Aprel ayının 24-də Milli Fikir Mərkəzinin (MFM) təşkilatçılığı ilə rus yazıçı Qriqori Petrovun “Bəyaz zanbaqlar ölkəsində” kitabının təqdimatı keçirilib.
Mərkəzin mətbuat xidmətindən Etatist.com-a daxil olan məlumata görə, “Bəyaz zanbaqlar ölkəsində” Milli Fikir Mərkəzi və “Kitabıstan” yayınlarının ilk kitabıdır.Yazıçı əsərdə ilk öncə İsveçin, sonra isə Rusiya İmperiyasının əsarətində olan Finlandiyada ziyalılarının başladığı aydınlanma hərəkatından, ölkənin inkişafından bəhs edir.
Təqdimat mərasimini giriş sözü ilə “Kitabıstan”ın koordinatoru, yazar Nicat Həşimzadə açıb. O, kitab haqqında qısa fikirlərini bildirib:
“Təəssüflər olsun ki, Azərbaycan gəncliyi Kamyunun “İnsanlar ölür və xoşbəxt deyillər” fikrini öz həyat məqsədlərinə çeviriblər. Onlar nihilizmə qapılırlar. Biz onları xilas etməliyik. Bu kitab əzilməkdə, batmaqda olan bir xalqın inkişaf yollarını göstərir.
Mənim üçün ən maraqlı gələn obrazlardan biri Keşiş Luka McDonald idi. O, öz dövrünün din adamlarına qarşı çıxır və bildirir ki, dində islahatlar olmalıdır. Bu, bizdə də vacib məsələdir. Bu kitab insana çıxış yolu göstərir”.
Daha sonra Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadəyə söz verildi. O, bu kitabın Milli Fikir Mərkəzinin yaranma amalını izah etdiyini bildirdi:
“Bu kitab bir xalqın ziyalılarının əl-ələ verərək ölkələrini və xalqlarını bataqlıqdan çıxardığını göstərir. Bir xalqı onun aydın düşüncəli insanları, ziyalıları xilas edə bilər. Finlandiyada sahibkarlar da öz xalqı üçün çalışan ziyalılara dəstək verirdi. Beləcə çöküşə sürüklənən bir ölkə indi bizim adını ilklərdə eşitdiyimiz dövlətə çevrilib.
"Bəyaz zanbaqlar ölkəsində” həm də Milli Fikir Mərkəzinin yaranma amalını göstərir. Bizim başlıca məqsədimiz gənclərimizin oxuması və öyrənməsidir”.
Kitabın təqdimatında iştirak edən digər qonaqlara da söz verildi. Keçmiş daxili işlər naziri İsgəndər Həmidov Finlandiya-SSRİ müharibəsi haqda danışdı və bildirdi ki, 2 milyon əhalisi olan ölkə 1 il SSRİ ilə müharibə apardı:
“Bunların hamısı vaxtında başladılmış və müsbət nəticələnən aydınlanma hərəkatının nəticəsidir”.
Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı belə tərcümələrin Azərbaycan gəncliyi üçün müsbət nümunə olduğunu bildirdib.
Milliyətçi Gənclər Təşkilatının idarə heyətinin üzvü Müşviq Vəliyev kitab haqqında müəyyən qədər məlumatı olduğunu deyib:
“Bu kitab SSRİ-də qadağan olunub. İndi də Azərbaycanda sovet təfəkkürlü insanlar yaşayır. Bu kitabın tərcüməsi intellektual kəsimin onlarla mübarizə aparması üçün müsbət addımdır”.
Mətbuat Şurasının üzvü, jurnalist Azər Həsrət bildirdi ki, gənclərin kitab tərcümə etməsi, təbliğat aparması cəmiyyətin inkişafı üçün müsbət addımdır:“Mən həmişə demişəm ki, insan yazmalıdır, ona təsir edən kitabların tərcüməsi, digər insanların da bu kitabı oxuması üçün çalışmalıdır”.
D18 Hərəkatının sədri Ruslan İzzətli söz alaraq cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün atılan addımları alqışladığını deyib.
Kitabın təqdimatında media nümayəndələri, yazarlar, müxtəlif təşkilatlardan olan və müstəqil gənclər iştirak edib.
Qeyd edək ki, Qriqoriy Petrovun “Bəyaz zanbaqlar ölkəsində” əsəri bir çox ölkədə ən çox oxunan kitablar siyahısına düşüb. Bundan başqa Atatürk bu kitabı türk dilinə tərcümə etdirərək hərbi məktəb və akademiyaların tədris planına salınması üçün göstəriş verib.
Kitabı ilk dəfə Azərbaycan dilinə Milli Fikir Mərkəzi tərcümə edib.
Şərhlər