Ölkə 18:55 22.10.2021

Spikerin köməkçisindən generala qədər yüksələn məmur

Qaynarinfo lent.az-a istinadən Baş Prokurorluğun mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sultanovla bağlı maraqlı faktları təqdim edir:

Eldar Sultanov 1963-cü il martın 16-da Gürcüstanın Marneuli rayonunda anadan olub. 1969-1979-cu illərdə orta təhsil alıb. Daha sonra ali təhsil alaraq iki ixtisasa sahib olub. Belə ki, E. Sultanov Azərbaycan Aqrar Universitetinin (keçmiş: Kənd Təsərrüfatı Akademiyası) iqtisadiyyat və Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 1983-cü ildən dövlət qulluğunda çalışan E.Sultanov 2001-2006-cı illərdə Azərbaycan Milli Məclisi sədrinin köməkçisi, 2007-ci ildən prokurorluq orqanlarında - Baş Prokurorluğun Təşkilat Analitik İdarəsinin prokuroru vəzifəsində xidmətə başlayıb.

E.Sultanov 2008-ci ildən Baş Prokurorluğun Mətbuat xidmətinə rəhbərlik edib. Bu müddət ərzində o, Kütləvi İnformasiya Vasitələri ilə qarşılıqlı münasibətlərin daha da yaxşılaşmasına və yüksək əməkdaşlığa nail ola bilib.

E.Sultanov 2020-ci ildə Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri vəzifəsindən azad edilib. Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrə əsasən, uzun illər Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri işləmiş Eldar Sultanov tutduğu vəzifədən azad edilərək Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin bu ilin sentyabrında imzaladığı Sərəncamla Eldar Sultanova III dərəcəli dövlət ədliyyə müşaviri (general-mayor) ali xüsusi rütbəsi verilib. 

E.Sultanov xidməti vəzifəsini yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 31 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.