Aqşin YENİSEY
Sənət 12:00 03.06.2021

Sov.İKP MK-dan qalan GMO mədəniyyət

Sənətin daşla başlayıb (qayaüstü yazılar), daşla bitməsi (heykəltaraşlıq) onu daha çox yaddaş faktı kimi şərh etməyimizə yol açır. Onun etik, estetik funksionallığı kağızın kəşfindən sonra başlayır. 

Kağızdan əvvəl sənət yaddaşın qulluqçusu idi.  

Sənətlə ehtiyatlı davranışın kökləri də onun yaddaşa çevrilə bilmə ehtimalnın doğurduğu qorxudur; "görəsən, o nəyi yaddaşa çevirəcək?” Və bu ehtimalı bəri başdan yox etmək cəhdlərinin tarixi çox qədimdir, məsələn, biz müsəlmanların müqəddəs kitabı "Quran” buyurur: "Şairlərə ancaq azğınlar uyar” (Şüəra surəsi 224). Bu surə təkcə şairləri və onların yaradıcılığını deyil, oxucularını da hədəfə alır. Halbuki Qumilyovun araşdırmalarına görə, Quranın avazı ilk dəfə özündən sonra yox, özündən əvvəl V əsr ərəb poeziyasında eşidilmişdi.

Antik Yunan mifologiyasında sənətin mənbəyi hesab olunan ilahə Mnemosyn yaddaşın rəmzi idi və təsadüfi deyil ki, sənətin ilham pəriləri olan Muzalar məhz Mnemosynin, yəni yaddaşın qızları idi.

Demək ki, şairin ilham mənbəyi yaddaşdır. Qədim yunanlar düşünürdülər ki, sənət insanların yaddaşlarını qorumalı və yeniləməlidir. Modern çağdan öncə sənət, ümumiyyətlə, tarixi yaddaşa və etikaya xidmət edirdi, dinin, siyasətin, əxlaqın davamı kimi əvvəlcə yuxarıların zövqünü oxşamalı idi. İbrətamiz olmağa məhkum idi. Bu dövrdə sənət adamları azadlığa yox, saraylara can atırdılar. Sənət əsərinin dəyəri əvvəlcə sarayda təsdiq olunmalı idi. Əsərin və müəllifin azadlığı sarayın zövqü ilə sərhədlənmişdi. Bu sərhədi pozanın dərisini soyurdular.    

Dörd yüz il əvvəl modernist "partizanlar” vəziyyəti dəyişdilər. Sənətin saraydan qaçıb "pis əməllərə” qurşanmasına şərait yaratdılar. Sənət sarayda əxlaqın və tarixin xidmətçisi olmaqdan imtina etdi. Kralı tərifləyib yaddaşlara həkk etmək əvəzinə, onu məsxərəyə qoyub diri-diri tarixdən silməklə hədələdi.
Modern çağda sənət sarayın himayəsi ilə yanaşı, özünün əzəli prinsiplərindən də imtina etdi. Eramızdan əvvəl V-IV əsrlərdə yaşadığı ehtimal olunan Zərdüşt peyğəmbərin "dediklərindən” ilhamlansa da, Nitsşe sənətin, fəlsəfənin yaddaşa xidmətini "Yaxşı olmaq üçün xatırlamaq yox, unutmaq lazımdır” deyərək qədim bir tabunu inkar etdi. Sənət yaddaşın, tarixin, xalqın ögeyinə, bəzi hallarda düşməninə çevrildi. Modern çağda onun bircə dostu vardı – fərd: Knulplar, Uilrixlər, Zamzalar və s. Yəni böyük tarixi hadisələrin mərkəzində qurban kimi dayanmış köməksiz fərdlər. Tarixdən qopmuş insan. Din onu əvvəlki kimi itaətə çağırırdı, siyasət onu özünün keçmiş əsgəri hesab edirdi, kütlə isə onu ögey oğlu sanır, lənətləmək, hətta linç etmək üçün fürsət axtarırdı. 
O, bir şeytan idi və öz taleyini tarixə qarşı qoymuşdu. Sənət onun şeytaniliyinin heyranına çevrilmişdi, çünki bu şeytanilikdə tarixin heç bir dövründə görünməmiş bir azadlıq işığı vardı. Beləliklə, sənət tarixin və yaddaşın deyil, fərdin taleyinin arxivinə çevrildi. O, artıq sarayın zövqü, xalqın yaddaşı ilə deyil, fərdin azadlığı ilə maraqlanmağa, onun azadlığını tərənnüm etməyə başladı.

Və tarixdə ilk dəfə müəlliflərdən daha çox, sənət əsərləri "həbs qəti-imkan tədbiri” ilə üzləşməyə başladılar. 

