Ölkə 17:11 27.05.2020

“Space”in baş prodüseri: “Tahir İmanov sevmirsə, biz ona neynəyək?”

"Xalq "Sevimli mahnı” verilişini sevir”.

Bunu Qaynarinfo-ya açıqlamasında "Space” telekanalının baş prodüseri Kamil Şahverdiyev Əməkdar artist, "Planet Parni iz Baku” komandasının üzvü Tahir İmanovun kanalın verilişləri ilə bağlı tənqidi fikirlərinə cavabında deyib.

Onun sözlərinə görə, Tahir İmanovun tənqid etdiyi "Sevimli mahnı” populyar bir verilişdir:

"Bu, Tahir İmanovun fikridir, mən ona neynim? Məni niyə? Verilişlərin müəllifləri və bundan əlavə "Space” kanalının ümumi siyasəti var. Həmin siyasətlə də kanal öz işinə davam edir. "Sevimli mahnı” çox populyar verilişdir və xalq onu sevir. Tahir İmanov sevmirsə, biz ona neynəyək?” 

Qeyd edək ki, "Planet Parni iz Baku” komandasının üzvü, Əməkdar artist Tahir İmanov "Space” telekanalını sərt tənqid edib. "Sevimli mahnı” verilişi və telekanalda yayımlanan digər proqramlarda bayağı ifaçıların musiqiləri səsləndirilir. Bu, Azərbaycan muğamı, musiqisi, ritmi deyil. Fikirləşdiyiniz 6/8 ritmi deyil. Rəşid Behbudovun həmin ritmdə necə mahnılar oxuduğunu xatırlayın”, - deyə T.İmanov bildirib.

Bahar Rüstəmli