Sevil Gültən
(Harper Leenin "To kill a mockingbird” əsərinin tərcüməsi haqda)
Hər dəfə "Qanun” nəşriyyatına gedəndə tərcümə etdiyim kitabların çapı ilə maraqlanıram. Sonuncu dəfə sentyabrın 30-da getmişdim. Beynəlxalq Tərcüməçilər Günündə. İşçilərdən biri məni görən kimi Harper Leenin "Bülbülü öldürmək” kitabının çap olunduğunu xəbər verdi. Bu xəbər Tərcüməçilər Günündə mənimçün çox xoş xəbər oldu, tərcüməsinə çox vaxt sərf etdiyim bir kitabın nəşr olunması xəbərini bu gün eşitməyim bəlkə də təsadüfi deyildi. Kitabı götürüb vərəqləyərkən Şahbaz bəy mənə gözlənilməz bir məlumat verdi:
– Bu kitabın sovet dövründə tərcümə olunduğunu bilirdinmi?
– Yox! – dedim.
Şahbaz bəy sözünə davam etdi:
– Deyirlər, sovet dövrünün tərcümələri daha güclüdür.
Harper Leenin sovet dövründə tərcümə olunmuş "Quşcuğaza qıymayın” adlı kitabının bir nüsxəsi nəşriyyatda idi, kitabı götürdüm və tərcümə etdiyim kitabla müqayisə edib bir məqalə yazmağı qərara aldım.
Şahbaz bəy sovet dövrünün tərcümələrinin güclü olduğunu deyəndə onunla razılaşmayıb, internet dövrünün tərcümələrinin daha üstünd olduğunu bildirdim, çünki elə əsərlər vardı, internet olmayan dövrdə onları mükəmməl tərcümə etmək qeyri-mümkün idi. Belə əsərlərdən biri də Harper Leenin "To kill a mockingbird” əsəridir.
Harper Leenin cəmi-cümlətani iki əsəri var və bu əsərlərin hər biri 10 kitaba bərabərdir. Harper Leeni tərcümə edərkən hər sözə, hər ifadəyə, hər cümləyə xüsusi ehtiyatla yanaşmaq lazımdır. Yazıçı adi, ilk baxışda sadə görünən söz altında elə dərin məna gizləyib ki, bu mənanı internetin köməyi olmadan axtarıb tapmaq mümkün deyil. Məsələn, kitabın əvvəlində belə bir cümlə var: Somehow, it was hotter then: a black dog suffered on a summer’s day;
Orta məktəb şagirdi də bu cümləni tərcümə edə bilər. Amma... Kimin ağlına gələr ki, yazıçı "black dog” deyərkən nəyi nəzərdə tutub? Normal halda yayda, isti havada hamı əziyyət çəkir, nəinki qara it. Yaxşı, elə isə bəs yazıçı niyə qara itin yay günündə əziyyət çəkməyini vurğulayır? Adətən yayda ağ paltar geyinməyə üstünlük verirlər, çünki ağ rəng istiliyi geri qaytarır. Qara rəng isə istiliyi özünə çəkir. Yazıçı bu məqamdan istifadə edib, həmin yay qaradərililərin, zəncilərin həyatının daha çətin keçdiyini a black dog suffered on a summer’s day kimi ifadə edib. İnternet olmasaydı, mən heç vaxt bunu başa düşməzdim.
Yaxud sonrakı fəsillərdə quduz itdən söhbət gedir. Əsərdə "quduz it” müxtəlif şeylərin simvoludur, daha çox isə irqçilik mənasındadır. Əsərin qəhrəmanı Attikusun günahsız bir insanı - Tomu müdafiə etməsi ağdərililəri qəzəbləndirir. Attikus ailəsini qorumaq üçün könülsüz də olsa itə atəş açmağa məcbur edilir.
