Onilliklər ərzində Çilidə yerləşən Monte-Verde arxeoloji ərazisi Amerikada erkən insan məskunlaşmasının ən güclü sübutu hesab olunurdu. Alimlər burada təxminən 14 500 il əvvələ aid insan izləri – ayaq izləri, taxta alətlər, tikili qalıqları və ocaq izləri aşkar etmişdilər.
Qaynarinfo "Independent"ə istinadən xəbər verir ki, bu artefaktlar uzun müddət həmin tarixləndirməni təsdiqləyirdi.
Arxeoloqlar nə aşkar edib?
Lakin yeni araşdırma bu ərazinin yaşını sual altına qoyur və Monte-Verdenin əslində daha gənc ola biləcəyini irəli sürür.
Alimlər əraziyə yaxın olan Çinçiuapi çayı boyunca doqquz müxtəlif nöqtədən nümunələr götürərək landşaftın minilliklər ərzində necə dəyişdiyini təhlil ediblər. Nəticədə təxminən 11 000 il əvvələ aid vulkanik kül təbəqəsi aşkar edilib.
Tədqiqatın həmmüəllifi Klaudio Latorrenin sözlərinə görə, bu təbəqədən yuxarıda yerləşən bütün materiallar – o cümlədən Monte-Verdeyə aid taxta və artefaktlar – daha gənc olmalıdır.
"Biz əslində bu ərazinin geologiyasını yenidən qiymətləndirdik və belə qənaətə gəldik ki, Monte-Verde arxeoloji sahəsi 8200 ildən daha qədim ola bilməz”, deyə o bildirib.
Tədqiqatçılar hesab edir ki, landşaftdakı dəyişikliklər, xüsusilə də çayın süxurları aşındırması, qədim və daha yeni qatların qarışmasına səbəb olub. Bu isə daha qədim taxta nümunələrinin səhvən Monte-Verde kompleksinin bir hissəsi kimi tarixləndirilməsinə gətirib çıxara bilər.
Tənqidçilər nə deyir?
Bəzi alimlər, xüsusilə ilkin qazıntılarda iştirak edənlər bu nəticələrlə razılaşmır. Texas Universitetindən Maykl Uoters bildirib ki, təqdim olunan nəticələr ən yaxşı halda tam sübut olunmamış bir fərziyyədir.
Digər müstəqil ekspertlər də qeyd edir ki, tədqiqat əsasən Monte-Verde ətrafındakı ərazilərdən götürülmüş nümunələrə əsaslanır və bu ərazilərin geologiyası qazıntı sahəsinin özü ilə tam uyğun gəlmir. Onların fikrincə, vulkanik kül qatının bütün ərazini əhatə etdiyini sübut edən kifayət qədər dəlil yoxdur.
Bundan əlavə, tənqidçilər 14 500 il əvvələ aid olduğu müəyyən edilmiş artefaktlara – o cümlədən alətə çevrilmiş mastodont dişi, taxta nizə və yanmış uclu qazma çubuğuna dair izahın yetərli olmadığını vurğulayırlar.
Vanderbilt Universitetindən arxeoloq Tom Dillehey bildirib ki, bu yanaşma geniş həcmdə tarixləndirilmiş mədəni sübutları nəzərə almır.
Araşdırmanın müəllifləri isə tənqidlərlə razılaşmır. Onların sözlərinə görə, nümunələr həm ərazinin daxilindən, həm də yuxarı və aşağı axın hissələrindən götürülüb. Vayominq Universitetindən Todd Surovell isə əlavə edib ki, həmin artefaktların həqiqətən bu qədər qədim olduğunu təsdiqləyən kifayət qədər sübut yoxdur.
Monte-Verdenin əhəmiyyəti
Monte-Verdenin yerləşdiyi ərazi insanların Amerikaya necə gəldiyini anlamaq üçün mühüm əhəmiyyət daşıyır. Əvvəllər alimlər ilk insanların təxminən 13 000 il əvvəl bu qitəyə gəldiyini düşünürdü. Monte-Verde tapıntıları isə bu baxışı dəyişmişdi.
Bununla belə, insanların Asiyadan Amerikaya hansı marşrutla keçdiyi məsələsi hələ də açıq qalır. Monte-Verdenin yenidən tarixləndirilməsi bu mövzuda müzakirələri yenidən aktuallaşdıra bilər.
Aydın
Şərhlər