Avropa yaxın zamanda yanacaq tədarükündə fasilələrlə üzləşə bilər. Bu ssenari daha əvvəl İrandakı müharibə fonunda Asiyada müşahidə olunub.
Qaynarinfo xəbər verir ki, bu barədə "Shell" şirkətinin baş direktoru Vael Savan "S&P Global" tərəfindən təşkil olunan "CERAWeek" konfransında bildirib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki münaqişənin nəticələri enerji bazarlarına mərhələli şəkildə təsir göstərir: əvvəlcə Cənubi Asiyaya, sonra Cənub-Şərqi və Şimal-Şərqi Asiyaya, aprel ayına yaxın isə getdikcə daha çox Avropaya təsir edəcək.
"Biz hökumətlərlə əməkdaşlıq edərək onları mövcud alətlər barədə xəbərdar etməyə çalışırıq. Bu, həm tələbin tənzimlənməsi, həm də ehtiyatların saxlanılması ilə bağlı görüləcək tədbirləri əhatə edir", deyə "Shell"in baş direktoru qeyd edib.
O, həmçinin bildirib ki, şirkət ilin sonunadək Venesuelada təbii qaz hasilatı üzrə bir və ya iki layihəyə investisiya qoyuluşu ilə bağlı qərar verə bilər.
Martın 24-də məlum olub ki, Avropa Komissiyası Rusiyadan neft idxalına daimi qadağa ilə bağlı planın təqdimatını təxirə salıb. Bu qərarın səbəbi Yaxın Şərqdəki müharibənin qlobal enerji bazarlarında ciddi sarsıntılara və neft qiymətlərinin kəskin artımına səbəb olmasıdır.
Bundan əvvəl də bildirilirdi ki, ABŞ və İsrailin İrana qarşı müharibəsi nəticəsində enerji daşıyıcılarının qiymətlərində baş verən kəskin artım Avropa ölkələrinin hökumətlərinə təzyiqi artırır. Bu isə onları ev təsərrüfatları və biznesi dəstəkləmək üçün əlavə tədbirlər axtarmağa məcbur edir.
Aydın
Şərhlər