Kitabın ingiliscə adı "To kill a mockingbird”dir. "Mockingbird” adlı quş müxtəlif quşları və həşəratları yamsılayır, onlar kimi səs çıxarır. Bizim ölkəmizdə bu quş yoxdur, ona görə də "mockingbird” sözünü tərcümə etmək də mümkün deyil, gərək yeni söz yaradasan. Türklər bu kitabın adını " Bülbülü öldürmək” kimi tərcümə edib, ona görə nəşriyyatla məsləhətləşəndən sonra mən də kitabın adını "Bülbülü öldürmək” kimi tərcümə etdim. Əslində, kitabda hansısa quşun öldürlülməyindən bəhs edilmir, yazıçı "mockingbird”i günahsızlıq simvolu hesab edir. Əsərdə bir obrazın dili ilə yazıçı heç kimə ziyan vurmayan, nəğmə oxuyan bir quşu - "mockingbird”i öldürməyin günah olduğunu bildirir.
Sover dövründə, 1972–ci ildə çap olunmuş kitabın adı "Quşcuğaza qıymayın”dır. (Tərcüməçi Rəna Şıxəmirova). Mən kitabın adının belə tərcümə edilməsini düz hesab etmirəm. Çünki "quşcuğaz" deyərkən müxtəlif quşların balaları nəzərdə tutulur. Vəhşi quşların, qarğa kimi oğru quşun balasına da "quşcuğaz” demək olar. Amma Harper Lee məhz ziyansız, heç kimə ziyan vurmayan bir quşu - "mockingbird”i günahsızlıq simvolu hesab edir.
Əsər Attikusun qızı Skautdan olan qız nəvəsinin dilindın nəql edilir. Nə qədər qəribə olsa da, tərcüməçi bu obrazın adını tərcümə edib, həm də düz tərcümə etməyib: İtigöz.
Ad niyə tərcümə olunsun ki?
Kitabın əvvəlində Cim və Skaut qonşuya qonaq gələn bir balaca oğlanla tanış olurlar. Əvvəlcə, həmin oğlan Cimə "Hey” deyir, Cim də ona "Hey yourself” cavabı verir. Etiraf edirəm, "Hey yourself”in mənasını bilmirdim. "Google”də axtarış verdim. Təxminən bizim dildə işlənən ”Əleykümsalam” mənasındadır. Bəs "Quşcuğaza qıymayın” kitabının tərcüməçisi bu ifadəni necə tərcümə edib?
"Salam özünsən”. Gülməli bir ifadə.
Mən sovet dövründə tərcümə olunmuş kitabla özümün tərcümə etdiyim kitabda bəzi ifadələrin, cümlələrin tərcüməsini müqayisə etdim.
Birinci sovet dövründəki tərcüməni (A), ikinci öz tərcüməmi (B) yazmışam, ehtiyac olanda mətnin orjinalını da göstərmişəm.
1. A) Meykomb köhnə şəhərdir, mən onu tanıyanda çoxdan yorulub əldən düşmüşdü. Maycomb was an old town, but it was a tired old town when I first knew it. B)Maykomb qədim şəhər idi. Ancaq mən ilk dəfə görəndə ora heç şəhərə bənzəmirdi.
2. A) Məhkəmə binası yatıb əyilmişdi. B) Məhkəmə binası çökmüşdü.
3. A) Arıq qatırlar milçəkləri qovmaq üçün quyruqlarını var gücü ilə yelləyirdi. B) Arıq qatırlar palıq ağaclarına bağlananda onlara milçək qonur və onlar tez-tez səksənirdilər.
4. A) Ailəmiz dörd nəfərdən, Attikus, Cim, mən və aşpazımız Kelpurniya qarıdan ibarətdir. We lived on the main residential street in town - Atticus, Jem and I, plus Calpurnia our cook. B) Biz şəhərin əsas küçəsindəki binada yaşayırdıq. Biz deyərkən Attikusu, qardaşım Cimi və aşpazımız Kalpurniyanı nəzərdə tuturam.
