Azərbaycanın aparıcı idman saytlarından biri olan Sport7.Az tərtibatını yeniləyib.
Özəl xəbər, araşdırma və layihələrin bol olduğu Sport7.Az saytının yeni tərtibatında materiallar daha da əlçatan olub.
Müasir trendlərə uyğun tərtib edilmiş saytın yeni dizaynında bir çox əlavə funksiyalar da yer alıb.
Belə ki, Azərbaycanda ilk dəfə saytda blog funksiyası yaradılıb. Artıq 10-a yaxın bloggerin saytın nəzdində fərdi blogu fəaliyyət göstərir və onlar idmanla bağlı blog yazıları ilə çıxış edirlər.
Arzu edən istənilən şəxs saytın mövzularına uyğun blog sahibi olmaq üçün, saytla əlaqə yarada bilər.
Qeyd edək ki, Sport7.Az "Qaynar-Media" qrupuna daxildir və Azərbaycanda idmanın bütün sahələrini əhatə edən əsas idman portalıdır.
"Qaynar-Media" qrupunun rəhbəri Zahir Əzəmətin verdiyi açıqlamaya görə, Sport7.az-da etdikləri dəyişiliklər media qrupununa daxil olan saytlarda ediləcək köklü yeniliklərin tərkib hissəsidir:
"İnternet mediada hər keçən gün trendlər dəyişir, yeni texnologiyaların tətbiqinə ehtiyac yaranır. İlk dəyişilikləri Sport7.Az-dan başladıq. Yeni konsepsiyanı öncə burada sınaqdan keçiririk. Daha sonra bir çox saytlarımız, o cümlədən Qaynarinfo.az portalı da vahid konsepsiyaya uyğunlaşdırılacaq. Əsas hədəfimiz "Qaynar-Media"nın vahid orqanizm kimi nəzərə çarpması, böyüməsi və müstəqilliyini artırmasıdır. Tezliklə əksər saytlarımız vahid tərtibat və konsepsiyaya tabe olacaq, saytların strukturu və kollektivi də bu tələblər əsasında yenidən formalaşdırılacaq. Önəmli yeniliklərdən biri də saytlarımızın reklamsız versiyası ilə bağlı təklifimiz olacaq. Bir çox oxucular tez-tez reklamların çoxluğundan və xəbərləri oxumaqda çətinlik çəkməklərindən şikayət edir. Digər tərəfdən reklamlar olmasa, saytlar yaşaya, ayaqda qala bilməz. Bu halda biz arzu edən oxuculara aylıq və ya illik olmaqla simvolik məbləğdə müəyyən ödəniş etməklə, saytı reklamsız versiyada oxumağı təklif edəcəyik. Üstəlik, bu oxucular pulsuz versiya ilə müqayisədə daha çox özəl xəbər və material oxumaq imkanı qazanacaqlar. Nəzərdə tutulan yeniliklər çoxdur, ilin sonuna qədər onların bir çoxunu tətbiq edəcəyik".
Qeyd edək ki, Sport7.Az 5 il öncə təsis edilib.
Şərhlər