Foto 11:11 15.03.2021

Solovyov Putinə görə kloun adlandırıldı: VP əla formadadırmı? (VİDEO)

"Rossiya-1” telekanalının aparıcısı Vladimir Solovyovun Rusiya prezidenti Vladimir Putinin masadan düşən qələmi tutmasını müzakirəyə çıxarması tənqidlərə səbəb olub.

Qaynarinfo xəbər verir ki, Solovyov efirdə Putinin məlum video görüntülərini göstərərək prezidentin "qələmi bacarıqla tutduğunu" bildirib. Onun sözlərinə görə, Putinin reaksiyası əladır: 

"Reaksiya əladır, deyəsən prezident əla formadadır və döyüş sənəti olduğu kimi qalır" . 

Solovyovun şərhinə reaksiya verən Rusiya vətəndaşlarının bir çoxu ölkələrində sosial vəziyyətin ağır olması fonunda tele-kanalların bu kimi hadisələri müzakirəyə çıxarmasını absurd hesab ediblər. Sosial şəbəkələrdə şərh yazanlarını biri qeyd edib ki, Rusiyada 20 milyon insan aclıqla üz-üzə qalıb: 
"…7 ildir əhalinin sayı azalır. Bu klounun müzakirə etdiyi şeyə bax”.

Başqa bir şərh yazan isə Putinlə bağlı Solovyovun dediklərini Türkmənbaşının apardığı təbliğatla müqayisə edib.

Müşahidəçilərin fikrincə, Putinlə bağlı Solovyovun hazırladığı sujet daha çox Rusiya prezidentinin səhhəti ilə bağlı müstəqil mediada çıxan məlumatların yalanlamağa hesablanıb. 

Qeyd edək ki, son bir ildə nüfuzlu medialar başda olmaqla sosial şəbəkələrdə yayılan məlumatlarda Putinin sağalmaz xəstəliyə tutulduğu deyilir.

Orxan Əhmədli