5. A) Əli kürək kimi enli və çox ağır idi. Her hand was wide as a bed slat and twice as hard. B) Əli çarpayı plankası kimi yekə, iki dəfə ondan ağır idi.
6. A) Salam özünsən. Hey yourself. B) Salam, – Cim cəld cavab verdi.
7. A) Cim saçını alnından geri çəkdi ki, ona yaxşıca tamaşa eləsin. - Jem brushed his hair back to get a better look. B) Cim alnına düşən saçını geri elədi ki, oğlana yaxşı baxsın.
8. A) Sənin adından gülməli deyil. Reycel xalam deyir ki, sənin adın Ceremi Attikus Fincdir. (Tərcüməçi bu adın niyə gülməli olduğunu snoskayla qeyd etməli idi. Finch - alacəhrə mənasını verir).
9. A) Kətan şalvar geymişdi. - He wore blue linen shorts - B) O, mavi rəngli kətan şort geymişdi.
10. A) Qarnı altında kibrit yandıraram. - Strike a match under him. - B) Onun altında kibrit yandırırsan.
11. A) Köhnə ev əvvəlki tək tutqun və qəmgin idi, ancaq birdən bizə elə gəldi ki, pəncərələrdən birində pərdə tərpəndi. - The old house was the same, droopy and sick, but as we stared down the street wethought we saw an inside shutter move. - B) Radleyin köhnə evi əvvəlki kimi miskin görkəmdə idi.
Amma biz evə baxanda bizə elə gəldi ki, evin pəncərəsini içəridən açdılar.
12. A) Sentyabrın əvvəlində Dill bizimlə xüdafizləşib Meridianına çıxıb getdi. - Dill left us early in September, to return to Meridian. - B) Sentyanrın əvvəlində Dill Meridiana qayıtdı.
13. A) Atan dərs deməyi bacarmır. - Your father does not know how to teach. - B) Sənin atan necə öyrətməyi bacarmır.
16. A) Çinar ağacının koğuşundakı evimizdə… B) İki yekə ağacın arasında tikdiyimiz taxta evdə…
17. A) Alabama ştatı mənə qrupla dərs oxutmaq niyyəti ilə çoxlu kağız, vaqon dolusu karandaş işlətdi. (Burda "xərcləmişdi” sözü işlənməli idi)
18. A) bu saat get boğazını yaxala… - You go gargle—right now, you hear me?” B) Tez ol, get ağzını yaxala! Məni eşidirsən?
19. A) Bəlkə Dill sabah gəldi. – Reckon old Dill’ll be coming home tomorrow. - B) Yəqin ki, Dill sabah gələr. (burda "gəldi” yox "gələr” işlənməli idi.)
20. A) Belə fikirləşmək olur ki, sən yanar-qaynara da inanırsan? - You act like you believe in Hot Steams. - B) Sən elə hərəkət edirsən, guya İsti buxara inanırsan.
21. A) Yanar-qaynar nədir? - What’s a Hot Steam?” asked Dill. - B) İsti buxar nə deməkdir?
22. A) Bilirsən, belə olur. Axşam yol gedirsən, ətrafda ins-cins gözə dəymir. Birdən bürkülü bir yerə gəlib çatırsan. Biri öləndə cənnətə düşmürsə, ruhu heç kəs olmayan yollarda dolaşır, adam ona rast gəlsə ölümündən sonra özü bu günə qalar, gecələr yolları dolaşar, sağ adamların şirəsini sorar. Haven’t you ever walked along a lonesome road at night and passed by a hotplace?” Jem asked Dill. "A Hot Steam’s somebody who can’t get to heaven, justwallows around on lonesome roads an‘ if you walk through him, when you dieyou’ll be one too, an’ you’ll go around at night suckin‘ people’s breath. B) Sən heç vaxt gecə bomboş küçədən keçəndə isti yerin yanından keçməmisən? – Cim Dilldən soruşdu. – İsti buxar, öləndən sonra göyə gedə bilməyən insandır, boş yollarda veyillənir. Əgər sən onun yanından keçsən, öləndən sonra sən də onun kimi olacaqsan, gecələr yollarda gəzib adamların nəfəsini soracaqsan.