Hətta modern dövlətlərdə də modernizm təqib olundu. "Modern Roma” deyə biləcəyimiz keçmiş SSRİ-də hökumət artıq bayağılaşmış  "realizmdən imtina edən” modern abstrakt rəssamlara "müharibə elan etmişdi” və bu "müharibəni” 1962-ci ildə Moskvada bir sərgidə Eliy Belyutin, Boris Jutovski, Leonid Rabiçev, Vladimir Yankilevski kimi abstraktsionist rəssamların analarını söyüb, ölkədən qovacağı, ən yaxşı halda hökumətdən bir qəpik də pul almayacaqları ilə hədələyən "dahi rəhbər” Xruşşov başlatmışdı. 

Yaxud 2013-cü ildə ABŞ-da uşaqlara söyüşü, casusluğu, yalan danışmağı aşıladığı üçün yazıçı Luiza Fitsxyunun "Casus Harriet” romanı qadağan olundu. Bundan başqa, "Qrim nağılları” kitabı, Con Steynbekin "Qəzəb salxımları”, Cek Londonun "Vəhşətin çağırışı”, yəhudi qızı Anna Frankın "Gündəliy”i və s. kitablar da müxtəlif səbəblərlə müxtəlif illərdə bu ölkədə "həbsə atıldı”.

Qadağalar rəsm, ədəbiyyat əsərləri ilə bitmədi, bu modern təftişdən musiqi əsərləri də öz payını aldı. Məsələn, Argentinada hakimiyyətdə olan və hakimiyyət illərində 30 minə yaxın insanı solçu-kommunist iddiası ilə aradan götürən general Xorxe Rafael Videla dövrün məşhur rok qrupu "Pink Floid”i dinləməyi öz ölkəsində qadağan etmişdi. 

Modern sənət əsərləri dövlətlərin ideoloji varlığnı təhdid edirdi. Həm də ideoloji fərqlərinə baxmadan. Məsələn, kosmopolit, qlobalist amerikalılar hesab edirdilər ki, Cek Londonun "Vəhşətin çağırışı” romanı sosializm ideyalarını təbliğ etdiyi üçün ABŞ-ın dövlət mənafeyinə ziddir, eyni əsəri vaxtilə alman millətçiləri də eyni təhlükə qorxusu ilə toplayıb yandırmışdılar. Yəni bu kitaba okeanın nə o tayında, nə bu tayında yer var idi, baxmayaraq ki, onu təqib etməkdə iki dost kimi davranan ABŞ və Almaniya az əvvəl iki düşmən dövlət kimi döyüşmüşdülər.  

Nədir bu təqibin səbəbi? Siyasi ideologiyaların istəyi mədəniyyəti tarixlə eyniləşdirməkdir. Ancaq tarix özü sübut edir ki, yaşayan mədəniyyətlər onu yamsılamayanlardır. Çünki tarix insan kimi, ot kimi öləridir, əbədi olan mədəniyyətdir.  

Topal Teymurun nəhəng imperiyası niyə ölümündən bir necə il sonra dağıldı? Çünki Teymur öz tarixini mədəniyyətin yerinə qoymuşdu. Halbuki sultanını əsir etdiyi Osmanlı mədəniyyəti bu gün də yaşayır və dünyaya hökm edir. Şah İsmayıl Xətai də, haradasa, Teymur kimi düşünürdü, mədəniyyəti dini-siyasi ideologiya ilə əvəzlədiyinə görə tab gətirmədi. Stalin də mədəniyyəti özünə oxşatmışdı və bu gün əsərləri özlərindən qabaq dünyasını dəyişmiş sovet sənət adamları quru mədəniyyət səhnəsini şöhrət müqəvvaları kimi tərk edirlər.  

Çünki adını çəkdiyim tarixi şəxsiyyətlərin heç biri mədəniyyəti iqtisadi güc faktı kimi dəyərləndirə bilmirdilər. Onlar üçün mədəniyyət siyasətin bir uzantısı idi. Və nəticəsi ağır oldu.

Bu gün biz Sov.İKP MK-nın yüz il əvvəl qəbul etdiyi qərarların nəticəsində yaradılmış süni bir mədəni platformanın üstündə dayanmışıq. Eynən fırtınalı dənizin ortasında mühəndislərin qurduğu bir neft platforması kimi. Ona görə yox ki, biz bu Sov.İKP MK dəyərlərini sevirik, ona görə ki, yeni dəyərlər yaratmaq üçün mənəvi-intellektual potensialımız yoxdur. Bu yoxluğun səbəbi də elə Sov.İKP MK qərarları ilə yaradılan süni mədəniyyətdən gəlməyimizdir. Müasir texnoloji dillə desək, GMO mədəniyyətindən, yəni geni modifikasiya olunmuş mədəniyyətdən. Oxumuş adamlar bilirlər ki, geni dəyişdirilmiş toxumlar məhsuldarlığa hesablandığı üçün yalnız bir dəfə məhsul verirlər, onlardan əmələ gələn toxum qısır olur. Bax, sovet mədəniyyəti də buna görə qısır oldu. Ona görə də bu gün 22,5 milyon kvadrat kilometr bir ərazidə (keçmiş SSRİ-nin ərazisi) bir mədəniyyət səhrası uzanıb gedir.