Məqsəd Nur
Ölkə 09:53 26.06.2023

Söyüdlünün öyüdləri

Yerin altından zorla çıxarılan heç nə xoşbəxtlik gətirə bilməz - hətta su da. 

Söyüdlünü görəndə Kəlbəcərdəki civə yataqlarını xatırladım. Sovet sənayesi Zülfüqarlı kəndinin Yelliyurd yaylağında, təbiətin əsrarəngiz gözəllikləri arasında ata-babalarımızın örüşü, biçənəyi olmuş böyük bir dağı yarıb altına girmiş, iri tunellər qazmış, dağın təkindəki civəni çıxarmaq üçün o tunellərin içinə dəmir relslər düzmüşdü. Dağın üst hissələrində isə şırımlar (kanallar) açılmışdı. Tunellərin ətrafı qanqallığa dönmüşdü (Tullantı olan yerdə qanqal bitər -  bu da təbiətin açıq mesajıdır). 

Yadımdadır, uşaq vaxtı bizə o əraziyə yaxınlaşmaq qadağan edilmişdi. Amma biz yağışdan sonra Yelliyurdla üzbəüz Eyvandağın arxasında doğan göyqurşağına doğru qaçmağı sevirdik. Civə çıxarılan yaralı dağlar isə daim gözümüzün qabağında, yolumuzun üstündə dururdu. 
Deyilənə görə, işğal illərində ermənilər də oraları qazıb əsir götürdükləri kəlbəcərliləri istismar edirmişlər.

Bir vaxtlar məşhur geoloqlarımızla qürur duyur, onları elmin avanqardı kimi önə çıxarırdıq. Deyirdik: "Adam yerin altını da bilirmiş, üstünü də". 

Elə indi də gen mühəndisliyi o vaxtkı qədər populyardır. 

Adını nə qoyuruqsa qoyaq, adi insan elmlə deyil, instinktləri ilə yaşayır (Söyüdlüdə döyülən ana əmindir ki, mal örüşünün, biçənəyin yerində süni göl salmaq olmaz). Savadlı, elmli, mürəkkəbləşmiş insan isə bu instinktlərə qalib gəlməyə çalışır. Sadə insan təbiətdən qorxur, elmli insan təbiətin sirlərindən. Nə elmi, nə təbiəti olan aradakılar isə bundan faydalanır. Geoloq da, gen mühəndisi də yerin və insanın təkindəki sirləri deşifrə etdikcə fərəhlənir, amma bilmir ki, hansısa işbaz bu faş olmuş sirləri "faydalı məhsul" kimi qablaşdırıb onun özünə satacaq. Sonra isə təbiət bu "faydalı qazıntılar"ın zəhərini qusacaq - hamımıza qanqal bitirirmiş kimi mesaj verəcək. 

Qayıdaq Söyüdlüyə. Xarici kəşfiyyatın əməlləri, rəngli plakatlar, polis tərəfindən döyülən ananın dövlət babaya daş atması da bu sənaye zəncirinin bir həlqəsidir. XX əsrin sonlarında "KQB" zehniyyəti azadlıq yanğılarımızı idarə edə, bizi qardaş qırğınına qədər sürükləyə bildi. Heç indi də kənar qüvvələrin manipulyasiyasından sığortalanmamışıq. Polis də bunu bildiyindən qabağına daşla çıxan insan onun gözünə qanqal kimi görünür. Sənaye zəncirini qırmaq, öz təbii çevrəsində axar-baxarı ilə yaşamaq istəyən "kəndli" sənaye istehlakının içərisində güzəranını quran "şəhərli" insanı (polis nəfərini, məmuru) nəyi var qıcıqlandırır. Amma polis də insandır, bizdəndir, məmur da. Lakin çox vaxt qanqalabənzər məmur insanı, təbiəti saya salmaq istəmir. 

Əslində Söyüdlünün "yabanı" insanlarının etirazı da təbiətin mesajıdır. Təbiətlə birgə yaşamaq istəyən insanlarla ondan uzaqlaşmış insanlar arasında elə fərqlər yaranıb ki, belə getsə, axırda təbiət özü bütün bu qarşıdurmaları tənzimləmək üçün düşünməli olacaq. Gədəbəydə baş verənlər bir daha göstərdi ki, insanlarla zor dilində danışmaq olmaz. İcra başçısı Söyüdlü camaatının arasında yabanı ota bənzədi. İnsanlarla qarşılıqlı anlaşma quraraq ərazidə problemləri təbii şəkildə çözmək mexanizmləri işləmir. 

Kənd sakini Güləsər Alıyevanın sözləri isə nəfəskəsicidir: "Gədəbəyin qızılını çıxarıb aparıblar, yerdə zəhər qalıb. İndi xalqa deyirlər ki, zəhəri də sən ye". 

Görək, Ekologiya naziri nə deyəcək: oradakı sianid turşusu zəhərdir, zəhər deyil,  Söyüdlüdə qanqal bitirmək istəyirik, yoxsa insan?
 
Məqsəd Nur