İdman 12:25 04.12.2021

Stadionlarına buraxılacaq azarkeşlərin sayı məhdudlaşdırılır

Almaniya Bundesliqasında mübarizə aparan "Bavariya" Bavariya hökumətinin qərarına əsasən, ilin sonuna qədər matçları tamaşaçısız keçirəcəyini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə alman klubu açıqlama verib. Bavariya əyalətinin hökumətinin COVİD-19 pandemiyasının yayılmasının qarşısını almaq üçün federal səviyyədə görülən tədbirləri sərtləşdirməyə qərar verdiyi və buna uyğun olaraq tamaşaçıların tribunaları buraxılmayacağı bildirilib. Bavariya əyalətində ilin sonuna qədər geniş miqyaslı idman tədbirləri də keçirilməyəcək.

Açıqlamada "Bavariya”nın Çempionlar Liqasında dekabrın 8-də "Allianz Arena”da "Barselona” ilə, dekabrın 11-də və 17-də isə Bundesliqada "Maynts 05” və "Volfsburq”la keçirəcəyi matçlarda tribunaların boş qalacağı qeyd edilib. Bundesliqada mübarizə aparan digər Bavariya əyaləti klublarından "Auqsburq"un verdiyi açıqlamada sabah "Bohum"la oynanılacaq oyunun tamaşaçısız keçiriləcəyi bildirilib.

Ştutqart, Frayburq və Hoffenhaym şəhərlərinin yerləşdiyi Baden-Vürtemberq əyalətində klublar ilin sonuna qədər ev matçlarında maksimum 750 tamaşaçı qəbul edə biləcək. Şimali Reyn-Vestfalayada federal hökumətlə ştatlar arasında əldə olunan razılaşma təkbətək həyata keçiriləcək.

Müvafiq olaraq, idman, mədəniyyət və bu kimi irimiqyaslı tədbirlərə məhdudiyyətlər qoyulacaq. Məkan tutumunun maksimum 50 faizi istifadə ediləcək. Tədbirlərdə iştirak edənlərin sayı qapalı məkanda 5, açıq havada isə 15 min nəfərlə məhdudlaşdırılacaq.

Buna görə də sabah keçiriləcək "Borussiya Dortmund" - "Bavariya" matçına maksimum 15 min azarkeş cəlb olunacaq.

Bremen, Berlin, Aşağı Saksoniya və Hamburq əyalətlərində federal hökumətlə ştatlar arasında qərar gələn həftədən qüvvəyə minəcək.

Səbuhi Həsənov