"Belə səfərlərin reallaşması üçün müəyyən zamana ehtiyac var və Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra həmin proses intensiv xarakter ala bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycan və Ermənistan rəsmilərinin qarşılıqlı səfər etmələrinin mümkünlüyündən danışarkən deyib.
Politoloq qeyd edib ki, Ermənistanın parlament sədrinin Azərbaycan nümayəndələrinin bu ölkəyə səfərinin olacağını istisna etməməsi də maraqlı hadisədir:
"Amma belə səfərlərin təşkili üçün müəyyən zamana ehtiyac var. Belə səfərlərin intensiv xarakter alması isə ancaq Ermənistanda baş tutacaq parlament seçkilərindən sonraya təsadüf edə bilər. Çünki buna qədər Ermənistan müxalifəti belə səfərlərin gerçəkləşməsindən Paşinyana qarşı istifadə edə bilər. Düşünürəm ki, 2026-cı ildə keçirilən seçkilərdən sonra Ermənistanla Azərbaycan arasında hətta diplomatik münasibətlərin yaranması, həmin ilin sonuna doğru diplomatik nümayəndəliklərin açılması da baş verə bilər".
Həmsöhbətimiz bildirib ki, baş verən son hadisələr iki ölkə rəsmiləri səviyyəsində gələcək görüşlərin intensivləşəcəyindən xəbər verir:
"Son günlər Azərbaycanla Ermənistan arasında yaxınlaşmalar müşahidə olunur. Bu yaxınlaşmaların yaxın gələcəkdə qarşılıqlı səfərlərlə müşayiət olunacağı da şübhəsizdir. Azərbaycanın bir sıra QHT nümayəndələri Ermənistanda görüş keçirib. Həmçinin, Azərbaycan Prezidentinin Qazaxıstandan Ermənistana gətirilən taxıla görə Azərbaycan ərazisindən keçməyə qoyulan tranzit məhdudiyyətini götürməsi də İrəvan və dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib. Milli Məclisin spikeri Sahibə Qafarovanın ermənistanlı həmkarı ilə görüşü də diqqətəlayiq hadisədir".
Politoloq hesab edir ki, bununla yanaşı, həm Azərbaycan, həm də Ermənistanda yerli əhalinin bu səfərlərə hazırlanması da zəruridir:
"Ona görə də dövlət rəsmilərinin səfərlərindən öncə əhalinin bir-birinə qarşılıqlı səfərləri təşkil olunmalıdır. Yəni ən azından sərhədlər açılmalıdır ki, belə səfərlər baş tutsun. Bundan sonra dövlət rəsmilərinin bir-birinə səfərləri də gündəmə gələ bilər".
Qeyd edək ki, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Ermənistana səfər edə biləcəyini söyləyib. Belə ki, erməni spiker Sahibə Qafarovanın beynəlxalq formatlar çərçivəsində Ermənistana səfərini istisna etməyib:
"Gəlsinlər, onların prezidenti də bura gəlsin, ölkəmizin rəhbəri də ora getsin, mən də gedəcəyəm. Amma bəzi məsələlər var ki, səfərdən əvvəl müzakirə olunmalıdır. Bu, yalnız təhlükəsizlik məsələsi deyil".
Bundan başqa, oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa müzakirəsi təşkil olunub. Sözügedən tədbirdə iştirak edən Azərbaycan nümayəndələri arasında olan Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov İrəvana səfəri ilə bağlı təəssüratlarını paylaşıb.
"Facebook" hesabında paylaşım edən Fərhad Məmmədov uzun illərdən sonra ilk dəfə Azərbaycan təyyarəsinin İrəvanın Zvarnots hava limanında yerə endiyini xatırladıb:
"Görüş yüksək səviyyədə təşkil olunmuşdu və təhlükəsizlik təmin edilmişdi. Tədbir zamanı regionun geosiyasətindən tutmuş cəmiyyətlərimizdə narahatlıq doğuran mövzulara qədər geniş spektrli məsələlər müzakirə edildi. Əlbəttə, İrəvanda gəzmək, hər gün informasiya resurslarında gördüyümüz hər şeyi canlı görmək maraqlı idi".
Rüfət Sultan
Şərhlər