23. A) A gözümün işığı, diriyəm axı, ölməmişəm, boğma məni, burax gedim, sənə mən neyləmişəm? Angel-bright, life-in-death; get off the road,
don’t suck my breath.’ B) İşıqlı mələk, ölümün içində həyat, yoldan çəkil, mənim nəfəsimi sorma!
24. A) Attikus bizi tamaşa vaxtı görəndən sonra oynamaq istəmədim, bu artıq ikinci bəhanə idi. İlk bəhanə isə təkərin içində Redleylərin həyətinə diyirlənəndə yarandı. Başımı silkələdim, ürəyim bulandı, Cimin çığırtısından qulaqlarım cingildədi, buna baxmayaraq, yavaş bir səs eşitdim, bu səs səkidən gəlmirdi. Evdə kim isə gülürdü. - Atticus’s arrival was the second reason I wanted to quit the game. The first reason happened the day I rolled into the Radley front yard. Through all the headshaking, quelling of nausea and Jem-yelling, I had heard another sound, so low Icould not have heard it from the sidewalk. Someone inside the house waslaughing. B) Mən oyundan, onsuz da çıxmaq istəyirdim. Attikusun bizi oynadığımız yerdə görməsi oyundan çıxmağıma ikinci səbəb idi. Oyundan çıxmaq istəməyimin birinci səbəbi bir gün əvvəl təkərlə diyirlənə-diyirlənə Radleygilin həyətinə düşməyimdi. Belə ki, mən təkərlə diyirlənib onların həyətinə düşəndə yalnız başım gicəllənmədi, yalnız ürəyim bulanmadı, həm də başqa səs eşitdim, səs elə zəif idi ki, səkidə olsaydım, o səsi eşitməzdim. Evin içində kimsə gülürdü.
25. A) bağayarpağı - nut grass – B) qumotu. Yaxud cil.
26. A) böyük barmaq – thumb. - B) baş barmaq.
27. A) taxma protez. B) protez.
28. A) muzdumuzu alırdıq. B) mükafatımızı alırdıq.
29. A) buxarı borusuna. B) tüstü bacası.
30. A) Hmm… B) Sus-sus.
31. A) pəncərə içində, öz evində çiçək yetirdi.
32. A) Bilirsən, bir dəfə bazar axşamı onlar meşədən şəhərə gəldilər, mənə qışqırdılar, güllərimlə birbaşa cəhənnəmə gedəcəm. Did you know some of ‘em came out of the woods one Saturday and passed by this place and told me me and my flowers were going to hell?”
33. A) nə kimi sirli işlər baş verdiyinə hardan bələd olaq. - What happens in houses behind closed doors. B) Evlərin bağlı qapıları arxasında nə baş verdiyini heç kim bilmir.
34. A) o ölür? İs that tree dying? B) O ağac quruyur?
35. A) Cim həyətin dalına qaçdı, toxanı götürüb odun qalağının dalnda tələsik yer qazmağa başladı, qurdların hamısını bir qırağa yığıdı. - Jem ran to the back yard, produced the garden hoe and began digging quickly behind the woodpile, placing any worms he found to one side. B) Cim mənə tapşırıq verdi, özü isə evin arxasına gedib bağ toxasını gətirdi, odun qalağının arxasını qazmağa başladı və yerdən çıxartdığı soxulcanları bir tərəfə qoydu.
36. A) Attikus çimmək xalatımı və paltomu mənə uzatdı. Atticus was holding out my bathrobe and coat. ¬B) Attikus əlində mənim hamam xalatımı və paltomu tutmuşdu.
