən başlanılıb.


"Məqsəd isə dəniz neftçilərinin normal iş rejiminə qayıtmasını təmin etməkdir. Buna görə də Operativ Qərargahla razılaşdırılmış şəkildə dəniz neftçiləri arasında vaksinasiyaya start verilib.


Artıq 8 min 300-dən çox dəniz neftçisi vaksinasiya olunub. 3 mindən çoxu isə ikinci dozanı da qəbul ediblər. Hər iki dozanı qəbul edən işçilər artıq normal iş rejimində çalışa bilərlər.


Pandemiya dövründə dəniz neftçiləri bir həftə karantində gözləyir, daha sonra bir ay müddətində dənizdə qalmalı idilər. Çünki logistik olaraq karantin tələblərinə görə bunun başqa cür təşkili mümkün deyildi. İndi isə onlar normal iş rejimində - iki həftə quruda, iki həftə dənizdə olmaqla çalışa bilərlər. Bu da əlbəttə ki, hər kəsin arzuladığı iş rejimidir. Çünki, işçilərin sağlamlığı üçün bu daha münasibdir”.


İbrahim Əhmədov əlavə edib ki, digər tərəfdən yaş qrupları üzrə SOCAR-ın baş ofisində və digər ofislərində də vaksinasiya ümumi qaydada həyata keçirilib. İndi isə artıq SOCAR-ın bütün işçiləri vaksinasiyaya qoşulub:

"Operativ Qərargahın təlimatlarına əsasən, bu gün SOCAR-ın baş ofisində bir sıra işçilər, daha aşağı yaş qrupunda olan işçilər də peyvəndin birinci dozasını qəbul etdilər. Proses könüllü əsaslarla keçirilir.


Proses yəqin ki, hələ bir müddət də davam edəcək. Çünki, bəzi işçilər evdən çalışdığına görə onlar peyvəndləmədə iştirak edə bilməyiblər”.

Qeyd edilib ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayev və bir çox digər rəhbər şəxslər, eləcə də şirkətdə çalışan yaşlı nəslin nümayəndələri də daha əvvəl vaksinasiya olunublar. Hazırki mərhələdə isə bütün SOCAR işçiləri yaşından asılı olmayaraq vaksinasiya olunmaqdadırlar.

 
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR