Xəbər lenti

Soyuq müharibənin super silahı, yoxsa qalığı? - B-2 haqqında 7 mif
Dünya 15:45 20.11.2025

Soyuq müharibənin super silahı, yoxsa qalığı? - B-2 haqqında 7 mif

B-2 Spirit bombardmançısı artıq otuz ildən çoxdur ki, dünyanın ən sirli və ən çox müzakirə olunan təyyarəsi olaraq qalır. Eyni zamanda onun haqqında ən çox yanlış təsəvvür və açıq-aşkar miflər yayılıb. 

Qaynarinfo xəbər verir ki, "WIONews" nəşri bu təyyarə barədə ən geniş yayılmış 7 yanlış təsəvvürü toplayıb.

1-ci mif: B-2 radarlar üçün tamamilə görünməzdir

Reallıq: Təyyarə həqiqətən yüksək səviyyəli antiradar texnologiyalarına malikdir, lakin B-2 radarlarda tamamilə "yox olmur”. Müasir radarlar onu müəyyən edə bilir, lakin hava hücumundan müdafiə vasitələrinin dəqiq yönləndirilməsi artıq çətinlik yaradır.

2-ci mif: B-2 minlərlə kilometr məsafəyə döyüş uçuşlarını tam müstəqil həyata keçirə bilər

Reallıq: Heç bir strateji bombardmançı "təkbaşına” uçmur. B-2 qitələrarası tapşırıqlarda yanacaqdaşıyan təyyarələrdən kritik dərəcədə asılıdır. Bundan başqa, o mürəkkəb müşayiət şəbəkəsində fəaliyyət göstərir: radioelektron mübarizə təyyarələri, kəşfiyyat vasitələri, peyklər, AWACS. B-2-nin müstəqilliyi təkliyi deyil, qatı hava hücumundan müdafiə sistemlərinə qırıcı müşayiəti olmadan nüfuz edə bilməsidir.

3-cü mif: Stels örtüyü o qədər kövrəkdir ki, təyyarələr daim angarlarda saxlanılır və nadir hallarda uçur

Reallıq: Bəli, radiodalğanı udan örtük xüsusi nəmlik və temperatur şəraiti tələb edir, müntəzəm bərpa işləri aparılır. Amma bu, təyyarəni "şüşə kimi zəif” etmir. B-2 müntəzəm olaraq təlim uçuşları yerinə yetirir və hərbi təlimlərdə iştirak edir. Sadəcə onun istismarı adi təyyarələrlə müqayisədə daha bahalıdır.

4-cü mif: B-2 yalnız nüvə zərbələri endirmək üçün nəzərdə tutulub

Reallıq: Başlanğıcda diqqət nüvə caydırıcılığına yönəlsə də, 1990-cı illərin ortalarından etibarən B-2 adi münaqişələrdə klassik bombardmançı kimi fəal şəkildə tətbiq olunur. Son nümunə – bu ilin iyununda İrana endirilən zərbədir.

5-ci mif: B-2 Soyuq müharibə dövründən bəri modernləşdirilməyib, bu 1980-ci illərin texnikasıdır

Reallıq: B-2 ABŞ Hərbi Hava Qüvvələrinin digər hava parkı kimi bütün zəruri yenilənmələri alıb. Təyyarə müasir radarlarla, bort kompüterləri ilə, atəşə nəzarət sistemləri ilə təchiz olunub.

6-cı mif: B-2 artıq mənəvi cəhətdən köhnəlib və onun əvəzedicisi tam hazırdır

Reallıq: Pentaqon həqiqətən B-2 üçün "əvəzedici” alacaq. Ancaq yeni B-21 ən tez 2020-ci illərin sonu – 2030-cu illərin əvvəllərində istifadəyə veriləcək. Üstəlik, B-21-in B-2-ni tam əvəz etməsi üçün xeyli vaxt lazım olacaq.

7-ci mif: B-2-nin yeganə güclü tərəfi radarlar üçün görünməzliyidir

Reallıq: Stels texnologiyası təyyarənin əsas üstünlüklərindən biri olsa da, tək üstünlük deyil. Bu bombardmançı bir yanacaqla uçuş məsafəsi, döyüş yükü, o cümlədən "GBU-57” kimi ağır bombaları daşımaq qabiliyyəti, yüksək avtomatlaşdırılmış bort sistemləri ilə də fərqlənir.

B-2 Spirit bombardmançılarının İrana reydi

İyunun sonunda İsrail və ABŞ İranın nüvə proqramını məhv etmək məqsədilə genişmiqyaslı hava zərbələri kampaniyası həyata keçirib. Bu zaman Amerika stels bombardmançılarını tətbiq edib.

Pentaqonun məlumatına görə, yeddi B-2 bombardmançısı Missuriyadakı bazadan havaya qalxaraq təxminən 18 saatlıq uçuşla İrana çatıb. Onlar Forudo və Nətənz şəhərlərindəki İran nüvə obyektlərinə ondan çox ağır "Massive Ordnance Penetrator” bombası atıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->