Xəbər lenti

Startapçılar civədən qızıl hazırlamağın yolunu tapdıqlarını iddia edirlər
Texnologiya 18:58 25.07.2025

Startapçılar civədən qızıl hazırlamağın yolunu tapdıqlarını iddia edirlər

Tərsmoayenerji sahəsində fəaliyyət göstərən bir startap civəni qızıla çevirməyin yeni üsulunu tapdığını bəyan edib.

Qaynarinfo xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, San-Fransiskoda yerləşən "Marathon Fusion" adlı startap minilliklərdir insanları düşündürən metalların qızıla çevrilməsi problemini həll etdiyini açıqlayıb. Şirkət bildirir ki, civədən qızıl əldə etmək mümkündür.

"Marathon Fusion" termonüvə sintezindən enerji istehsalında istifadə edən bir şirkətdir. Keçən həftə şirkət bir elmi məqalə dərc edib. Məqalədə qeyd olunur ki, termonüvə reaksiyaları zamanı yaranan neytronlardan istifadə edərək nüvə transmutasiyası vasitəsilə qızıl istehsal etmək olar.

Məqalə hələ rəy üçün təqdim olunmayıb, lakin bu sahənin bəzi ekspertlərindən müsbət rəylər alıb. ABŞ Energetika Nazirliyinin Prinston Milli Laboratoriyasının plazma fizikası üzrə mütəxəssisi doktor Əhməd Diallo "Financial Times"a bildirib: "Kağız üzərində bu çox ümidvericidir və danışdığım hər kəs bu ideyadan təsirlənib və maraqlanıb".

"Marathon Fusion" 2023-cü ildə yaradılıb. Şirkətdə cəmi 12 mühəndis çalışır. Məqsəd termonüvə elektrik stansiyalarının tikintisi ilə bağlı texniki problemlərin həllidir. Bu ilin əvvəlindən etibarən nüvə transmutasiyası imkanlarını araşdırmağa başlayıb. Startap ABŞ hökumətindən 4 milyon dollar qrant və əlavə olaraq 5,9 milyon dollar investisiya cəlb edib.

Məqalədə xatırladılır ki, alimlər daha əvvəl hissəcik sürətləndiricilərindən istifadə edərək qızıl sintez etməyə nail olublar. Bu ilin əvvəlində Avropanın "Cern" təşkilatının fizikləri Böyük Adron Toqquşdurucusunda sürətli toqquşmalar zamanı qurğuşun atomlarının qızıla çevrildiyini müşahidə etdiklərini bildirmişdilər. Lakin alınan qızılın miqdarı olduqca az, xərclər isə olduqca yüksək olmuşdu.

"Marathon" şirkətinin təklifi civənin 198-ci izotopunu sürətləndiriciyə daxil edib, onu yüksək enerjili neytronlarla 197-ci civə izotopuna çevirməkdir. 197-ci civə qeyri-sabit izotopdur və təxminən 64 saat ərzində 197-ci qızıl izotopuna çevrilir. Bu isə qızılın yeganə sabit izotopudur.

Şirkət iddia edir ki, bu yanaşma ilə çalışan gələcək termonüvə elektrik stansiyaları hər bir gigavat elektrik enerjisi istehsalına görə ildə 5000 kiloqram qızıl istehsal edə bilər. Bu, nə stansiyanın gücünü, nə də tritium çoxaltma qabiliyyətini azaldacaq. Mövcud bazar qiymətlərinə əsasən, bu qədər qızılın dəyəri istehsal olunan enerjinin dəyərinə bərabər olacaq və bu, elektrik stansiyasının gəlirini ikiqat artıra bilər.

Şirkətin texniki direktoru, daha əvvəl "SpaceX"də çalışmış Adam Rutkovski deyir: "Əsas ideya ondan ibarətdir ki, sistemin yanacaq dövriyyəsi tələblərinə cavab verərkən eyni zamanda həqiqətən böyük miqdarda qızıl istehsal etmək mümkündür".

Lakin bəzi çətinliklər də var. Məsələn, civənin digər izotoplarının mövcudluğu qeyri-sabit qızıl izotoplarının yaranmasına səbəb ola bilər. Bu isə istehsal olunan qızılın müəyyən dərəcədə radioaktiv olacağı deməkdir. Rutkovskinin hesablamalarına görə, bu qızılın tam təhlükəsiz sayılması üçün 14-18 il saxlanması tələb olunur.

Şirkət bu prosesi digər qiymətli metalların istehsalı üçün də istifadə etməyi planlaşdırır. Lakin "Marathon" proqnozlaşdırır ki, qızıl bazarının həcmi bu şəkildə istehsal olunan məhsulun qiymətə təsir etmədən mənimsənilməsinə imkan verəcək. Hazırda dünyada ildə təxminən 3500 ton qızıl hasil olunur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->