Ölkə 12:44 07.12.2021

Sosioloq: “Belə davam eləsə, iki ildən sonra kişilər evdə daha çox döyüləcək”

"Çox ürək ağırısı ilə deyirəm, vəziyyət belə davam eləsə, iki ildən sonra bundan da pis olacaq. Kişilər daha çox döyüləcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu kişilərin döyülməsi statistikasından danışarkən deyib. Sosioloq bunun səbəbini ailə məsələlərinə lazım olan istiqamətdə baxılmaması ilə əlaqələndirib:

"İndiki dövr xeyli mürəkkəbləşib. İndi biz ailələrə 20-40 il əvvəlki metodlardan baxa bilmərik. Bizim ən böyük səhvimiz metodoloji yanaşmadır. Biz hadisələrə lazım olan metodlardan yanaşmırıq. Çünki ailənin əsas funksiyaları var. Biz dəyişən cəmiyyətdə elə işlər görməliyik ki, ailə həmin funksiyaları saxlaya bilsin. Amma biz bu istiqamətdə işləmirik. Çalışırıq ki, 30 il əvvəlki metodlarla işləyək. Digər bir tərəfdən isə tez-tez cəmiyyətdə qadınlara qarşı zorakılığın artmasını müzakirə edirik. Bütün qadınları hüquqlarını qoryumağa səsləyirik, özünüz müdafə edin və s. Amma kişilərlə işləmirik”.



Əhməd Qəşəmoğlu bildirib ki, kişilərlə bağlı maarifləndirmə işləri aparılmalıdır:

"İndi müasir cəmiyyətdir və bu cəmiyyətin özünün tələbləri var. Bu cəmiyyətə uyğun olaraq işlər aparılmalıdır. Bir tərəfdən qadınları gücləndiririk ki, evdə özünüzü qoruyun, o biri tərəfdən də kişilərlə bağlı heç bir iş görülmür. Nəticədə böyük gərginlik yaranıb. Böyük gərginlik isə qarşıdurmaya gətirir. Qadınların gücü dilinə çatır, evdə uşağın yanında kişini təhqir edir. Nəticədə qadın döyülür və biz bütün dünyaya səs salırıq ki, Azərbaycan kişisi vəhşidir, qadınlara qarşı zorakılıq edir. Vəziyyət o yerə çatıb ki, qarşıdurma gücləndikcə fiziki gücü olan qadın kişini döyür. Bu, təbii bir haldır və belə də olmalıdır”.

Sosioloq hesab edir ki, məsələyə elmi tərəfdən baxılmalıdır:

"Biz prosesləri başlı-başına buraxmışıq, SOS siqnalı verilməlidir”.

Qeyd edək ki, Azərbaycanda evdə döyülən kişilərin sayı açıqlanıb. Statistikaya əsasən, son 9 ayda 81 kişi qadın zorakılığına məruz qalıb.

Bahar Rüstəmli