Siyasət 17:14 01.11.2022

"Soçidə üç ölkə ilk dəfə bağlı qapılar arxasında bir-biri ilə açıq danışdı" - Ermənistanın keçmiş baş naziri

"Soçi görüşünü sıçrayış və ya taleyüklü adlandırmaq olmaz. Bəyanatda yeganə diqqətçəkən məqam Rusiya sülhməramlıları ilə bağlı abzas olub, hətta o zaman da Qarabağın adı çəkilməyib". 

Qaynarinfo xəbər verir ki, bunu Ermənistanın keçmiş baş naziri, ölkə parlamentinin eks-spikeri Xosrov Arutyunyan yerli mediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, tərəflər etiraf ediblər ki, Rusiya kontingentinin mövcudluğu sülh və sabitliyin təminatıdır. O vurğulayıb ki, bu, Rusiyanın Azərbaycandan əldə edə bildiyi kompromisdir: "Bu, Rusiya ilə Azərbaycan arasında keyfiyyətcə yeni münasibətlərin, reallıqlara əsaslanan və tərəflərin uzunmüddətli maraqları ilə müəyyən edilməli olan münasibətlərin formalaşmasında ilk addımdır”.

Müxalifətçi siyasi xadimin sözlərinə görə, görüşdə Rusiya, Ermənistan və Azərbaycan ilk dəfə bağlı qapılar arxasında bir-biri ilə açıq danışıb. Keçmiş baş nazir Rusiya prezidenti Vladimir Putinin bəyanatın mətnindən bir çox məqamların çıxarıldığı barədə sözlərini xatırladıb və ən aktual və prioritet problemlər ətrafında qızğın müzakirələrin aparıldığını bildirib: "Bəyanatın mətnindən və Putinin sözlərindən belə nəticəyə gəlmək olar ki, çox şey razılaşdırılmayıb. Söhbət təkcə dəhlizdən deyil, həm də Qarabağdan gedir”.

O vurğulayıb ki, bu görüş zamanı müharibədən sonrakı dövrdəki digər görüşlərdən fərqli olaraq tərəflər qısa və uzunmüddətli perspektivdə onların hər birini maraqlandıran məsələlərə öz yanaşmalarını aydınlaşdırmağa çalışıblar: "Danışıqlar prosesinin pozulmaması üçün tərəflər konkret açıqlamalar verməkdən çəkindilər. Ona görə də yekun mətn kifayət qədər qeyri-müəyyən olub".

Arutunyanın fikrincə, Rusiyanın əvvəllər tətbiq etdiyi hesablanmamış yanaşmalar nəticəsində onun təsirini gücləndirəcək addımlar atması çox çətin olacaq. O, izah edib ki, bu, Rusiya sülhməramlılarının üç ildən sonra qalma müddətinin başa çatacağını nəzərə alaraq, Dağlıq Qarabağda mövcudluğuna da aiddir. "44 günlük müharibədən sonra Türkiyə və Azərbaycanın regionda təsiri xeyli artıb”, deyə Arutyunyan əlavə edib.

Nizami Bağırov