37. A) Roza Eylmer əminin pişiyi idi. - Rose Aylmer was Uncle Jack’s cat.- B) Roza Aylmer Cek əmimin pişiyi idi.
38. A) Uzun bağlamaları yükdaşıyan Cek əmiyə verəndə soruşdum: Bu nədir? - Nə borcuna? What’s in those packages?” I asked him, pointing to the long thin parcels the porter had given him. - B) Yükdaşıyan iki bağlamanı gətirəndə mən uzun, nazik bağlamaya işarə edib Cek əmimdən soruşdum: - O bağlamadakılar nədir? - Sənə dəxli yoxdur, – o dedi.
39. A) Biz beş şahıllıqlarımızı götürüb... B) beşpenslik...
40. A) Ona gənəgərçək yağı içirtmişdi. Perhaps she had given him a dose of calomel. B) Çox güman ki, missis Duboze ona cüzi dozada kalomel vermişdi.
41. A) "qaraları əzizləmək" nə deməkdir?” what exactly is a nigger-lover? B) Zənci-sevən" nə deməkdir?
42. A) morfi düşkünü idi. - was a morphine addict .B) morfi istifadəçisi idi.
43. A) əsl igidliklə rastlaşasan. I wanted you to see what real courage is- B) İstədim sən əsl cəsarətin nə olduğunu hiss edəsən.
44. A) mən yatmağa gedənə o oturub kameliyanın geniş açmış ləçəklərinə ehtiyatla toxunurdu. He picked up the camellia,and when I went off to bed I saw him fingering the wide petals. B) Mən otağıma girəndə gördüm ki, o, barmaqlarını kameliyanın enli ləçəklərinə toxundurur.
45. A) O, bir ayağını irəli uzatmış, sol əlini belinə vurmuşdu, yuxarı qaldırdığı ovcunu bizə tərəf uzatmışdı. Onun xiyar kimi uzunsov başı, qəribə badamı gözləri, düz burnu və aydın nəzərə çarpan ağzı var idi. O mənə nəhəng göründü. Her weight was on one leg; she rested her left elbow in the curve of her hip, pointing at us with upturned palm. She was bullet-headed with strange almond-shaped eyes, straight nose, andan Indian-bow mouth. She seemed seven feet high. B) O, bədəninin ağırlığını sol ayağına salmışdı, sol əlini belinə qoyub, o biri əlini bizə uzatmışdı. Başı güllə formasında, gözləri badam formasında idi, sivri burnu vardı, ağzı hind yayına oxşayırdı. O, iki metrdən hündür görünürdü.
46. A) Qorxma, – ancaq şlyapasının qızıl gülləri hirslə tərpəndi. "Don’t you fret,” Calpurnia whispered to me, but the roses on her hat trembled indignantly. B) Narahat olma,– Kalpurniya mənə pıçıldadı, amma açıqca görürdüm ki, şlyapasındakı qızılgül titrəyir.
47. A) Müqəddəs Sayks ona xəbərdarlıq edib ki, camaat yanında kafedradan təqsirini üzünə deyəcək. She’s contentious because Reverend Sykes threatened to church her. B) Keşiş Sayks onu kilsənin konqreqasiyasından çıxartmaqla hədələyib, ona görə də o, bir az hirslidir.
48. A) Özünüzlə tikiş gətirin. Bring your sewing. B) Tikiş üçün lazım olan şeyləri götürərsiniz.
49. A) ...pambıq plantasiyalarında işləyən zənci qadınlar. B) Tarlalarda, plantasiyalarda işləyən zəncilər.
50. A) Peysərini qaşıma görək. Stop scratching your head! B) Başını az qaşı!
P. S. İki kitabı müqayisə etmək üçün gərək hər iki kitabı oxuyub qeydlər götürəydim. Vaxt azlığından mən yalnız bir neçə fəsli oxuyub bəzi ifadə və cümlələrin tərcüməsini müqayisə etdim.
Şərhlər